Serbiyada “Multikulturalizm: Azərbaycanın təcrübəsi” mövzusunda konfrans keçirilib

Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən və Cənub-Şərqi Avropanın ən qədim elmi-tədqiqat ocaqlarından olan Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunda Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Multikulturalizm: Azərbaycanın təcrübəsi” mövzusunda konfrans, professor Zərifə Əlizadə və filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidovanın müəllifi olduqları “Azərbaycanın tanınmış qadınları/serb xalqının tanınmış qadınları” adlı kitabın təqdimatı keçirilib. Kitab Azərbaycan və serb dillərində nəşr olunub.

Tədbirdə Serbiya parlamentinin üzvləri, Belqrad şəhər meriyasının nümayəndələri, Serbiyanın ictimai, siyasi, elm və mədəniyyət xadimləri, ziyalılar, o cümlədən Serbiya Elm və İncəsənət Akademiyasının və Serbiya Yazıçılar İttifaqının üzvləri, Belqraddakı diplomatik korpusun nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycansevərlər və mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə bu kimi elmi və mədəni tədbirlərin xalqlarımızın bir-birini tanıması və ölkələrimizin daha da yaxınlaşması üçün vacib olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov “Multikulturalizm və Azərbaycanda tolerant həyat tərzi”, Belqrad Universitetinin professoru Ema Milkoviç “Multikonfessionalizm və İslam: Azərbaycan nümunəsi”, Sülh və İnkişaf üzrə Avropa Mərkəzinin professoru Budimir Lazoviç “Multikulturalizmin çağırışları və sınaqları”, Sosial Elmlər İnstitutunun elmi işçisi Marko Yovanoviç “Azərbaycan Demokratik Respublikasında (1918-1920) demokratik ideyalar və multikultural dəyərlər”, Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun elmi işçisi Yeliça Qordaniç “Bakı prosesi”nin multikulturalizmin inkişafı üçün əhəmiyyəti”, Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə “Multikulturalizm: sülh şəraitində birgəyaşayışın qarantı” mövzularında çıxışlar edib, dünyada beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdid kimi daha da güclənmiş milli, dini və digər zəminlərdə ekstremizm və ayrı-seçkilik, terrorizm və separatçılıq, eləcə də miqrasiya problemləri fonunda tolerantlıq dəyərlərinin, multikulturalizm ideyalarının, qarşılıqlı hörmət və dözümlülüyün təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb və bu mənada müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanda əsrlər boyu mövcud olan multikulturalizm modelini müsbət təcrübə kimi dəyərləndirib. Natiqlər son illərdə multikulturalizmin bütün dünyada təşviqi istiqamətində beynəlxalq səylərə Azərbaycanın verdiyi əhəmiyyətli töhfələr, 2016-cı ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması və Bakıda bu mövzuda keçirilən beynəlxalq tədbirlər barədə qonaqlara məlumat veriblər. Prezident İlham Əliyevin səfir Eldar Həsənov tərəfindən səsləndirilən “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir” fikirləri tədbir iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Daha sonra “Azərbaycanın tanınmış qadınları/serb xalqının tanınmış qadınları” adlı kitabla bağlı Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Serbiyanın Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə, Serbiya yazıçısı Yasmina Mixayloviç və şairə Miliça Yeftimiyeviç-Liliç çıxış ediblər. Onlar tarixən Azərbaycanın və Serbiyanın ictimai-siyasi, elm və mədəniyyət həyatında mühüm rol oynanmış, əvəzsiz xidmətlər göstərmiş qadınlarının tanıdılması üçün bu kitabın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd edək ki, kitabda Serbiyanın tanınmış qadınlarından Şahzadə Militsa, Olivera Despina Xatun, Nadejda Petroviç, İsidora Sekuliç, Milunka Saviç və başqaları, Azərbaycanın tanınmış qadınlarından isə Məhsəti Gəncəvi, Nabat Aşurbəyova, Xurşidbanu Natəvan, Şövkət Məmmədova, Leyla Məmmədbəyova, Nigar Rəfibəyli, Qəmər Almaszadə, Zərifə Əliyeva, Şəfiqə Axundova və Aida İmanquliyevanın həyat və fəaliyyəti haqqında oxuculara məlumat verilib.

Sonda Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun nümayəndələri, Serbiya ziyalıları, mədəniyyət xadimləri və mətbuat nümayəndələri şərhlər və suallarla çıxış ediblər. Tədbir müzakirələrlə yekunlaşıb.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad