Mərakeş portalı Azərbaycanın multikulturalizm ənənələrindən yazır

Mərakeşin “Aldar” xəbər portalında “Azərbaycanın multikulturalizm və dini tolerantlıq modeli – dünya gənclərinin diqqət mərkəzində” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunmuş “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumuna dünyanın müxtəlif ölkələrindən olan gənclərin qatıldığı bildirilir.

Qeyd edilir ki, Forum çərçivəsində dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsi yolları müzakirə edilib, multikulturalizmin möhkəmləndirilməsi üçün gənc liderlərin hazırlanması sahəsində seminarlar təşkil edilib.

“Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilən ilk sessiyanın moderatoru İrina Kunina qeyd edib ki, multikulturalizmin müasir dövrdə öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənən bir sıra modelləri var. Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.

Moderator multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini, ölkədə ayrı-ayrı millətlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını vurğulayıb.

Yazıda Azərbaycanın multikulturalizm modelindən bəhs edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov sessiyadakı çıxışına istinad olunaraq bildirilir ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi göstərilir və eyni zamanda, öyrənilir. Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Abbas İsmayılov dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. A.İsmayılov qeyd edib ki, multikulturalizm və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər dövlət-din münasibətlərinin, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsinə xidmət edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbirdəki çıxışına Forumun əhəmiyyəti və Yay məktəbi, ölkədəki tolerantlıq və birgəyaşayış ənənələri, multikulturalizm mühiti barədə məlumat verib.

Qeyd edilir ki, Beynəlxalq Multikulturalizm Məktəbinin Bakı şəhəri ilə yanaşı Şəki, Oğuz və Qəbələ rayonlarını da əhatə edib. İştirakçılar yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat