Etnik rəngarənglik

Azərbaycan etnik rəngarəngliyinə görə nəhəng al-əlvan xalçaya bənzəyir.

Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti məhz bu dildə danışır. Müasir Azərbaycan dili 1-ci minilliyin əvvəllərindən indiki Azərbaycan ərazisində məskunlaşmağa başlamış türk mənşəli tayfaların dilləri əsasında, uzun tarixi inkişaf prosesinin gedişində formalaşmışdır.

Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunmuşdur. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılmışdır. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir.

Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udi dili də aid edilir (bu dilin ləzgi yarımqrupuna mənsubluğu elmdə mübahisəlidir). Hazırda udilər Qəbələ rayonunun Nic kəndində və Oğuz rayon mərkəzində məskunlaşmışlar.

Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gezbarah, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşmışlar.

Azərbaycanın şimal-şərqində yayılmış “Şahdağ qrupu” - xınalıq, buduq və qrız dillərini də Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna aid edirlər. Xınalıq dilində Quba rayonunun eyniadlı kəndinin sakinləri danışırlar. Buduqlar Quba rayonunun Buduq, Güney Buduq və Dəli Qaya kəndlərində, qrızlar isə həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar.

Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılmış avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir.

Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunmuşdur.

Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının ərazisində yayılmışdır. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofizitlər), iudaist tatlar və ya dağ yəhudiləri.

Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın cənub-şərqində - Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılmışdır.

Kürd dili İran dillərinin qərb yarımqrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılmışdır.

Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil olunmuşdur.

Rus dili hind-Avropa dil ailəsinin slavyan qrupunun şimal-slavyan yarımqrupuna daxildir. Rus dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşmışlar.

Erməni dili isə hind-Avropa dillərinin ayrıca qrupunu təmsil edir. Erməni dili Qarabağın dağlıq hissəsinin bir neçə rayonunda yayılmışdır.

Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunmuşdur. Bu dilin daşıyıcıları xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşmışlar.

Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır.
Ölkənin əsas əhalisini (90%-dən çoxunu) azərbaycanlılar təşkil edir. Onların sayı 9 milyon 705 min nəfərdən (2016-cı ilin əvvəlinə görə) artıqdır. Təxmini hesablamalara görə bu gün dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. İran, Gürcüstan və Dağıstanda yığcam halda yaşayan milyonlarla azərbaycanlı bu yerlərin qədim sakinləridir. Təkcə İranda 30 milyon azərbaycanlı yaşayır. 20-ci əsrdə indiki Ermənistan ərazisindən dəfələrlə deportasiya olunmuş yüz minlərlə azərbaycanlı da oranın köklü əhalisi idi. MDB məkanında - Rusiya, Orta Asiya respublikaları, Qazaxıstan, Ukrayna və s., həmçinin Avropa və Amerika qitələrində müxtəlif dövrlərdə Azərbaycandan köçmüş xeyli azərbaycanlı yaşayır.

Azərbaycanlıların dili türk dillərinin cənub-qərb və yaxud oğuz qoluna aiddir. Bu dil türk, türkmən, qaqauz və Krım tatarlarının dilinə çox yaxındır. Azərbaycan dili tarixən nəinki ölkə daxilində, hətta bütün Qafqazda və Ön Asiyada yaşayan xalqlar arasında ünsiyyət saxlamaq üçün vasitəçi dil rolunu oynamışdır. 19-cu əsr Avropa və Rusiyanın görkəmli yazıçı və səyyahları (E. Reklü, A. Bestujev-Marlinski, F. Bodenştedt, M. Lermontov və b.) Azərbaycan dilinin regionda oynadığı rolu barədə yüksək fikirlər söyləmişlər. Rus yazıçısı A. Bestujev-Marlinski yazırdı ki, Cənubi Qafqaz diyarının Azərbaycan dili türk dilindən az fərqlənir və Avropanı fransız dili ilə gəzmək mümkün olduğu kimi, bu dillə də bütün Asiyanı başdan-başa gəzmək olar.

Azərbaycanlıların ölkədə yaşayan xalqlar arasında birləşdirici rol oynaması xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, bu fenomen azərbaycanlıların milli mentalitetindən, xalqların mədəniyyət­lərinə tolerant münasibətindən irəli gəlir.

Azərbaycanlılardan başqa respublikada bir sıra azsaylı xalqlar və milli azlıqlar məskunlaşmışdır. Bunlar hind-Avropa dilləri ailəsinin İran dilləri qru­puna daxil olan tatlar, talışlar, kürdlər, dağ yəhudiləri, Qafqaz dilləri ailəsinin Şərqi Qafqaz (Dağıstan) qrupunun avar-and-sez yarımqrupuna daxil olan ləzgilər, avarlar, udilər, saxurlar, “Şahdağ qrupu” xalqları (xınalıqlılar, buduqlar, qrızlar), Qafqaz dillərinin kartvel qrupuna daxil olan və gürcü dilinin ingiloy ləhcəsində danışan ingiloylardır. Bundan başqa Azərbaycanda 19 əsrin 30-cu illərində gəlmiş və şərqi slavyan dilləri qrupuna daxil olan ruslar, həmçinin keçən əsrin 50-60-cı illərindən Axıska türkləri məskunlaşmışlar.

Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait azərbaycanlıların və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur.
Şübhəsiz ki, burada xalqlar arasında gedən intensiv ticarət-iqtisadi və etno-mədəni əlaqələr də az rol oynamamışdır.

Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar, öz dinc axarı ilə getmiş, etnik münaqişələr və gərginlik üçün zəmin olmamışdır.
Burada xalqların ənənəvi məişət və mədəniyyətlərindəki ümumi və spesifik cəhətlər sıx vəhdətdə olub bir-birini tamamlayır. Bununla yanaşı hər bir xalq sayından asılı olmayaraq spesifik, lokal mədəniyyətə malikdir. Respublikada fəaliyyət göstərən mədəniyyət mərkəzləri bu xalqların milli adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır. Bu xalqlar respublikanın siyasi-icti­mai həyatında fəal iştirak edirlər.

2009-cu il aprel ayının 13-dən 22-dək keçirilən siyahıyaalmanın nəticələrinə əsasən talışlar respublika ərazisində 112 min nəfər təşkil etmişdir və onlar, yığcam halda respublikanın cənub bölgəsində - Astara, Lənkəran, Masallı və Lerik rayonlarında yaşayırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Onların etnogenezində Atropatenada yaşamış kadusi tayfaları mühüm rol oynamışlar. Bu barədə Strabonun “Coğrafıya”sında da bəhs olunur. Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Keçmişdə əsas təsərrüfat sahələrindən biri də çəltikçilik olmuşdur.

Tatlar (25,2 min nəfər, 2009). Əsasən, Dəvəçi, Quba, İsmayıllı və Şamaxı rayonlarında məskunlaşmışlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. A. Bakıxanovun və b. tədqiqatçıların fikrinə görə tatların əcdadları Azərbaycana 4-6 əsrlərdə Sasani şahları tərəfindən köçürülmüşdü. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıqdır. Xalçaçılıq sənəti geniş yayılmışdır. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimidir.

Kürdlər (6,3 min nəfər, 2009) erməni işğalınadək, əsasən, Laçın və Kəlbəcər rayonlarında yaşamışlar. Hazırda onlar Azərbaycanın bir çox rayon və şəhərlərində məskunlaşmışlar. Kürdlər Azərbaycana, əsasən, 16-cı əsrdə Osmanlı-İran müharibələri dövründə gəlmişlər. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində də kürdlərin Azərbaycana miqrasiyası artmışdır.

Ənənəvi məşğuliyyətləri maldarlıq (xüsusilə qoyunçuluq) olmuşdur. 19-cu əsrin sonlarından oturaq həyat tərzinə keçməklə əlaqədar olaraq kürdlərdə əkinçilik də inkişaf edir. Toxuculuq, xüsusilə xalçaçılıq, habelə başqa sənət sahələri də geniş yayılmışdır.

Yəhudilər (9,1 min nəfər, 2009). Azərbaycanda yaşayan dağ yəhudiləri Quba rayonundakı Qırmızı Qəsəbədə, Oğuz rayon mərkəzində və Bakıda məskunlaşmışlar. Qırmızı Qəsəbə onların yığcam halda yaşadığı ən böyük yaşayış məntəqəsidir. 1999-cu ildə Azərbaycanda aparılmış əhali siyahıyaalınmasında onlar Avropa yəhudilərinin (aşkenazi) tərkibində verilmişdir.

Vaxtilə öz tarixi vətənlərini tərk edib İrana gələn dağ yəhudiləri burada tat dilini mənimsəmiş, iudaizm dininin əsas mahiyyətini isə saxlamışlar. Şimali Azərbaycana Sasanilər dövründə köçürülmüşlər.

19-cu əsrin əvvəllərindən Azərbaycanda məskunlaşmış Avropa yəhudilərindən fərqli olaraq dağ yəhudilərinin dini baxışlarına bütpərəstliyin, sonralar isə islamın təsiri olmuşdur. Onlar azərbaycanlıların bir çox adət-ənənələrini mənimsəmişlər. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur.

Avropa yəhudilərinin Azərbaycana miqrasiyası Rusiya, Ukrayna, Belarus və Polşadan 19-cu əsrin əvvəllərindən başlanmışdır. 19-cu əsrin 70-ci illərindən neft sənayesinin inkişafı ilə əlaqədar onların Bakıya miqrasiyası artır. Avropa yəhudilərinin əksəriyyəti şəhərlərdə (xüsusilə Bakıda) məskunlaşmışlar.

Ləzgilərin (180,3 min nəfər, 2009) əksəriyyəti respublikanın Qusar rayonunda yaşayır. Quba, Xaçmaz, İsmayıllı və Qəbələ rayonlarında da ləzgi kəndləri var. Mütəxəssislərin fikrincə, ləzgilərin əcdadlarından biri qədim alban tayfası olmuş leqlərdir. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri əkinçilik, maldarlıq və sənətkarlıqdır (toxuculuq, xüsusilə xalçaçılıq, qalayçılıq, keçəçilik və s.).

Saxurlar (12,3 min nəfər, 2009) respublikanın Zaqatala, Qax və Balakən rayonlarında məskunlaşmışlar. Saxurlar Qafqaz Albaniyasının qədim sakinlərindən biridir. 15-ci əsrdə saxurlar Cənubi Dağıstanı tərk edərək Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında məskunlaşmışlar. 19-cu əsrin ortalarınadək İlisu sultanlığının tərkibində olmuşlar. Həmin dövrdən başlayaraq onların azərbaycanlılarla etnik-mədəni və ticarət əlaqələri güclənmişdir. Saxurlar etnik baxımdan azərbaycanlılara çox yaxındırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq və əkinçilikdir.

Avarlar (49,8 min nəfər, 2009) respublikanın Balakən və Zaqatala rayonlarında yaşayırlar. Bir sıra müəlliflərin fikrinə görə Plininin yazdığı didoylar müasir avarların əcdadlarıdırlar. Azərbaycana 15-17 əsrlərdə Dağıstandan gəlmişlər. Avar dilinin ansux şivəsində danışırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq, əkinçilik və sənətkarlıqdır.

Udinlər (3,8 min nəfər, 2009) Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun eyniadlı mərkəzində yaşayırlar. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Azərbaycanın qədim yerli xalqlarından biridir. Udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Qafqaz Albaniyasında yaşamış utilərin varisləridirlər.

Əsrlər boyu aparılan siyasət nəticəsində udilərin bir hissəsi (Nic kəndi) ermənilər tərəfindən qriqorianlaşdırılmış, digər hissəsi isə (Oğuz) gürcü pravoslav kilsəsinin təsirinə məruz qalaraq gürcüləşdirilmişdir. Ənənəvi məşğuliyyətləri əkinçilikdir. Keçmişdə ipəkçilik, sənətkarlıq (ağacişləmə, toxuculuq və s.) geniş yayılmışdı.

Tarixi-etnoqrafık ədəbiyyatda “Şahdağ qrupu xalqları” adı altında məlum olan xınalıqlılar, qrızlar və buduqlar Quba rayonunda Şahdağın ətəklərində yerləşən kəndlərdə məskunlaşmışlar. Xınalıqlılar yalnız Xınalıq kəndində yaşayırlar. Buduqlar əsas etibarilə Buduq, qrızlar isə Qrız kəndində yaşayırlar.

Qrızlar və buduqlar bir neçə ətraf kəndlərdə də məskunlaşmışlar. Təxmini hesablamalara görə, xınalıqlıların sayı 2,2 min, buduqların sayı 15 min, qrızların sayı isə 4,4 min nəfərdir. Hələ 19-cu əsrin 40-cı illərində buduqların və qrızların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. Bu xalqların əsas məşğuliyyəti qoyunçuluqdur.

Axıska türklərinin (38 min nəfər, 2009) Azərbaycana ilk böyük qrupu 1958-ci ildə gəlmişdir. Bunlar 1944-cü ildə tarixi vətənləri olan Axıska, Adıgün, Axılkələk (Gürcüstan) və b. qonşu rayonlardan Orta Asiya və Qazaxıstana sürgün edilmiş Axıska türkləri idi.

1989-cu il Fərqanə hadisələrindən sonra Azərbaycana Axıska türklərinin ikinci miqrasiyası başlandı. Azərbaycanlılarla mənşəcə bir kökdən olmaları, ümumi dil, adət və ənənələrdə yaxınlıq onların Azərbaycanda adaptasiyasına əlverişli zəmin yaratmışdır. Ənənəvi məşğuliyyətləri bağçılıq və əkinçilikdir. Saatlı, Sabirabad və Beyləqan rayonlarında onlar əsas etibarilə pambıqçılıqla məşğul olurlar.

İngiloylar (9,9 min nəfər, 2009) dini mənsubiyyətlərinə görə xristian (gürcü pravoslav kilsəsi) və müsəlman ingiloylara ayrılırlar. Müsəlmanlar Zaqatala rayonunun Əliabad, Mosul və Balakən rayonunun İtitala kəndlərində, xristian ingiloylar isə Qax rayonunun 9 kəndində yaşayırlar. Qədimdə onların yaşadıqları ərazi Kambisena (Ereti) adlanırdı və əsas əhalisi ingiloyların əcdadları hesab olunan er və qel tayfalarından ibarət idi. Burada Alban kilsəsi fəaliyyət göstərirdi. İngiloyların bir hissəsi sonradan zorla gürcüləşdirilmiş alban tayfalarının qalıqlarıdır. İngiloyların ənənəvi məşğuliyyətləri əkinçilik, bağçılıq və qismən də maldarlıqdır. Keçmişdə baramaçılıq və çəltikçilik geniş yayılmışdı.

Rusların (119,3 min nəfər, 2009) Azərbaycana gəlməsi, əsasən, 19-cu əsrin 30-40-cı illərinə - Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Azərbaycanda müstəmləkəçilik siyasətini müvəffəqiyyətlə həyata keçirmək üçün Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana minlərlə rus köçürüldü.

Onlar əsas etibarilə rəsmi rus pravoslav kilsəsi tərəfindən təqib edilən təriqətçilərdən (duxoborlar, molokanlar, subbotniklər və b.) ibarət idi. İlk rus kəndləri 19-cu əsrin 30-40-cı illərində Lənkəran (Prişib, Nikolayevka, Astraxanovka), Şamaxı (Xilmilli, Mərəzə) və Quba (Altıağac və s.) qəzalarında salındı. Rusların Azərbaycana və xüsusilə Muğana gəlməsinin ikinci mərhələsi 20-ci əsrin 20-ci illərinə təsadüf edir. Hazırda rusların əksəriyyəti şəhərlərdə yaşayır.

Ermənilər (120,7 min, 1999), əsasən, Qarabağın dağlıq hissəsində yaşayırlar. Onların bu bölgəyə İran və Türkiyə ərazilərindən kütləvi surətdə köçürülməsinə 19-cu əsrin 20-30-cu illərindən başlanmışdır. Erməni dili hind-Avropa dilləri ailəsinə aiddir. Dini mənsubiyyətlərinə görə əsasən xristian-monofizitdirlər. Ermənistanın Azərbaycana qarşı ərazi iddıası nəticəsində işğal olunmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 2009-cu ildə siyahıyaalma keçirmə mümkün olmamışdır.

2009-cu il siyahiyaalmanın nəticələrinə görə, Azərbaycanda 25,2 min nəfər tatarların, 21,5 min nəfər ukraynların yaşadıqları məlumdur.

Bu sadalananlardan əlavə, ölkə ərazisində 10 min nəfərdən artıq digər millətlərin nümayəndələri də yaşayırlar

Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.