Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində “Sülh və qarşılıqlı anlaşma naminə” adlı tədbir təşkil edilib.
Tədbir çərçivəsində paytaxt Vaşinqtonda yerləşən keçmiş və hazırkı ABŞ Konqresi üzvlərinin həyat yoldaşlarından ibarət qeyri-formal qrup, akademik dairə mənsubları və ictimaiyyət nümayəndələri səfirliyin qonağı olublar.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, eləcə də Corctaun Universitetinin və Atlantik Şuranın araşdırmaçısı, professor Brenda Şeyfer və Vaşinqtondakı “Müqəddəs üçlük” kilsəsinin pastoru, Müqəddəs Cozef Universitetinin sabiq prezidenti Kevin Cillespi çıxış ediblər.
Qeyri-formal qrupun təşəbbüskarı Ketrin Smis açılış nitqi ilə çıxış edərək bu yığıncağın müxtəlif konfessiya mənsubları arasında tolerantlığın bərqərar olması baxımından əhəmiyyətini qeyd edib.
Səfir Elin Süleymanov çıxışında Azərbaycanda mövcud olan zəngin tolerantlıq ənənələrinin tarixi barədə məlumat verib. Şərqdə ilk demokratik respublika olan Azərbaycanda bir çox ölkələrdən, hətta ABŞ-dan bir il öncə qadınlara seçki hüququnun verildiyi diqqətə çatdırılıb. Səfir həmin dövrdə Azərbaycan dövlətinin inqilabi mütərəqqi yanaşmalar ortaya qoyduğunu, dini və etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdəki bütün insanlara vətəndaşlıq verdiyini vurğulayıb.
Diplomat bu gün də Azərbaycanda tolerant və multikultural bir mühitin olduğunu, bütün konfessiya mənsublarının əmin-amanlıq içərisində yaşadıqlarını, yəhudi və xristian icmalarının fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdıran diplomat dünyanın bir çox bölgələrində ekstremist meyil və cərəyanların gücləndiyi bir zamanda Azərbaycanın müsbət nümunəyə çevrildiyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə yazıçı Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilmiş eyniadlı filmin Nyu-York şəhərində keçirilmiş premyerasından söhbət açılıb. Səfir iki fərqli dindən olan azərbaycanlı və gürcü gəncin sevgi hekayəsini təsvir edən bu filmin ölkəmizdəki tolerantlıq ənənələrini tərənnüm etdiyini vurğulayıb.
Professor Brenda Şeyfer çıxışında SSRİ dövründə Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdə yəhudilərə hələ o vaxt göstərilən xoş münasibətə heyran qaldığını bildirib. Professor yəhudi icmasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, hətta həmin dövlətin ilk səhiyyə nazirinin də yəhudi mənşəli olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, alman nasistlərinin təqibindən qaçan yüzlərlə yəhudiyə Azərbaycanın qucaq açdığını və buna görə azərbaycanlılara həmişə minnətdar olduğunu söyləyib.
Kevin Cillespi də dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, digər dövlətlərə bu təcrübəni öyrənməyi tövsiyə edib. O, həmçinin islam, xristianlıq və yəhudiliyin dünyaya eyni baxışdan yanaşdığını, bu dinlərin ortaq əsasa malik olduğunu vurğulayıb, hər üç din mənsublarını bir-birindən öyrənməyə, birlik üçün çalışmağa çağırıb.
Çıxışlardan sonra tədbir iştirakçıları spikerlərlə birlikdə mədəniyyətlərarası dialoq və tolerantlıq mövzusunda fikir mübadiləsi aparıblar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton