Multikulturalizmin, tolerantlığın təbliğində, zorakı ekstremizmə qarşı mübarizədə media ən təsirli vasitədir

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən bölmə iclaslarından biri də “Media peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, iclasın moderatoru, Media və Öyrənmə Assosiasiyasının baş icraçı direktoru xanım Salli Reynolds üç gün ərzində Bakı Forumunda müasir dünyamız üçün aktuallıq kəsb edən çox vacib məsələlərin müzakirə edildiyini, önəmli təkliflərin səsləndirildiyini diqqətə çatdırıb. O, hazırkı bölmə iclasında müzakirə edilən mövzunun da çox vacib olduğunu bildirib.

UNESCO-nun proqram mütəxəssisi Alton Qrizle çıxış edərək deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətində önəm verilən əsas məsələlərdən biri də mediadır. O vurğulayıb ki, insanlar arasında sülh, həmrəylik vacibdir. Cəmiyyətlərdə hökm sürən zorakılıq, dözümsüzlük, ekstremizm halları insanlar üçün təhlükəli vəziyyət yaradır. Bu cür halların qarşısı mütləq alınmalıdır və bu məsələdə medianın üzərinə böyük vəzifə düşür. Media cəmiyyətin, xüsusilə də gənclərin maariflənməsi işində mühüm rol oynayır. Buna görə də media zorakılığı, ekstremizmi, dözümsüzlüyü təbliğ edən informasiyalar yaymamalı, daha çox multikultural, tolerant dəyərləri, savadlılığı təbliğ etməlidir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənovbölmə iclasında çıxış edərək bildirib ki, bu gün müstəqil jurnalistikadan nə qədər danışsaq da, transmilli və digər media orqanları sosial, milli, sahibkarlıq və digər maraqların daşıyıcısıdır. Ona görə də azad jurnalistika nümunəsini tapmaq çox çətindir ki, baş verən hadisələrə vahid standartlardan yanaşsın. Bu, postsovet məkanındakı münaqişələrdə özünü göstərir.

Məsələn, Ermənistan dövləti 20 ildən artıqdır ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir. Əgər bir dövlət BMT-nin qətnamələrinə məhəl qoymursa qarant varmı ki, həmin ölkənin jurnalistikası vahid standartdan çıxış edərək münaqişəyə obyektiv münasibət bildirəcək? Əlbəttə ki, yox. Çünki Ermənistan mediası hadisələri Ermənistan hakimiyyətinin fəaliyyətinə uyğun işıqlandırır. Digər ölkələrdə baş verən münaqişələrə də müxtəlif cür jurnalist yanaşmaları mövcuddur. Ona görə, nə qədər ki, dünyada jurnalistikanın, media mənsubluğunun vahid standartı, vahid əxlaq kodeksi, vahid davranış normaları müəyyən olunmayıb və onlar vahid jurnalistika mərkəzi tərəfindən bütün dünyaya təlqin edilməyib, jurnalistika subyektiv maraq daşıyıcısı olmaqda davam edəcək.

Əli Həsənov bildirib ki, Azərbaycanda multikultural, tolerant mühit hökm sürür və biz bunu təbliğ edirik. Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir. Biz üç gündür Azərbaycanın multikultural ənənələrindən, tarixi, mədəni dəyərlərindən, ölkəmizdə müxtəlif millətlər, dinlər arasında yaşanan sülh mühitindən, qarşılıqlı anlaşmadan, hörmətdən danışırıq. Amma baxın, Ermənistan mediasında Qlobal Forumun Bakı Bəyannaməsinin qəbul edilməməsinə dair çağırışlar yer aldı. Niyə? Çünki erməni jurnalistikası bəlli maraq daşıyıcıdır. Bu anlamda, əlbəttə, real jurnalistikada təəssüf ki, bəzən media prinsipləri pozulur və bu pozulmanın təməlində də jurnalistlərin vətəndaş, milli, subyektiv, maddi və mənəvi maraqları dayanır. Ona görə də elə etmək lazımdır ki, transmilli və yerli media orqanlarında çalışan jurnalistlərin vahid davranış normaları, vahid qiymət meyarları olsun, məsələlərə vahid prinsipdən, vahid kodeksdən yanaşılsın. Düşünürəm ki, Azərbaycan jurnalistikası Forumda təbliğ olunan ideyalardan istifadə edəcək. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır.

İtaliyanın Florensiya Universitetinin professoru Maria Ranieri nifrət nitqinin, zorakılığın, ayrı-seçkiliyin xüsusilə Avropanı bürümüş hazırkı qaçqın böhranı şəraitində təhlükəli hallara gətirib çıxara biləcəyini söyləyib. O deyib ki, media bu məsələdə həm mənfi, həm də müsbət rol oynaya bilər. Ona görə də qızışdırıcı, ədavət yaradan fəaliyyətə yol verilməməli, inklüziv cəmiyyətlərdə birgəyaşayış təbliğ olunmalıdır.

M.Ranieri diqqətə çatdırıb ki, Florensiya Universitetinin apardığı tədqiqatlar nəticəsində xüsusilə sosial şəbəkələrdə etnik, dini azlıqlara qarşı nifrət nitqinə daha çox yer verildiyi məlum olub. Media bu cür halların qarşısının alınmasında fəal olmalıdır. Media gənclərin belə mənfi hallara qarşı mübarizə aparmasının faydalarını təbliğ etməlidir.

Rod Adaları Universitetinin professoru Rene Hobs deyib ki, hazırda bizim media savadlılığına, sağlam mediaya, təhsilə, maariflənməyə daha çox ehtiyacımız var. İnsanlar başa düşməlidirlər ki, radikalizm, ekstremizm, zorakılıq onların özləri üçün böyük təhdiddir. Bəzən bu kimi mənfi hallara qarşı mübarizədə nəticələrin zəif olması pessimist əhval-ruhiyyənin yaranmasına səbəb olur. Lakin qarşılıqlı hörmət, multikulturalizm, tolerantlıq davamlı şəkildə təbliğ edilərsə, ksenofobiyaya, ekstremizmə, nifrət nitqinə qarşı mütəmadi əks-təbliğat aparılarsa müsbət nəticələr mütləq olacaq. Təbii ki, bu məsələlərdə ən böyük məsuliyyət medianın üzərinə düşür.

ABŞ-ın Tennesi Universitetinin professoru Sanjay Asthana qeyd edib ki, təbliğat məsələsində insanlar diqqətli olmalıdırlar. Çünki təbliğat həm mənfi, həm də müsbət istiqamətlərdə ola bilər. Bəzən təbliğatın müsbət və ya mənfi tərəflərini müəyyən etmək çox çətin olur. Təbliğat insanları düşünmədən hərəkət etməyə sövq edə bilər. İnsanlar, xüsusilə də gənclər təbliğatın təsiri altına tez düşməməli, onun müsbət və ya mənfi tərəfləri haqqında ətraflı şəkildə düşünməlidirlər. Çünki təbliğatı aparanlar bəzən öz şəxsi maraqlarını nəzərə alır, gəncləri təsir dairəsinə salmaq istəyirlər ki, bu da xoşagəlməz nəticələrə gətirib çıxarır. Mediadan ayrı-seçkiliyi, ekstremizmi, başqalarına qarşı nifrəti təbliğ edən bir vasitə kimi istifadə etmək yolverilməzdir.

Ərəb Dövlətləri Liqasının sivilizasiyalararası dialoq departamentinin direktoru  Samia Bibarsçıxışında deyib ki, radikalizmə və zorakı ekstremizmə qarşı mübarizədə təhsil, maariflənmə ilə yanaşı, mədəniyyətlərarası və dinlələrarası dialoqun böyük rolu var. Təəssüflər olsun ki, bəzən ekstremist qüvvələr insanların dini inanclarından istifadə edir, onlarda başqalarına qarşı nifrət hissi yaratmağa çalışırlar. Əslində isə hamımız bilirik ki, dinin bu kimi mənfi amillərlə heç bir əlaqəsi yoxdur. Media bu məsələni xüsusi qabartmalıdır. Medianın üzərinə düşən əsas vəzifə mütəmadi şəkildə tolerantlığı, başqa mədəniyyətlərə, dinlərə hörməti təbliğ etməkdir. Mənfi halların qarşısının alınmasında təhsil də vacib yol oynayır. Buna görə də xüsusi təhsil proqramları işlənib hazırlanmalıdır.

Bölmə iclası mövzu ilə bağlı maraqlı müzakirələrlə davam edib.

Çıxış edənlər multikulturalizmin, tolerantlığın təbliğində, zorakı ekstremizmə qarşı mübarizədə medianın ən təsirli vasitə olduğunu söyləyiblər. Onlar Bakı Forumunun mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.

AZƏRTAC