Azərbaycan dövləti multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in insan ölçüsü ilə bağlı tədbirlərin keçirilməsinə dair illik iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov da iştirak edib.

Avropanın insan hüquqları və demokratiya üzrə ən böyük konfransı sayılan bu tədbirdə ATƏT-in 57 üzv ölkəsinin, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların nümayəndələri bir araya toplaşaraq insan ölçüsünə dair dövlətlərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələlərini və bununla bağlı ortaya çıxan problemləri müzakirə edib, bu sahədə müsbət təcrübə mübadiləsi aparıb, müvafiq təklif və tövsiyələr səsləndiriblər.

E.Nəcəfov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. O, dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin yaradılmasında əldə olunan nəticələrdən söhbət açıb. Bundan əlavə, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

AZƏRTAC