Mərakeşin “Asvat” qəzetinin “magazineaswat.com” elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə əsrlər boyu Azərbaycanda bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadıqları qeyd olunur.
Diqqətə çatdırılır ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və bu, ölkə üçün ən ali dəyərlərdən biridir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında şübhəsiz ki, dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
Həşim Məmmədov bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün ölkəmizdə dövlət və din münasibətləri ən yüksək səviyyədədir.
Qeyd olunur ki, Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.
Yazıda, həmçinin diqqətə çatdırılır ki, Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin nümayəndələri – ruslar, gürcülər, yəhudilər və digər xalqlar vardır. Fərqli dini inanclara mənsub olmalarına baxmayaraq, bu xalqların nümayəndələri 44 günlük müharibənin gedişində də ortaq düşmənimizə qarşı birlikdə döyüşüblər.
Müəllif vurğulayır ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm İli” elan edilib. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri