Hindistanın Sri Sri Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərslər BBMM və Sri Sri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında keçirilir. Fənni Sri Sri Universitetində Kənan Məmmədov tədris edir. Tədrisə hazırlıqlara 2017-ci ilin noyabrından start verilib və universitetin düşərgəsində, eyni zamanda, elektron ünvanda dərslərlə bağlı elanlar paylanılıb.
Açılış dərsində universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi və tələbələr çıxış ediblər. Dərslər üçün qeydiyyatdan keçən hindistanlı tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin Hindistan universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız və multikultural vəziyyət ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak etmək üçün şans qazanacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 18 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.
Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici məqam ondan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, bu yaxınlarda işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.
AZƏRTAC