Multikulturalizmin Azərbaycan modeli çoxkonfessiyalı və polietnik cəmiyyətin ahəngdar həyatını tənzimləyən universal və funksional alqoritm kimi dünyada getdikcə daha çox tanınır. Müxtəlif ölkələri təmsil edən insanların Azərbaycan cəmiyyətinin multikultural mühiti ilə tanış olduqdan sonra gördüklərini müasirləri ilə paylaşmağı özlərinə mənəvi borc saymaqla göstərdikləri könüllü təşəbbüs buna sübutdur. Müsbət təcrübəni yaymaq üçün bu insanlar daha çox sözün gücündən istifadə edir, mediada çıxışları vasitəsilə müasir Azərbaycanın həyatı haqqında həqiqətləri, titullu millətlə bərabər şərtlərdə bütün azlıqların öz ənənəsini, dilini və dinini qoruyub saxlaması sahəsində mədəni plüralizm sisteminin yaradılması kimi faydalı təcrübəni oxuculara çatdırır.
Son zamanlar Bakını ziyarət edən ABŞ-dan olan müstəqil jurnalist Nyurit Qrinqer Azərbaycanın keçmişi və bugünü, inamla öz gələcəyini yaradan ölkənin zəngin etnik-dini kompozisiyası haqqında çoxlu material toplayıb. O, şəxsi müşahidələrinin nəticələrini öz ölkəsindəki “News Blaze” portalında yerləşdirdiyi məqalədə əks etdirib.
AZƏRTAC bu məqaləni oxucuların diqqətinə çatdırır:
Azərbaycan öz mədəniyyətlərarası-multikultural düşüncə tərzini paylaşır
Azərbaycan Sovet İttifaqının tərkib hissəsi olub və 1991-ci il avqustun 30-da sovet əsarətindən qurtulduğunu bəyan edib. Əslində ilk dəfə 1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti ilk demokratik müsəlman dövləti olub. Müstəqilliyini iki ildən sonra itirən Azərbaycan 1922-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası adı ilə Sovet İttifaqının tərkibinə daxil edilib.
Müasir Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də - Azərbaycan Ali Sovetinin dövlət müstəqilliyi haqqında Bəyannaməsi ilə elan edib. 1991-ci il dekabrın 26-da SSRİ-nin rəsmi süqutunadək həmin ay keçirilən ümumxalq referendumunda bu Bəyannamə təsdiq edilib. Amma azərbaycanlılar müstəqil respublikada yaşamağa 1991-ci ilin sentyabrından – Qarabağ müharibəsi başlandığı vaxtdan düşüncəli şəkildə köklənmişdilər. Ermənistan tanınmış sərhədləri və Azərbaycanın suverenliyini pozaraq Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayona təcavüzkar hərbi nəzarəti ələ keçirmişdi. Beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan bu regionlar problemin həllini - BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycandan çıxarılmasına dair 4 qətnaməsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun vasitəçiliyi ilə icra edilməsini ümidlə gözləyirlər.
Hər halda, nəticəsiz diplomatik səylərin, öz evlərini tərk etməyə məcbur edilmiş və Azərbaycan hökuməti tərəfindən respublikanın digər regionlarında yerləşdirilmiş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, habelə bu ədalətsizlikdən əziyyət çəkən əhalinin ağrı-acısına rəğmən Azərbaycan bütün vətəndaşlarını əhatə edən və yaxşı tanınan tolerantlıq, dinc yanaşı yaşama yoluna davam edir.
Bu, Azərbaycanda multikulturalizm adlanır, mən isə bunu interkulturalizm kimi səciyyələndirirəm. İnsanlar cəmiyyətdə bir çox özünəməxsus mədəni və etnik qrupların varlığını və dəstəklənməsini xarakterizə edən müasir sosial termin – multikulturalizm ilə daha çox tanışdırlar.
Azərbaycanda olarkən, mən bu ölkədə interkulturalizmin birləşdirici amilini aydın şəkildə görürəm; interkulturalizm mədəniyyətlərarası dialoqun dəstəklənməsi, mədəniyyətlərdə seqrasiya meyillərinə çağırışdır. Bu, cəmiyyətdə uğurla birgə yaşayan mədəniyyətlərin rəngarəngliyinə dair multikultural faktın passiv qəbul edilməsi çərçivəsini aşmaq, dialoqu gücləndirmək və mədəniyyətlərin qarşılıqlı fəaliyyətini təmin etməyi ehtiva edir.
İslam haqqında düşünürkən...
İnsan müsəlman ölkəsi haqqında düşündükdə təsəvvüründə mütləqiyyət, insan haqları və azadlıqlarının pozulması, sosial narazılıq və zorakılıq, daxili mübarizə və öz həyatı üçün təhlükə canlandırır. Lakin bu, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycana qətiyyən aid deyil.
Mən, yəhudi qadın kimi Azərbaycanı ziyarət edəndə müsəlmanlar tərəfindən hər hansı qərəz axtarırdım. Lakin heç nə tapa bilmədim. Bunun əvəzinə mən səbirli, tərbiyəli, açıq və qonaqpərvər insanlarla qarşılaşdım. Gənc ölkə əlindən gələn hər şeyi edir ki, köhnə nəslin alışdığı kommunist düşüncə tərzindən qurtulsun, liderlik estafetini ölkəni bütün aspektlər üzrə böyük zirvələrə aparan yüksək təhsilli, mütərəqqi düşüncəli gənclərə versin.
Azərbaycan - nikbinliklə dolu ölkə
Nikbinlik Azərbaycanda özünü insanların yaxınlarına həssas münasibətində büruzə verir.
Neftlə zəngin ölkə olmasına baxmayaraq, bu, Azərbaycanın əsas sərvəti deyil. Ölkənin başlıca sərvəti mənim təkidlə interkulturalizm adlandırmağa çağırdığım, gündəlik həyat tərzi olan multikulturalizmdir.
Azərbaycan paytaxtına səfərim zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi baş çəkdiyim əsas yerdir. Bu mərkəzin dünyanın bir çox ölkəsində filialları fəaliyyət göstərir. Növbəti filial bu ay, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda Qarşılıqlı Anlaşma Memorandumunun rəsmi imzalanması mərasimindən sonra fəaliyyətə başladı. Azərbaycanda 28 etnik qrup harmoniya şəraitində yaşayır, üç monoteist din – İslam, yəhudi dini, xristianlıq qeyd-şərtsiz olaraq bir-birinə hörmətlə yanaşır. Həqiqətdə, dinc yanaşı yaşamaq, bir-birini qəbul etmək və hərtərəfli vəhdət Azərbaycanın bütün dünyaya yaydığı yeni dinidir. Ölkə tolerantlıq məsələlərinə dair ardıcıl dialoqu nəzərdə tutan öz mədəniyyətlərarası platformasının, konfessiyalararası etimad və harmoniyanın daşıyıcısı, missioneridir. Azərbaycanda hesab edirlər ki, bu, əmin-aman dünyaya aparan yoldur.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində ümumi seçki hüququ həyata keçirilib. Bu, Azərbaycanı qadınların azad olduğu və onlara seçki hüququ verildiyi ilk müsəlman ölkəsi etdi.
Amerikan qadınlarına səsvermə hüququ verən və “Qadınların Seçki Hüququ” adı ilə tanınan ABŞ Konstitusiyasına 19-cu Əlavə 1920-ci il avqustun 18-də ratifikasiya olunub.
Əgər Azərbaycanda qadınlara seçki hüququ dünyanın ən azad ölkəsi kimi tanınan ABŞ-dan tez verilibsə, təsəvvür edirsinizmi ki, bu açıq cəmiyyəti gələcəkdə nələr gözləyir?
Nurit Greenger
February 8, 2018
https://newsblaze.com/world/israel/azerbaijan-branches-its-intercultural-multiculturalism-mindset_125422/