"The Jerusalem Post" qəzeti Azərbaycanın uğurlu multikulturalizm siyasətindən yazıb

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik "The Jerusalem Post" qəzetində "Yəmən və Azərbaycan yəhudilərinin irsi" sərlövhəli məqalə dərc edilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, İsrailin sabiq rabitə, kiber və peyk naziri Ayub Karanın müəllifi olduğu məqalədə dünyada alovlanan antisemitizm dalğası fonunda Azərbaycandakı multikulturalizm siyasətindən və yəhudilərə xoş münasibətdən bəhs edilib. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasi kursu Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla həyata keçirir.

Məqalədə dünyanın aparıcı demokratik ölkələrində yəhudi icmalarına qarşı diskriminasiya siyasətinin dərinləşdiyi, amma Azərbaycan dövlətinin öz yəhudi vətəndaşlarına onların milli inkişafı üçün müxtəlif subsidiya və digər maliyyə dəstəyi göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, sinaqoqların tikintisi və yəhudilərə məxsus digər milli-dini institutların dirçəlişi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Azərbaycan, həmçinin sinaqoqların gecələr bağlanmadığı yeganə ölkədir.

Eyni zamanda, Azərbaycan yəhudilərinin öz vətənlərinin ərazi bütövlüyü uğrunda Birinci və İkinci Qarabağ müharibələrində yaxından iştirak etdikləri, Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə yəhudi Albert Aqarunovun bu müqəddəs amal uğrunda şəhid olduğu vurğulanıb.

Müəllif hesab edir ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi yəhudilərə və yəhudiliyə göstərdiyi ehtiram digər ölkələrdə yaşayan yəhudilər üçün bir xəyaldır. Keçən il Azərbaycana etdiyi səfər çərçivəsində Qubadakı Qırmızı Qəsəbədə, habelə işğaldan azad edilmiş ərazilərdə olduğunu xatırladan Ayub Kara bildirib ki, Ulu Öndərin doğum günündə – mayın 10-da rəhbəri olduğu İqtisadi Sülh Mərkəzi Yəmən Yəhudiləri Assosiasiyası ilə birlikdə "Azərbaycanın yəhudi icmasından Yəmən yəhudilərinə – iki icmanın tarixi" mövzusunda tədbir keçirəcək. Həmin tədbirdə İsrail cəmiyyətinin bir sıra tanınmış simaları məruzə ilə çıxış edəcəklər.

AZƏRTAC