İqtibaslar: İlham Əliyev


Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq.

VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində nitqindən

Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur.

VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində nitqindən

Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır.

“2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda nitqindən

Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində nitqindən

Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır. Bu, artıq reallıqdır, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr aparılır. Azərbaycanda bu sahədə də nümunəvi mənzərə yaşanır.

Yalama Aqroparkının açılışında nitqindən

Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində nitqindən

Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir.

Respublika Günü münasibətilə rəsmi qəbulda nitqindən

Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışında nitqindən

Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyada nümunə kimi qəbul olunur.

İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsindən

Multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.

Bakıda İSESCO Baş Konfransının XII sessiyasının açılışında çıxışından

Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir.

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışından

Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq.

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışından

Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda nitqindən

Bir çox beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərirlər. Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmamışdır və biz bu siyasətə sadiqik.

Zaqatalada Heydər Əliyev Mərkəzinin açılışında çıxışından

Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxışından

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitqindən

Azərbaycan bir çox dinlərin - zərdüştlüyün, islamın, xristianlığın, iudaizmin birgə mövcud olduğu bir ölkədir. Ölkəmizdə xalqlar arasında qardaşlığın və dinlərarası əməkdaşlığın nadir ab-havası var.

“Rossiya-24” telekanalına müsahibəsindən

Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışından

Cəmiyyətimizdə multikulturalizm uğurumuzun əsas elementlərindən biridir. Biz çoxmillətli, çoxdinli ölkəyik. Bu, Azərbaycanın əsas sərvətlərindən biridir ki, ölkəmizin bütün vətəndaşları dini və etnik mənşəyindən asılı olmayaraq, bərabər hüquqlara və imtiyazlara malikdirlər. Biz vahid ailə kimi yaşayırıq, müxtəlif dinlərin nümayəndələri bayramları birgə qeyd edirlər. Bu, sözün əsl mənasında nadir təcrübədir və qlobal səviyyədə yüksək qiymətləndirilir.

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən illik sessiyasında çıxışından

Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır.

Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışından

Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında nitqindən

Multikulturalizmin dünyada çox müsbət təcrübəsi, müsbət əlamətləri, ünvanları vardır. Onların biri də Azərbaycandır. Biz Azərbaycanın timsalında bu münasibətlərin necə düzgün həll edilməsini görə bilirik.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqindən

Bir anlayış, bir termin kimi, multikulturalizm nisbətən yeni bir ifadədir. Ancaq biz Azərbaycanda əsrlər boyu multikulturalizm şəraitində yaşamışıq.

Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forumun açılış mərasimində nitqindən

Azərbaycan mədəniyyətlərarası dialoqda öz rolunu oynamaqdadır. Əsrlər boyu ölkəmiz elə bir məkan olub ki, orada müxtəlif etnik, dini köklərə malik xalqlar yan-yana, mehribanlıq şəraitində yaşayıblar. Çox şadıq ki, bu müsbət meyillər müstəqillikdən sonra hətta daha da güclənib. Azərbaycan cəmiyyəti çoxmədəniyyətli cəmiyyətdir, çoxetnik cəmiyyətdir. Müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.

Krans Montana Forumunun açılışında nitqindən

Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış sessiyasında nitqindən

Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır.

Dünyanın dini liderlərinin Bakı sammitinin açılış mərasimində nitqindən

Ölkəmizin böyük tarixi, ənənələri və mədəniyyəti vardır. Azərbaycan Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşir və əlbəttə ki, bu yerləşmənin təsiri həyatımızda, keçmişimizdə öz rolunu oynamışdır. Eyni zamanda, Azərbaycan çox dünyəvi ölkədir. Burada yüksək səviyyədə dini dözümlülük vardır. Biz çoxmillətli ölkəyik. Azərbaycanda müxtəlif millətlər bir ailə kimi yaşayırlar.

“Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən çıxışından

Azərbaycan dövləti heç vaxt heç kimə qarşı etnik təmizləmə siyasəti aparmamışdır və aparmayacaqdır. Əgər beynəlxalq hüquq normalarını əks etdirən təkliflər Ermənistan tərəfindən qəbul edilərsə, o zaman Dağlıq Qarabağda erməni icması ilə bərabər Azərbaycan icması da yaşayacaq, yaşamalıdır və onların orada, azərbaycanlıların orada yaşaması həm tarixi ədaləti tam təsdiq edəcək, həm də ki, beynəlxalq hüquq normalarına tam uyğundur.

Nazirlər Kabinetinin iclasında nitqindən

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır, ictimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.

“Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” konfransında nitqindən

Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmamışdır, yoxdur və olmayacaqdır. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə bilər.

Təzəpir məscid kompleksinin yenidənqurma işlərindən sonrakı açılış mərasimində nitqindən

İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün islam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki İslam dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.

“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin açılış mərasimində nitqindən

Biz çox istəyirik ki, Qafqaz regionunda bütün münaqişələr, nəhayət öz həllini tapsın, sülh bərqərar olunsun və beləliklə, bölgədə əməkdaşlıq üçün imkanlar açılsın. Bu, hər bir ölkə üçün çox önəmlidir. Bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, təcavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşübdür. Bu işğaldan əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin düşübdür. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Biz şübhə etmirik ki, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə işğalçı qüvvələrdən boşaldılmalıdır.

Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirləri konfransının açılışında nitqindən

Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır.

Bibiheybət ziyarətgah kompleksində yenidənqurma işlərindən sonrakı açılış mərasimində nitqindən

Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğıkeş münasibət bəsləyirlər. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır və biz bunu regionda şəraitin tarixi inkişaf amili kimi qiymətləndiririk.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin şərəfinə rəsmi qəbulda nitqindən

Azərbaycan çoxmillətli ölkədir. Biz bununla fəxr edirik və Azərbaycanda yaşayan bütün milli azlıqlara öz qayğımızı göstəririk və bundan sonra da göstərəcəyik. Azərbaycan o ölkədir ki, burada bütün dinlər sərbəst fəaliyyət göstərir. Eyni zamanda, din dövlətdən ayrıdır, Azərbaycan dünyəvi dövlətdir və bu da bizim üçün çox vacib olan məsələdir. Biz bütün dinlərə böyük hörmətlə yanaşırıq və Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait var. Azərbaycanda bundan sonra da heç vaxt nə milli, nə də dini zəmində heç bir problem olmayacaqdır. Bütün milli azlıqlar bizim qardaşlarımızdır. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri bizim qardaşlarımızdır və bu qardaşlıq davam etdiriləcəkdir. Azərbaycan dostluq ölkəsidir, qardaşlıq ölkəsidir.

Müqəddəs Məryəm ana kilsəsinin açılış mərasimində nitqindən

Millətlərin müxtəlifliyi, mədəniyyətlərin müxtəlifliyi bizi zənginləşdirir. Azərbaycanda millətlər arasında tam mənada qardaşlıq hökm sürür. Bu, bizim xoşbəxtliyimizdir, bizim sərvətimizdir və bizim siyasətimizdir.

Qusar rayonunun sakinləri ilə görüşdə nitqindən

Azərbaycan cəmiyyəti tarixən və indi də etnik və dini tolerantlığı ilə səciyyələnibdir. Dini və etnik dözümlülük müasir Azərbaycanın ən böyük nailiyyətlərindən biridir. Beynəlxalq aləm də bu faktı tanıyır və alqışlayır.

Kolumbiya Universitetində görüşdə çıxışından

Ölkəmiz bütün sahələrdə - dini sahədə də, etnik sahədə də dözümlülüyü ilə fərqlənir. Azərbaycan tarixində dini zəmində hər hansı münaqişə baş verdiyini xatırlaya bilmirəm. Xristianlar, müsəlmanlar, yəhudilər – onların hamısı ölkəmizdə sülh və həmrəylik şəraitində yaşayır.

"Evronews" telekanalına müsahibəsindən