ABŞ-ın Oreqon ştatının Konqresi Azərbaycanın tolerantlıq modelini təqdir edib

ABŞ-ın Oreqon ştatının Senatı və Nümayəndələr Palatasının ali rəhbərliyi və digər aparıcı üzvləri fevralın 24-də Azərbaycanın tolerantlıq modelini təqdir edən bəyanat veriblər.

Oreqon Senatının sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyanat Oreqon ştatına işçi səfərdə olan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Bununla əlaqədar, Senat və Nümayəndələr Palatasının plenar iclaslarında müvafiq təqdimatlar keçirilib.

Bəyanatda Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqları bildirilir. Həmçinin qeyd edilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini nifrət, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir.

Sənəddə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynayır və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləyir.

Eyni zamanda, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun keçiriləcəyi qeyd olunur və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton