Kestutis Yankauskas: Azərbaycan multikulturalizm və tolerantlıq dəyərlərinə sadiqdir

Bu il keçirilən ikinci “İmagine Avro Tolerantlıq Festivalı”nın əsas məqsədi bizi birləşdirən dəyərləri inkişaf etdirməkdir. Bu dəyərlərə multikulturalizm, tolerantlıq aiddir. Avropa İttifaqı bu dəyərlərin təbliğini alqışlayır. Azərbaycan da bu ənənələrə sadiqdir. Bu il "İmagine" festivalına təkcə Aİ ölkələri deyil, eləcə də üzv olmayan ölkələr də qoşulub. Həmin ölkələrin də burda sərgiləri, konsertləri, film nümayişləri olacaq. Festivalda 30 ölkədən 38 film nümayiş ediləcək. Bu rəqəm ötən ildəkindən çoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

Bu il Aİ-nin Azərbaycan nümayəndəliyinin fəaliyyətə başlamasının 10 illiyinin qeyd edildiyini xatırladan K.Yankauskas bildirib ki, bununla bağlı mayın 7-də "Avropa Günü" adı altında möhtəşəm konsert təşkil ediləcək.

“Bu ilki festival ötən ildən elə də fərqlənmir. Sadəcə, bu il daha çox iştirakçı, daha çox filmin nümayişi olacaq. Keçən il çox uğurlu keçdi.

Bu il isə daha yaxşı filmlər nümayiş olunacaq. “İmagine” festivalının Azərbaycanda keçirilməsi artıq bir ənənəyə çevrilir və yenidən keçirilməməsi üçün heç bir səbəb görmürəm”, - deyə səfir əlavə edib.

Bakı, 2 may 2018

AZƏRTAC