Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.
Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.
Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.
Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır.
Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır
Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda bır sıra mədəniyyət mərkəzləri yaradıldı. Milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycan mədəni müxtəlifliyi" layihəsini həyata keçirir.
Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. UNESCO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürmüşlər.
Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s.
Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir.
Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir.
Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur.
Misal olaraq Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndindəki kilsələri göstərmək olar Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi bərpa olunmuşdur. Dövlət tərəfindən Qax rayonu ərazisində yerləşən Allahverdi kilsəsində "Milli azlıqların mədəniyyəti və etnoqrafiyası" adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və həmin layihə Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir.Hazırda, milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Məsələn, dövlət büdcəsindən maliyyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları möhkəmləndirilmişdir. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu verilmişdir. S. Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
2006-cı il oktyabr ayının 16-dan 23-ə qədər UNESKO-nun Paris şəhərindəki mənzil-qərargahında "Azərbaycan həftəsi" adlı mədəni tədbirlər çərçivəsində Azərbaycanda yaşayan milli azlıqlara aid foto-sərgi nümayiş etdirilmişdir. Azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair daha bir foto-sərgi 2009-cu ildə UNESCO-nun mənzil-qərargahında keçirilmişdir.
Dövlət bu qurumları imkan dairəsində ölkə büdcəsindən və Prezident ehtiyat fondu hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir
Milli azlıqların yığcam yaşadıqları Lənkəran şəhəri, Astara, Balakən, Dəvəçi, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Qusar, Lerik, Zaqatala, Masallı rayonlarında fəaliyyət göstərən 41 uşaq musiqi və incəsənət məktəbində 12 mindən çox yeniyetmə müxtəlif ixtisaslar üzrə təhsil alır.
Azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. qəbildən olan bir çox xalq kollektivləri, nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Saatlının "Adıgün" – Axıska türkləri, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", “Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu "Halay", Lerik rayonunun “Laqutto”, Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.Mədəniyyət müəssisələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar. Qax rayon xalq teatrının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Gürcüstan
Respublikasının Laqodexi, Marneuli, Dmanisi, Batumi, Qori şəhərlərinə, Zaqatala rayonunu "Avar", "Saxur" xalq teatrı kollektivlərinin qonşu rayonlara, Lənkəran rayonunun "Şənlik", Astaranın Sevinc , "Əfsur" talış mahnı və rəqs ansambllarının İran, Türkiyə və İraqa səfərləri olmuşdur. Astara rayon Mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində böyük rolu vardır. Kollektivin Tacikistan, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, Rusiya və Türkiyədə çıxışları buna əyani sübutdur. Astarada "Məhsul", "Əkinçi", "Şum" bayramları keçirilir.Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.
2002-ci il 27-28 iyun tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ATƏT-in Azərbaycandakı ofisi ilə birgə "Azərbaycanın mədəni çeşidliyi" adlı elmi-praktiki konfrans keçirilib.
Ruslar Azərbaycanda iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı payını vermişlər. Hələ keçən əsrin 70-ci illərindən respublikada rus dilinin hərtərəfli inkişafı üçün həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. 1970-ci ildən Azərbaycandakı orta məktəblərdə birinci sinifdən rus dili tədris edilməyə başlandı. Bu gün 400 məktəbdə dərslər rus dilində, 21 ali məktəbdən 20-də isə dərslər Azərbaycan və rus dillərində keçirilir.
Azərbaycanda rus dilinə belə yüksək münasibət keçmiş SSRİ ərazisində yaşayan xalqlarla sıx əlaqələr saxlamağa imkan verir.Azərbaycanın siyasi rəhbərliyi ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutmuşdur. Bu fəaliyyət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb.UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub.
Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirilir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirlər. İctimai Televiziya 500-ə yaxın iştirakçısı olan festivalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını bütün dünyaya nümayiş etdirir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.
Bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir. Qeyd etmək lazımdır ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan əməli işin nəticəsində artıq peşəkar şəkildə formalaşan ansambllar meydana gəlib. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir.
Təbii ki, qloballaşma təbii prosesdir və bu, insanları birləşdirir. Amma bu prosesin müsbət tərəfləri ilə yanaşı, bir mənfi cəhəti də özünü göstərir, bu da insanların mədəni irsini, bəzən adət-ənənələrini unutmalarıdır.
Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəsilə ötürülsün.Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar da müvafiq işlər görürlər.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsi yaradılıb. Bu da Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Elə folklor ənənələri var ki, birgə yaşayış prinsipindən irəli gələrək ümumi formaya düşməyə başlayıb.
Bunların arasında başlıca olaraq toy ənənəsini göstərmək olar. Toy hər bir xalqın mədəniyyətinin, folklorunun ayrılmaz hissəsidir. Dünyanın hər yerində xalqların toy ənənələri əsrlərlə formalaşır, xalqın təmsilçisinə çevrilir. Milli azlıqların, hər mahalın, hətta, hər kəndin, elin vaxtı ilə özünə xas maraqlı adətləri indi vahid formada özünü göstərməyə başlayıb. Əmək, mərasim və mövsüm nəğmələri, layla və ağılar, lirik mahnılar və instrumental rəqs havaları hər bir mədəniyyət daxilində xüsusi təzahür formalarına malikdir. Müxtəlif xalqların folklorunda eyni janrların yeri və əhəmiyyəti də müxtəlifdir.Azsaylı xalqların zəngin musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycanın ənənəvi “Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.
Məsələn, ləzgilər, avarlar, saxurlar, rutullular arasında nağara-zurna dəstəsi tərəfindən icra olunan instrumental rəqs havaları aparıcı yer tutsa da, bu folklor mədəniyyətlərində mahnı janrının müxtəlif növ və şəkillərinə də rast gəlirik (laylay, ağı, mərasim nəğmələri, lirik mahnılar). Bu xalqları ümumi musiqi üslubu və çalğı alətləri (nağara, zurna, balaban, tütək, sipsi, tənbur) və eləcə də, tipik melodiya formulları birləşdirir. Eyni zamanda, bəzən onlardan hər birinə məxsus fərqli çalarlar da sezilir.
Ən qədim etnoslardan biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, "halay" mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.
Balakən rayonunun özünəməxsus milli musiqi aləti var ki, bu da yalnız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər balakənlilər öz əlləri ilə düzəltdikləri iki simli tamburdan el şənliklərində musiqi aləti kimi istifadə edirlər. Tamburdan həm kişilər, həm də qadınlar çalaraq laylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər.
2015-ci il aprelin 4-də Qusar Dövlət Ləzgi Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ilk dəfə Qusar şəhər Mədəniyyət Evinin səhnəsində ləzgi dilində səhnələşdirməsi multikulturalizm ənənlələrinin davam etməsinin əyani göstəricisi idi.
Təbii ki, müxtəlif səpkili tədbirlərin keçirilməsi, heç şübhəsiz, milli azlıqların adət-ənənələrinin, bir sözlə, mədəni irsinin qorunub saxlanılmasına birbaşa xidmət göstərsə də, burada başlıca məqsəd xalqlar arasında qardaşlığa, səmimi ünsiyyətə, mehriban birgəyaşayışa maneə olmadığını, əksinə, buna stimul verdiyini göstərməkdir.
Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.