ABŞ-ın “Jewish Journal” qəzetində Azərbaycandakı tolerant və multikultural mühit barədə məqalə dərc olunub

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində “Azərbaycandan olan yəhudi tibb qəhrəmanı: Qavril İlizarovun həyatı” sərlövhəli məqaləsi dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllif məqalədə tibb elmindəki ixtirası ilə nəinki Azərbaycanda, həmçinin keçmiş sovet məkanında, eyni zamanda ABŞ, İtaliya və keçmiş Yuqoslaviya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində məşhurlaşan Azərbaycandan olan yəhudi cərrah-ortoped, akademik Qavril İlizarovun həyatı haqqında məlumat verir.

Bununla yanaşı, müəllif Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini yüksək qiymətləndirərək ölkəmizdə müxtəlif dinlərə mənsub insanların hər birinin uğurlu həyat qurmaq üçün bərabər imkanlara malik olduğunu vurğulayır. Məqalədə qeyd edilir ki, Azərbaycanda böyüyən bütün dinlərin nümayəndələrinin - yəhudi, xristian və müsəlmanların müvəffəqiyyət qazanmaqda, eləcə də dünyaya böyük töhfə verməkdə bərabər hüquqları var. Qavril Abramoviç İlizarovun həyatı bu mənada örnəkdir. İlizarovun həyat hekayəsinə nəzər yetirdikdə görə bilərik ki, bir çox dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda bir yəhudinin alim və məşhur həkim kimi formalaşması üçün hər cür şəraiti olan tolerant mühit və hər kəsin bərabər hüquq və azadlıqları var.

Məqalədə qeyd olunur ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.

Qeyd edək ki, Milix Yevdayev ABŞ mətbuatında mütəmadi olaraq Azərbaycanda yaşayan yəhudilər və ölkəmizdəki tolerantlıq mühiti barədə yazılarla çıxış edir.

AZƏRTAC