YARAT Müasir İncəsənət Məkanında “Multikulturalizm ili” çərçivəsində layihələrin təqdimatı olub

İyulun 15-də Yarat Müasir İncəsənət Məkanında “Yarat Friends”, Beynəlxalq Multikultural Şəbəkə və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) birgə təşkilatı dəstəyi ilə “Multikulturalizm ili” çərçivəsində YARAT Müasir İncəsənət Məkanında “Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezident Administrasiyasının Mədəniyyət və Turizm Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq ölkəmizin dözümlülük, tolerantlıq məkanı olduğunu, burada tarixən bütün etnosların qardaş kimi yaşadığını, milli-dini zəmində qarşıdurmanın baş vermədiyini qeyd edərək, bu gün müstəqil Azərbaycanın öz siyasətini bu təməl üzərində qurduğunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən YARAT Müasir İncəsənət Məkanın Bədii direktoru Byron Qeldhof bildirib ki, bu gün dünyada multikulturalizm mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir.

Vurğulanıb ki, YARAT Müasir İncəsənət Məkanı Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür.

YARAT Müasir İncəsənət Məkanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova dövlət siyasətinin multikulturalizm sahəsində əsirlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin zəruriliyini qeyd edib.

Eyni zamanda, “Yarat Friends”in bu sahədə fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

AGAT-ın sədri Nərgiz Xələf çıxışında bildirib ki, multikulturalizm Azərbaycanın bir dəyəridir. O deyib ki, tarixən Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilib. N.Xələf qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bunun bariz nümunəsidir: “Azərbaycan multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və dünyaya göstərilməsi istiqamətində bütün vətəndaş cəmiyyəti təşkilatları fəal olmalıdır”.

Sonra tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycan multikulturalizm anlayışını yaşadır və onun dünyaya bariz nümunəsini göstərir. “Bu gün sevindirici haldır ki, gənclər təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm ilə bağlı çıxışlarına çox ciddi reaksiya verərək bu istiqamətdə fəal iş həyata keçirirlər”, - deyə Vüsal Quliyev vurğulayıb.

Qeyd olunub ki, müxtəlif dinlərin nümayəndələri tarix boyu Azərbaycanda mehribanlıq şəraitində yaşayıblar. Azərbaycan bu gün də bu ənənələri yaşadır və dünyaya bir nümunə göstərir.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Azərbaycanın multikultural ənənələrindən söz açaraq, ölkəmizin bütün dünyaya, o cümlədən zəngin təcrübəyə sahib olan Qərb dövlətlərinə bir nümunə olmasını diqqətə çatdırıb. O qeyd edib ki, əgər bütün dünya dövlətləri multikultural ənənələrə Azərbaycan qədər dəyər versəydi, bu gün dünyada bu qədər münaqişələr mövcud olmazdı.

Sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova rəsmi şəkildə beynəlxalq səviyyədə elan olunan “ Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016”, respublika çərçivəsində elan olunan “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin və Beynəlxalq Multikultural Şəbəkəsinin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-dək “Ölkə təmsilçiləri”ni təqdim edib.

Tədbirin sonunda Beynəlxalq Multikultural Şəbəkənin adından tədbirin həyata keçirilməsində göstərdiyi bütün təşkilati dəstəyə görə “Yarat Friends” təşəkkürnamə ilə təltif olunub.

AZƏRTAC