Sumı Dövlət Universitetində Azərbaycan multikulturalizminə həsr olunan tədbir keçirilib

Sumı Dövlət Universitetinin akt zalında Azərbaycan multikulturalizminə və Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri tarix elmləri namizədi, Sumı Dövlət Universitetinin Tarix kafedrasının dosenti Anatoli Qonçarenko açaraq, Ukrayna ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın, xüsusilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığın inkişafının vacibliyi barədə danışıb. Tarix elmləri doktoru, Sumı Dövlət Universitetinin Tarix kafedrasının müdiri, professor Sergey Deqtyarov da tədbirin qonaqlarını salamlayıb.

Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri konsulu, siyasi elmlər namizədi Əfqan Salmanov qonaqlar qarşısında çıxış edərək, Ukrayna-Azərbaycan münasibətlərinin tarixindən söhbət açıb.

O, tələbələrə Ukraynanın Azərbaycanı Vətən müharibəsində dəstəkləməsindən, koronavirus pandemiyasının başlanğıcında Azərbaycanın Ukraynaya kömək etməsindən, dünya səviyyəli tədbirlərdə ölkələrimizin bir-birini dəstəkləməsindən, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Xarkovda Azərbaycanın dahi şairi, filosof, mütəfəkkir Nizaminin abidəsinin açılışından danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk tələbələrə Azərbaycan multikulturalizminin konsepsiyası barədə söhbət açıb. M.Qonçaruk deyib: “Azərbaycan ümumbəşəri dəyərləri və humanizmi təbliğ etmək, eləcə də dünyada mədəniyyətlərarası dialoqun inkişafına kömək etmək kimi ali missiyanı öz üzərinə götürüb. Ukrayna da müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı multikultural və tolerant ölkədir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev