“İslamda multikulturalizm” mövzusunda konfrans keçirilib

Dekabrın 22-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində “İslamda multikulturalizm” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İran Mədəniyyət Mərkəzi və “Etnoglobus.az” beynəlxalq onlayn analitik mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi ölkəmizdə elan edilmiş “Multikulturaliz ili”nin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu konfrans başa çatmaqda olan “Multikulturalizm ili” çərçivəsində keçirilən yekun tədbirlərdən biridir. İran və Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən söz açan İ.İbrahimi bunun dünya üçün mütərəqqi örnək olduğunu deyib. Diqqətə çatdırıb ki, müqəddəs dinimiz olan İslamda da bu dəyərləri insanlara təlqin edən ayələr mövcuddur. İslamın müqəddəs kitabı olan “Qurani-Kərim”də multikulturalizmə, tolerantlığa, humanizmə, sülhə və əmin-amanlığa dəvət edən ayələr var. Mərkəzin rəhbəri hazırda dünyada baş verən proseslərə nəzər salaraq multikultural və tolerant ənənələrdən yararlanmağın önəmini vurğulayıb.

Konfransda AMEA-nın Tarix İnstitutunun mədəniyyət şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Axundovanın “Multikulturalizm və Azərbaycan Respublikasının mədəni əlaqələri”, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran siyasəti və iqtisadiyyatı şöbəsinin elmi işçisi, dosent Saleh Dostəliyevin “Azərbaycanlıların multikulturalizm ənənələrinin inkişafında İslamın rolu”, jurnalist-publisist Reyhan Mirzəzadənin “İslamda multikulturalizm”, “Etnoglobus.az” beynəlxalq onlayn analitik mərkəzinin direktoru Gülnarə İnancın “İslamda tolerantlıq” və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun “İslamın əvvəlki dinlərlə multikultural münasibətinə müasir baxış” mövzusunda məruzələri dinlənilib.


AZƏRTAC