Sofiyada “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda fotosərgi və “dəyirmi masa” təşkil olunub

Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda fotosərgi və “dəyirmi masa” təşkil olunub.

Sərgidə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin təmsilçiləri, Bolqarıstan Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, Xalq Məclisinin, Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun, Bolqarıstan Elmlər Akademiyasının üzvləri, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin müəllim və tələbə heyəti, jurnalistlər, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları iştirak ediblər.

Sərginin açılışında Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru Anastas Qerdjikov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Deyana Danailova və Elmlər Akademiyasının mədəni-tarixi irs və milli identiklik istiqamətinin elmi katibi Yohanna Spassova, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev çıxış ediblər.

Səfir N.Qurbanova 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu bildirib. Vurğulayıb ki, bu vacib qərar yalnız zəngin mədəni müxtəlifliyin qeyd olunması və Azərbaycanın sülh şəraitində birgə yaşayışın uğurlu modeli kimi tanınması ilə bağlı deyil, həmçinin multikultural dəyərlərinin təbliği ilə əlaqədar qlobal səylərə töhfə verilməsi baxımından qəbul edildiyini söyləyib.

“Multikulturalizm ili” çərçivəsində Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirildiyini qeyd edən səfir cari ilin aprel ayında ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu xatırladıb. O əlavə edib ki, Forumda qəbul olunan Bakı Bəyannaməsi ölkələr və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın artırılması baxımından bələdçi rolunu oynayır. Diplomat multikulturalizm fənninin seçmə fənn olaraq Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tədris proqramına daxil edildiyini diqqətə çatdırıb.

Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin qarşılıqlı anlaşma və sülh şəraitində yaşadığı məkan olduğunu bildirən səfir multikulturalizm ənənələrinin ölkəmizdə nəsildən-nəslə ötürüldüyünü deyib.

Diplomat, həmçinin müsəlman dünyasında ilk dünyəvi dövlətin 1918-ci ildə ölkəmizdə yaradıldığını, 1919-cu ildə qadınlara səs vermək hüququ verən Azərbaycan Demokratik Respublikasının müxtəlif dinlərin və xalqların nümayəndələrini sülh şəraitində birgə yaşayış üçün bütün zəruri şərtlərlə təmin etdiyini qeyd edib.

Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq, digər dinlərin nümayəndələrinin sərbəst şəkildə etiqad etdiyini vurğulayan N.Qurbanova pravoslav və katolik kilsələri, yəhudi sinaqoqları, atəşpərəstlərin məbədlərinin multikultural irsin parlaq nümunələri olduğunu deyib. Bildirilib ki, hazırda Azərbaycanda 27 qeyri-islam dini icması mövcuddur, 13 kilsə və 7 sinaqoq sərbəst şəkildə fəaliyyət göstərir.

Eramızdan əvvəl IV əsrdən bizim eranın 705-ci ilinədək Cənubi Qafqazın şərq hissəsində mövcud olan Qafqaz Albaniyasında yaşayan əcdadlarımızın İslamdan öncə atəşpərəst, daha sonra xristian olduğunu vurğulayan səfir bu dövlət haqqında iştirakçılara qısa məlumat verib.

Daha sonra çıxış edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru A.Qerdjikov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rektor hazırda dünyada baş verən münaqişələr və artmaqda olan antisemitizm fonunda Azərbaycanda bütün xalqların sülh şəraitində birgə yaşamalarının təqdirəlayiq olduğunu qeyd edib.

Bolqarıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi D.Danailova mədəni müxtəlifliyin Avropa və dünya üçün yeni anlayış olmadığını, hazırda irqçilik və ksenofobiya meyllərinin gücləndiyini, bunun müxtəlif mədəniyyətlər arasında təmasların qurulmasına maneə törətdiyini diqqətə çatdırıb. O, belə bir şəraitdə plüralizm və tolerantlığın heç zaman olmadığı qədər vacib, əsas məqsədin müxtəlif xalqlar, irqlər və dinlər arasında qarşılıq hörmət və anlaşma olduğunu vurğulayıb.

Bolqarıstan Elmlər Akademiyasının üzvü Yohanna Spassova akademiyanın yeni seçilmiş prezidenti Yulian Revalskinin tədbir iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə deyilir: “Avropa və Asiyanın, Şərqdən və Qərbdən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkanda yerləşən Qafqaz Albaniyasının mədəni ənənələri müasir Azərbaycana miras qalıb. Hazırki kütləvi miqrasiya axınları multikulturalizmə mənfi və müsbət meyllər gətirir.

Multikultural mübadilə məsələləri müasir dövrdə xüsusilə aktualdır. Bu mübadilə müxtəlif amillər – yeni informasiya və kommunikasiya texnologiyaları, sosial şəbəkələrin genişlənməsi və s. sayəsində daha da sürətlənir. Bir regiona və ya mədəniyyətə xas olan siyasi, ideoloji, dini və mədəni tendensiyalar qloballaşaraq digər cəmiyyətlərə yayılır.

Mədəniyyətlərarası dialoq və elmin müxtəlif sahələrində mübadilə ilə bağlı cari çətinliklərin aradan qaldırılmasında elmin və alimlərin rolunu düzgün qiymətləndirmək lazımdır. Bu baxımdan bolqar elmi ictimaiyyəti ilə Azərbaycan tədqiqatçıları arasında son illər daha da artan intensiv əlaqələri xüsusilə qeyd etmək lazımdır. Bu əlaqələr nəticəsində 2011-ci ildə Bolqarıstan Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi tədqiqatlar, birgə elmi layihələr, alimlərin mübadiləsi, birgə konfransların, simpoziumların keçirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi S.Xuduyev 2016-cı ilin Azərbaycanda “Multikultalizm ili” elan olunduğunu, bu çərçivədə ölkədə, eləcə də xaricdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıraraq sərgi iştirakçılarına təmsil etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat verib.

Sərgidən sonra keçirilən “dəyirmi masa”da Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin yeni və müasir tarix kafedrasının rəhbəri professor Kostadin Qrozevin moderatorluğu ilə əsas mühazirəçilər qismində çıxış edən Bolqarıstan Milli Elmlər Akademiyasının Cəmiyyətlərin Öyrənilməsi və Bilik İnstitutunun din, inanclar və dünyagörüşü bölməsinin rəhbəri professor Stefan Penov, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tarix və mədəniyyətin nəzəriyyəsi kafedrasının dosenti Tsvetelin Stepanov, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Ceyhun Eminli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi S.Xuduyev dünyada əsas dinlərin yaranması, Qafqaz Albaniyasının tarixi, bu dövlətdə xristianlığın yayılması, arxeoloji qazıntılar zamanı bu qədim dövlətə aid əşyalar, yaşayış məskənləri, hazırda Azərbaycan hökumətinin Qafqaz Albaniyasının irsinin qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat veriblər.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya