Azərbaycan dünyada sayca çox olmayan o ölkələrdəndir ki, onlar üçün multikulturalizm dövlət təbliğatının elementi deyil, dövlət siyasətinin elementidir. Müasir dünyada multikulturalizm fəlsəfəsinin müxtəlif şəkildə yozulduğunu göstərən nümunələr çoxdur. Məsələn, Qərbi Avropada multikulturalizmin əsas ideyası şəxsiyyəti heçə endirmək, onu fərddən ortabab insana çevirmək, ona hansısa süni dəyərləri və ya davranış qaydalarını zorla qəbul etdirməkdir.
Azərbaycanda isə multikulturalizm tamamilə təbii dəyərdir. Onun əsas ideyası şəxsiyyətin öz imkanlarını maksimum reallaşdırmasına şərait yaratmaqdır. Multikulturalizmin Azərbaycan və Avropa modelləri arasında əsas prinsipial fərq məhz bundan ibarətdir.
Tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov Bakıda keçirilən “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-1920” mövzusunda beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-a verdiyi müsahibədə bu barədə danışıb.
Oleq Kuznetsov qeyd edib ki, multikulturalizm mövzusu Azərbaycan üçün formal yox, təbii məsələdir. Bunu sübut etmək üçün bir faktı göstərmək kifayətdir ki, Azərbaycanda hər il multikulturalizm ideyası ilə, multikulturalizm dəyərlərinin təbliği ilə bu və ya digər şəkildə bağlı olan çoxsaylı tədbirlər keçirilir.
Oleq Kuznetsov deyib: “Bu da müsbət haldır ki, Azərbaycanda bir neçə elmi mərkəzdə, o cümlədən mənim də əməkdaşlıq etdiyim Azərbaycan Dillər Universitetində yaradılmış mərkəzdə həm multikulturalizm ideyaları öyrənilir, həm də multikulturalizmin Azərbaycan modelinin bütün dünyada anlaşıqlı və əlyetərli olması üçün güclü nəzəri baza yaradılır. Bu, çox müsbət haldır, ona görə ki, bu yolla elə həmin Qərb ideologiyasının, Qərb təbliğatının müəyyən intellektual alternativi yaradılır. Bu, həm də Azərbaycan cəmiyyətinin öz daxili qanunları üzrə inkişaf etməsinə, özünün milli maraqlarını nəzərə almasına imkan verir”.
Bakı, 27 mart 2018
AZƏRTAC