Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Cenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” adlı kitabın təqdimatı olub.
Şuranın mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, tədbir İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində reallaşıb.
Mərkəzin direktorunun müavini Daniel Varner layihəni dəstəklədiyinə görə Şuraya təşəkkürünü bildirib. O qeyd edib ki, müxtəlif regionlarda yerləşən Azərbaycan və İsveçrə multikulturalizm və dünyəviliyin qorunub saxlanılması baxımından ortaq dəyərlərə malikdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxış edərək ölkəmizdə müxtəlif dinlərə və etnoslara mənsub olan şəxslərin əsrlər boyu sülh şəhərində yaşadığını, multikulturalizmin qorunmasının dövlət siyasəti olduğunu bildirib. O, konkret faktlarla Azərbaycanda milli və dini azlıqların hüquq və azadlıqlarının qorunması üçün dövlət səviyyəsində atılan addımlar, habelə multikulturalizmin hüquqi aspektləri haqqında məlumat verib. İcraçı direktor deyib ki, son vaxtlar dünyada multikulturalizm ənənələrinin qorunmasına qarşı təhdidlərin artdığı bir vaxtda Azərbaycanda müxtəlif xalqların birgəyaşayışı nümunəvi model kimi öyrənilə bilər.
Kitabın İsveçrəyə həsr olunan bölməsini bu ölkənin Friburq Universitetinin əməkdaşı Nikolas Şmit təqdim edib. O, İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərin tarixi haqqında danışıb və bu məsələdə federalizm ənənələrinin rolunu qeyd edib. İsveçrəli alim təəssüflə bildirib ki, Avropada miqrantlara və dominant olan millətlərə mənsub olmayan şəxslərə qarşı artan fobiya onun ölkəsinə də mənfi təsirini göstərməyə başlayıb.
Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Filip Lefort həm Azərbaycanda, həm də İsveçrədə multikulturalizm və dünyəviliyin qorunub saxlanılmasını yüksək qiymətləndirib.
Təqdimat mərasimi iki ölkə arasında multikulturalizm dəyərlərinin təbliği sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam etdirilib.
Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı da iştirak edib.
AZƏRTAC