Praqada “Media və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib

Noyabrın 7-də Çexiya Xarici İşlər Nazirliyi, Praqa Beynəlxalq Əlaqələr İnstitutu və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun birgə əməkdaşlığı ilə “Media və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Çexiya Xarici İşlər Nazirliyində keçirilən konfransın açılışında xarici işlər naziri Lubomir Zaoralek, səfir, İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun sədri Fərid Şəfiyev, Praqa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Petr Kratoçvil çıxış ediblər. Açılış çıxışlarından sonra konfransın panelində mühazirəçi qismində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

İƏT Praqa Qrupunun sədri qismində çıxış edən Fərid Şəfiyev konfransın əhəmiyyəti haqqında söhbət açıb və medianın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rola diqqəti cəlb edib. Səfir dünyada artmaqda olan ksenofobiya və dözümsüzlük halları müstəvisində problemli məsələlərin dialoq və birgə anlaşma vasitəsilə həll edilməsinin vacibliyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edildiyini, Bakıda həm İslam Həmrəyliyi Oyunları, həm də Avropa Oyunlarının təşkil edildiyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxışında Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr, “Bakı prosesi” və Azərbaycanın bu sahədə apardığı uğurlu siyasət barədə danışaraq, diqqəti artan islamofobiya, ksenofobiya kimi mənfi tendensiyalara çəkib. O, həmçinin islamofob təfəkkürü əsasında bəzi siyasi dairələr tərəfindən aparılan dezinformasiya kampaniyaları, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalması, Azərbaycana qarşı təcavüzkarlığını gizlətmək üçün Ermənistan və erməni lobbi dairələrinin münaqişəyə dini don geyindirmək cəhdlərinə toxunub.

Konfransda Çexiyanın dövlət qurumları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, ali təhsil müəssisələrinin professor və tələbələri iştirak ediblər.

AZƏRTAC