Noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Helsinkidə, Tehranda, İstanbulda, Daşkənddə və Madriddə keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutan bu konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının institut rəhbərləri, din xadimlərindən ibarət geniştərkibli nümayəndə heyəti iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Sankt-Peterburq Dövlət Universitetinin, Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu üzrə Ruhani İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransın əvvəlində müqəddəs Qurani-Kərimdən ayələr oxundu.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirakçılara Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırdı.
Şeyxülislam bildirdi ki, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət strategiyası qismində çıxış edir. Dövlətimizin başçısının qlobal səviyyədə ümumbəşəri və dini dəyərlərin müdafiəçisi kimi çıxış etməsi, “Multikulturalizm İli”nin ardınca 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi beynəlxalq müstəvidə ksenofobiya, islamofobiyanın aradan qaldırılması işinə güclü təkan verir. Rusiya Federasiyasında da ənənəvi dinlərə hər zaman diqqət və dəstəyin olduğunu vurğulayan Allahşükür Paşazadə bildirdi ki, Rusiya üçün İslam dünyasına, müsəlman mədəniyyətinə hər zaman ehtiramlı münasibət səciyyəvi olub və bununla da bu ölkə dünya miqyasında müsəlmanların inam və hörmətini qazanıb.
Allahşükür Paşazadə vurğuladı ki, Rusiya və Azərbaycan prezidentlərinin xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı səmimi münasibətlərin inkişafı naminə səyləri ölkələrimizdə çox müsbət qarşılanır.
Şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirillə bərabər Azərbaycanın və Rusiyanın dini liderləri, MDB Dinlərarası Şurasının həmsədrləri olaraq istər ölkələrimizdə, istərsə də MDB məkanında çoxkonfessiyalı və çoxmillətli cəmiyyətin birliyinin qorunub saxlanılmasını vacib vəzifə kimi qarşılarına məqsəd qoyduqlarını diqqətə çatdırdı. QMİ sədri bildirdi ki, xalqlarımız arasında mövcud olan səmimi münasibətlər və xoş əlaqələr olduqca dəyərli tarixi nailiyyətdir və bu dəyəri qoruyub saxlamaq və inkişaf etdirmək zəruridir.
Allahşükür Paşazadə qeyd etdi ki, bu gün dünyada islamofobiya, ksenofobiya meyilləri güclənib və bu, fəaliyyətimizin daha intensiv, daha səmərəli olmasını zəruri edir. O, yaşadığımız regionun sabitliyinə və tərəqqisinə böyük əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, problemin beynəlxalq hüququn norma və prinsiplərin əsasında həllinin vacibliyini bildirdi. Şeyxülislam münaqişənin sülh yolu ilə ədalətli həllini dəstəklədiyinə görə Patriarx Kirillə minnətdarlığını bildirdi, Rus Pravoslav Kilsəsinin problemin dinlərarası qarşıdurma müstəvisinə keçməsinin qarşısını aldığını vurğuladı.
Sonra Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun konfrans iştirakçılarına müraciətini oxudu.
Həmçinin Moskva və bütün Rusiyanın patriarxı Kirillin tədbir iştirakçılarına müraciəti səsləndirildi.
Müraciətdə bildirilir ki, Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə yüksək səviyyəli qarşılıqlı etimada söykənən münasibətlərdən çox məmnundur. Bu əlaqələrin qurulmasında, münasibətlərin qorunub saxlanılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin böyük rolu var.
Daha sonra Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun müraciəti oxundu.
Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb, bir müddət əvvəl Moskvada keçirilən dini liderlərin görüşünü xatırladıb. Səfir vurğulayıb ki, bu gün Rusiyanın şimal paytaxtında keçirilən bu beynəlxalq konfrans xalqlarımız və ölkələrimiz arasında mehriban dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. O, Azərbaycan və Rusiya prezidentlərinin yaxın dostluq münasibətlərinin bütün sahələrə müsbət təsirini qeyd edib.
Konfrans çərçivəsində keçirilən plenar iclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışıb. Komitə sədri deyib ki, Azərbaycanda dini sabitlik hökm sürür. Burada bütün dinlərin nümayəndələri sakit, rahat həyat sürürlər. Bu gün Azərbaycan öz tarixinin ən maraqlı səhifələrindən birini yaşayır. Azərbaycanda 28 qeyri-islam dini icması fəaliyyət göstərir. Onlardan 17-si xristian dininin müxtəlif cərəyanlarına aiddir. Ən böyük qeyri-islam dini təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan, eyni zamanda, qədim kilsələrdən birinin - Alban Kilsəsinin vətənidir. Bu, şərqi pravoslavlığa aiddir. Alban udinləri tarixi Qafqaz Albaniyasının nəslindəndir. Udinlər bu günə kimi bizim ölkəmizdə yaşayırlar. Azərbaycanda tarixən formalaşmış tolerant adət-ənənələr sayəsində udinlər müsəlmanlar arasında öz doğma dillərini, dini xüsusiyyətlərini qoruyub saxlaya biliblər.
Plenar iclasda “Rusiya-İslam Dünyası” Strateji Baxış Qrupunun koordinatoru Veniamin Popov, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, müfti İsmayıl Verdiyev, Milli Məclisin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkin, akademiyanın Əlyazmalar İnstitutunun direktoru İrina Popova və AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli çıxış ediblər.
Tədbir çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu üzrə Ruhani İdarəsi arasında əməkdaşlığa dair razılaşma imzalanıb.
Şahin Hüseynzadə
AZƏRTAC-ın müxbiri
Sankt-Peterburq