Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Rəşad İlyasov da təmsil olunub.
Konfransla bağlı təəssüratlarını bölüşən R.İlyasov deyib: “Multikultural mühit baxımından İsveçrə multikulturalizmi dünyada aparıcı modellərdən hesab olunur. Məhz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunduğu gündən etibarən ölkəmizin multikulturalizm modelini müqayisəli şəkildə təbliğ və təşviq etmək üçün İsveçrə ilə də əməkdaşlıq edir. İsveçrənin Friburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, 2015-ci ildə Çenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” adlı kitabın təqdimatında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun fəal iştirakı və çıxışı qısa vaxtda yaranan münasibətlərin bariz nümunəsidir. Məhz bu istiqamətdə yeni bir addım olaraq Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirildi.
Qeyd etməliyəm ki, federalizm çoxçalarlı İsveçrə cəmiyyətini yüz illərlə birləşdirən amil olub. Məhz ərazi-dil prinsipli federalizmin tarixən mühüm siyasi irs və dəyər hesab edilməsi, İsveçrə cəmiyyətini din və dil icmalarına parçalanmadan xilas edib. Bu kontekstdə 2014-cü ildə istifadəyə verilən “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun binası həm qlobal arenada, həm də İsveçrə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Dinlər Evində Xristianlıq, İslam, Buddizm, Hinduizm, Ələvilik, Siqh dinlərinə aid ibadət yerləri mövcuddur. Hər bir otaq geniş şəkildə olmaqla daxili qapılarla bir-birlərinə açılır. Beş yüz nəfərlik məscid, Hinduizmə aid geniş ibadət və festival yeri, Xristian məzhəblərinin hər birini əks etdirən rəsmli ibadət yeri, isveçrəlilər tərəfindən yeni din olaraq qəbul edilən və İsveçrədə geniş yayılan Ələviliyin sazlı otağı Dinlər Evinin müxtəlif dini çalarları özündə ehtiva etməsi baxımından əlamətdardır. Dinlər Evində, eyni zamanda, müxtəlif din mənsublarının uşaqları üçün də xüsusi otaqlar və tədris kursları mövcuddur. Burada onlar üçün məşğələlər keçirilir”.
Konfransın Dinlər Evində keçirilən ilk böyük tədbir olduğunu deyən BBMM-nin şöbə müdiri bildirib: “Tədbirdə Multikulturalizm Mərkəzinin yarandığı gündən etibarən uğurlu işləri, ölkə daxilindəki və xaricindəki fəaliyyəti, o cümlədən Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən yay və qış məktəblərinin də yer aldığı virtual “dəyirmi masa”lar haqqında məlumat verdim. Yay və qış məktəbi iştirakçıları tərəfindən yeni yaradılan “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu haqqında ətraflı danışdım. Məhz bu məqamlar tədbir iştirakçıları tərəfindən alqışlandı və ciddi sualların ünvanlanmasına səbəb oldu.
Tədbirin moderatoru Brigitta Rotachın “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun rəhbəri Qerda Hauka ingilis dilində “Literary Sources of Azerbaijani Multiculturalism” kitabını təqdim etdikdən sonra mənə ilk sualı belə oldu: “Bu kitabla bağlı Qərbdən sizə elmi reaksiyalar və mülahizələr gəldimi?” Mən cavabımda bu kitabın yeni nəşr olunduğunu və ilk olaraq İsveçrədə təqdim edildiyini söylədim və onların reaksiya və təkliflərini gözlədiyimizi bildirdim.
2016-cı ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə də görüşən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter ölkəmizdə multikulturalizm və sosial-iqtisadi münasibətlərin necə qurulması ilə bağlı ünvanladığı suala cavabımda Multikulturalizm Mərkəzinin nəşr etdiyi I virtual “dəyirmi masa” olaraq, “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” adlı üç dildə nəşr olunan broşürdən danışdım və kitabçanı cənab Vinterə təqdim etdim. “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” təşkilatının rəhbəri Qerda Hauk da bu broşürdən istədi və mən ona da Multikulturalizm Mərkəzi adından kitabçanı hədiyyə etdim.
Bern Şulkrays Betlehem kollecinin müəllimi Rut Bielmann BBMM-nin həyata keçirdiyi yay və qış məktəbləri barəsində sual verərək bu istiqamətdə Azərbaycandakı məktəblərlə əməkdaşlıq perspektivləri ilə bağlı suallar verdi. Xanım Rut Bielmanna yay və qış məktəblərinin fəaliyyəti haqda BBMM tərəfindən nəşr olunan virtual “dəyirmi masa” materiallarını təqdim etdim.
Konfransda Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Fransada yaşayan yəhudilər ilə Azərbaycanda yaşayan yəhudilər arasında sosial müqayisə aparması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Belə ki, Milix Yevdayev Fransız yəhudilərinin “Biz Fransada küçədə fransız, evdə yəhudiyik” sözlərinə qarşılıq olaraq “Biz Azərbaycanda həm küçədə, həm də evdə yəhudiyik” deməsinin reallığı əks etdirdiyini vurğuladı.
Qeyd etməliyəm ki, İsveçrədəki səfirimiz Əkrəm Zeynallı və səfirlik əməkdaşları bu tədbirin yüksək səviyyədə keçirilməsi, Azərbaycan multikulturalizminin İsveçrədə təbliği və təşviqi istiqamətində əllərindən gələni əsirgəmədilər.
İsveçrədəki bu tədbir bir daha göstərdi ki, Azərbaycanın multikulturalizm modeli elmi-ədəbi, siyasi və hüquqi cəhətdən Avropada və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və tədqiq olunur”.
AZƏRTAC