Tolerantlıq

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.

Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. 7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində, o cümlədən də Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir.

Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab edilir. Alban-udi xristian dini icmasının qeydə alınması xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaranmışdır. Azərbaycanda ilk yayılan protestant təriqəti lüteranlıqdır. Ölkəmizdə lüteranlığın yaranması XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır.

Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir.
Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparmışlar.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.

Heydər Əliyev Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmır, həmişə bunu yüksək qiymətləndirirdi.

Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir.

Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu, az qala, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir.

Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür.

Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar.

Vaxtı ilə Şəmkir və Göygöl rayonlarında kompakt halda yaşamış alman-lüteranlar II Dünya müharibəsi zamanı Sovet hakimiyyəti tərəfindən deportasiya edilmişlər. Digər protestant təriqətlərə mənsub şəxslərin sayı bir neçə min nəfərdir. Bunlar əsasən adventistlər, baptistlər, əllincilər, Yehovanın şahidləri və digərləridir. Onlar əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir.

Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.
Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir. İbadət evləri ilə yanaşı, respublikada xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.

1 avqust 2015-ci ilin məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 632 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibət mövcuddur. Bu münasibət qarşılıqlı hörmətə, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanır.

Bu gün Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

Böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər hazırda davam etdirilir.

Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb.

Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması təbii və zəruri prosesdir.

Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.

Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilib.

Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunub.

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləmişdir.

Bu gün Qərbdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də var. Lakin tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün Azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyət də məhz budur.