Çexiyada Azərbaycan multikulturalizmi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçirildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. “Azərbaycan multikulturalizmi” fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində görülən işlər barədə danışıb.

Roza Şəfiyeva bildirib ki, dərslər bu ilin mart-iyun ayları ərzində Karlov Universitetinin fəlsəfə fakültəsinin Şərqi Avropa ixtisası və musiqi bölməsinin tələbələrindən, eləcə də universitetdə Ukrayna dilini tədris edən müəllimdən ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təqdim edilən tədris proqramı əsasında keçilib. Tədrisin sonunda müdavimlər uğurlu nəticə göstəriblər.

Pedaqoq Praqada olduğu müddətdə “Çex mərkəzləri” təşkilatının əməkdaşları ilə görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Təşkilatın rəhbərliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.

Roza Şəfiyevanın təşəbbüsü və “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələrin iştirakı ilə aprel ayında Karlov Universitetində “Azərbaycan mətbəxi” günü keçirilib. Tədbirdə tələbələr milli mətbəximizə aid təamlar hazırlayıblar, Azərbaycan xalq musiqilərini dinləyiblər. Tədbirin sonunda iştirakçılara milli mətbəximizi əks etdirən “Azerbaijani cuisine” adlı kitab hədiyyə olunub.

Çexiyada Azərbaycanla bağlı daha bir maraqlı təqdimatı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi Qış məktəbinin iştirakçısı, eyni zamanda, 2015-ci ildə “Azərbaycan multikulturalizmi” fənninin dinləyicisi Yakup Blinka təqdim edib. Yakup Blinka həmin kursun hazırkı dinləyiciləri ilə Qış məktəbi haqqında təəssüratlarını bölüşüb, dərs zamanı Azərbaycan haqqında dinlədiyi, oxuduğu məlumatları çatdırıb, burada müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birlikdə sülh içində yaşadıqlarını öz gözləri ilə gördüyünü bildirib və Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb. O, Azərbaycanla bağlı sualları cavablandırıb, bütün dinləyiciləri növbəti Yay məktəbində iştiraka dəvət edib.

R.Şəfiyeva Azərbaycanın Çexiyadaki səfirliyinin, xüsusilə səfir Fərid Şəfiyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrə dəstək olduğunu, “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini diqqətə çatdırıb.

O deyib ki, Azərbaycanın Çexiyadakı səfiri aprel ayında Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə görüşüb. “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı” mövzusunda oxunan mühazirədən sonra tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizin daxili və xarici siyasəti, tarixi və s. ilə bağlı maraq doğuran suallarla səfirə müraciət ediblər. Səfir tələbələrin Azərbaycanla bağlı biliklərinin artması üçün mövcud imkanlar çərçivəsində səfirliyin dəstəyini əsirgəməyəcəyini bildirib. Səfirlik əməkdaşları ilə daha bir görüş may ayında keçirilib. Səfir Fərid Şəfiyev və səfirliyin mədəniyyət və humanitar məsələləri üzrə müşaviri Nigar Əfəndiyeva Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə səfirlikdə keçirilən görüşdə Azərbaycanla bağlı planlaşdırılan tədbirlər barədə məlumat verib. O, tələbələri səfirlikdə yerləşən Azərbaycan mədəniyyəti və tarixi nümunələri ilə tanış edib. Sonda tələbələrə Azərbaycanla bağlı kitablar paylanılıb.

AZƏRTAC