Bakıda “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfrans təşkil edib. Konfrans çərçivəsində, həmçinin “Heydər Əliyev irsi və multikultural dəyərlər” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, sayca XIII olan konfransda partiyanın rəhbərliyi və üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər şəxslər iştirak ediblər.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov konfransı giriş nitqi ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin anadan olmasının 93-cü ildönümünün respublikamızda və ölkəmizdən kənarda dərin hörmət və ehtiramla geniş qeyd olunduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək.

Əli Əhmədov konfransın multikulturalizm mövzusuna həsr olunmasının əsas səbəbi kimi Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda elan edilən “Multikulturalizm ili”nə töhfə vermək olduğunu göstərib. O, ikinci səbəb kimi Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən ulu öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətlərinin dərindən öyrənilməsi olduğunu qeyd edib.

Əli Əhmədov ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.

Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyən Baş nazirin müavini bildirib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. Məhz Azərbaycanda multikulturalizm tarixən həyat tərzi olub və bu ənənələr bu gün də yaşamaqdadır. Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, o cümlədən mədəni və mənəvi həyatın inkişafında misilsiz xidmətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi, mədəni-mənəvi və digər sahələrdə xaos yaratmaq istəyən qüvvələrin planlarının qarşısını alaraq ölkəmizi xilas etdiyini, xalqımızı vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirdiyini diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin prezidentliyinin ilk günlərində Təzəpir məscidinə gəldiyini xatırladan Allahşükür Paşazadə dahi şəxsiyyətin ölkəmizdə dinə dövlət qayğısının göstərilməsi, məscid və ibadət yerlərinin bərpa edilməsi sahəsində xidmətlərini Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı baxımından önəmini vurğulayıb. Ulu Öndərin Azərbaycan ilə İslam ölkələri arasındakı münasibətlərin inkişafındakı xidmətlərindən danışan QMİ sədri ümummilli lider Heydər Əliyevin ölkəmizdə digər dinlərin nümayəndələrinə də yüksək diqqət və qayğı göstərdiyini, məhz onun dəvəti ilə dünyanın dini liderlərinin respublikamıza səfərlər etdiklərini vurğulayıb.

Ulu Öndərin iftar mərasimlərində, müxtəlif dini bayramlarda və tədbirlərdə daim fəal iştirak etdiyini deyən Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda dini və milli monolitliyin möhkəmləndirilməsi baxımından mühüm önəm daşıyan bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə multikulturalizmin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətlərini yüksək qiymətləndirən şeyxülislam Fondun istər respublikamızda, istərsə də xarici ölkələrdə müqəddəs dini məkanların bərpasına mühüm töhfə verdiyini söyləyib.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edib. Azərbaycanda multikulturalizm siyasətinin qədim qaynaqları olduğunu vurğulayan Kamal Abdullayev Alban və digər dövlətlərdə multikultural və tolerant cəmiyyətin mövcud olduğunu diqqətə çatdırıb. O, Şirvanşahlar dövlətindən, Səfəvi imperiyasından başlayaraq Azərbaycan Respublikasınadək ölkəmizdə qurulan bütün dövlətlərdə tolerant və multikultural dəyərlərin və cəmiyyətin olduğunu, digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərildiyini vurğulayıb. Dövlət müşaviri bütün bunları multikulturalizmin Azərbaycan xalqının yüzilliklər ərzində yaşam tərzi olmasının göstərici kimi dəyərləndirib. Bildirib ki, Ulu Öndər özünə qədər olan multikultural və tolerant dəyərləri dövlət siyasətinə çevirdi və bu siyasət bu gün də davam etdirilir.

Dünyada multikulturalizm siyasəti ilə bağlı ikiqütblülüyün olduğunu vurğulayan Kamal Abdullayev dünyada multikulturalizmin dərin böhran içində olduğu bir dövrdə Azərbaycan Prezidentinin bəyanatlarını mühüm çağırış kimi qiymətləndirib. Diqqətə çatdırıb ki, hazırda Qərb ölkələrinin bədbinliklə multikulturalizm siyasətindən üz çevirdikləri bir dövrdə Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.

Dövlət müşaviri bildirib ki, Azərbaycan multikulturalizminin prioritet istiqaməti təhsil üzərində qurulub və bu sahədə bir sıra nailiyyətlər əldə olunub. Hazırda dünyanın 13 universitetində, ölkəmizdə 28 ali məktəbdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Xarici ölkələrdə tədris olunan bu fənn ilk növbədə əcnəbi tələbələrin Azərbaycana marağını ölkəmizə məhəbbətə çevirmək məqsədini güdməklə yanaşı, Azərbaycan lobbisinin daha da güclənməsinə də xidmət edir.

Sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxış ediblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladaraq bildirib ki, dahi şəxsiyyətin əziz xatirəsi həyatında hətta bir dəfə də olsa onunla görüşmüş insanların qəlbində əbədi olaraq yaşayır. O, ümummilli lider Heydər Əliyevin zəngin tarixi irsinin dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, multikulturalizm müasir termin olsa da, bu, Azərbaycanda minilliklər ərzində mövcud olmuş gündəlik həyat tərzidir. “Multikulturalizm” sözünün izahını məhz azərbaycanlıların yaşam tərzi əsasında daha aydın izah etmək mümkündür. Bu məsələdə Azərbaycanın çoxmillətli olması ilə daim fəxr edən ulu öndər Heydər Əliyevin rolu böyükdür.

A.İşein ümummilli lider Heydər Əliyevin Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyətinə yüksək diqqətindən danışıb və dahi şəxsiyyətin kilsənin mərasimlərində iştirakını məmnunluqla xatırladıb. O, Azərbaycana səfər edən əcnəbilərin ölkəmizdə mövcud multikultural mühitə heyran olduqlarını diqqətə çatdırıb.

Bakıdakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanda tarixən yəhudi icmasına göstərilən yüksək hörmət və diqqətdən danışıb. Bildirib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir-birinin yanında olub və bu, bu gün də davam edir. Azərbaycanda “Multikulturalizm ili”nin elan edilməsinin bütün dünyaya çağırış olduğunu deyən M.Yevdayev yəhudi dini icmasına göstərilən diqqət və qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd edib ki, dövlətimizin başçısı Qubaya hər səfərində yəhudi icmasının nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır.

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete ölkəmizdə yaşayan bütün katoliklər adından ulu öndər Heydər Əliyevin multikulturalizm siyasətini uğurla davam etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanın inkişafı və mövcud tolerantlıq mühiti ölkəmizə gələn xaricilər tərəfindən də yüksək qiymətləndirilir. V.Fekete ümummilli lider Heydər Əliyevlə görüşlərini daim xoş hisslərlə xatırladığını vurğulayıb.

Qeyd edək ki, “Heydər Əliyev irsi və multikultural dəyərlər” kitabında eyni mövzuda keçirilən konfrans iştirakçılarının məruzələri yer alıb.

AZƏRTAC