ABŞ-ın Yuta ştatında Azərbaycanın tolerantlıq modelinin təqdir olunduğu bəyannamə qəbul edilib

ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası fevralın 17-də Azərbaycanın tolerantlıq modelinin təqdir olunduğu bəyannamə qəbul edib.

Senatın sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul Yuta ştatı Senatının plenar iclasında çıxış edərək Azərbaycanda müxtəlif dinlərin sülh, tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib və belə bir önəmli sənədin qəbuluna görə senatorlara təşəkkürünü bildirib.

Bəyannaməni təqdim edən senator Cin Deyvis Azərbaycanın 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət yaratdığını və qadınlara ilk dəfə seçki hüququ verdiyini qeyd edib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən senator ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Sonra bəyannamə oxunub.

Bəyannamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini nifrət, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Bəyannamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.

Eyni zamanda, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyi qeyd edilir və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli, bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.

Qeyd edək ki, bəyannamə həmin gün Yuta ştatının Nümayəndələr Palatasında da qəbul olunub. Sənədi Nümayəndələr Palatasının üzvü Lin Heminqvey təqdim edib.

Yuta ştatına işçi səfəri zamanı baş konsul N.Ağayev ştatın vitse-qubernatoru Spenser Koks, Senatın sədri Veyn Niderhauser, Nümayəndələr Palatasının spikeri Qreqori Hyuqs və digər qanunvericilər ilə görüşlər keçirib.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton