“Özbəkistan-Azərbaycan” və “Özbəkistan-Gürcüstan” Dostluq cəmiyyətlərinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Millətlərarası həmrəylik və tolerantlıq sabitliyin açarıdır” mövzusunda seminar keçirilib.
Tədbirdə hər iki cəmiyyətin, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərləri və əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Seminarda “Müasir dünyada mədəniyyətlərarası dialoq”, “Özbəkistan multikultural cəmiyyətin bir üzvü kimi”, “Tolerantlıq və həmrəylik sabitliyin qarantı kimi” və digər mövzularda məruzələr dinlənilib.
AMM-nin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub.
Azərbaycan dünyada ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
S.Abbasov Azərbaycan-Özbəkistan dostluğu, ölkələrimiz arasındakı mədəni əlaqələr haqqında da söhbət açıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd