“The Daıly Caller”: Müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə dünyəvi cəmiyyətin dəstəklənməsi

Amerikada çıxan “The Daıly Caller” qəzetində insan haqları üzrə ixtisaslaşan hüquqşünas, siyasi analitik, “Müsəlman dünyası bu gün” nəşriyyatının icraçı direktoru Supna Zaidi Pirinin “Müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə dünyəvi cəmiyyətin dəstəklənməsi” sərlövhəli məqaləsi dərc edilib.

Məqalənin müəllifi münaqişə zonalarında baş verən qanlı hadisələri və dini zəmində törədilmiş terror aktlarını təhlil edir. S.Piri yazır ki, radikallar həmin regionlarda totalitar rejimlər yaratmaq məqsədilə İslamın özünəməxsus interpretasiyasından istifadə edirlər. Zor tətbiq olunmasını təbliğ edən bu cür ideologiya müsəlmanların əksəriyyəti tərəfindən dəstəklənə bilməz.

S.Piri qeyd edir ki, ekstremizmə qarşı mübarizə üçün səy göstərən ölkələrdən biri də Azərbaycandır. Bu ölkədə multikulturalizm irsi mövcud olmaqla bərabər, dini və etnik azlıqların hüquqları müdafiə olunur. Azərbaycanda bu cür azlıqlar arasında Quba rayonunda yaşayan dağ yəhudiləri icması, habelə əcdadları Rusiya imperiyasında talanlardan xilas olaraq Azərbaycanda sığınacaq tapmış Bakı yəhudilərinin böyük icması da var.

Azərbaycan həm azərbaycanlıların, həm də ləzgilərin, udinlərin, talışların, yəhudilərin, sünni və şiə icmalarının vətənidir. Azərbaycan hökuməti ölkədəki azlıqların təhlükəsizliyinə təhdid yarada biləcək ekstremizmlə mübarizə məqsədilə çoxtərəfli taktikadan istifadə edir, o cümlədən İslamın radikal interpretasiyasının təbliğ olunduğu məscidləri bağlayır. Bundan əlavə, Azərbaycanın güc qurumları İsrail və Britaniya səfirliklərinə qarşı terrorçu sui-qəsdlərin qarşısını alıb, cəmiyyətin çoxmədəniyyətli strukturunu pozmaq arzusunda olanları həbsə alaraq deportasiya ediblər.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri 
Vaşinqton
25.08.2016