«Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında» Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. «Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında» 1960-cı il 14 dekabr tarixli Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edilsin.
  2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 2 oktyabr 2006-cı il
146-IIIQ

 

Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün Barışıq və Xeyirxah Xidmət Komissiyasının təsis edilməsi haqqında
PROTOKOL

(10 dekabr 1962-ci il)

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının 1962-ci il noyabrın 9-dan dekabrın 12-dək Parisdə on ikinci sessiyasına toplaşan Baş konfransı, on birinci sessiyasında Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiyanı qəbul edərək, bu Konvensiyanın tətbiqini asanlaşdırmaq istəyərək, bu məqsədlə, iştirakçı dövlətlər arasında Konvensiyanın tətbiqi, yaxud təfsiri məsələlərində meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının yaradılmasını lazım bilərək, 1962-ci il dekabrın 10-da bu Protokolu qəbul etdi.

Maddə 1

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının nəzdində bundan sonra “Komissiya” adlandırılacaq Barışıq və Xeyirxah Xidmət Komissiyası təsis edilir və ona bundan sonra “Konvensiya” adlandırılacaq Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiyada iştirak edən dövlətlər arasında Konvensiyanın tətbiqi və təfsirinə dair meydana çıxan ixtilafların qarşılıqlı məqbul həllini axtarıb-tapmaq həvalə olunur.

Maddə 2

  1. Komissiya yüksək əxlaqi keyfiyyətlərə malik və qərəzsiz şəxslər kimi tanınmalı olan və Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş konfransı tərəfindən seçilən 11 üzvdən ibarətdir.
  2. Komissiya üzvləri ayrıca şəxs qismində fəaliyyət göstərirlər.

Maddə 3

  1. Komissiya üzvləri bu Protokolda iştirak edən dövlətlərin bu məqsədlə irəli sürdüyü namizədlərin siyahısından seçilir. Hər bir dövlət YUNESKO-nun Milli Komissiyası ilə məsləhətləşmədən sonra dörd nəfərədək namizəd irəli sürür. Həmin namizədlər bu Protokolda iştirak edən dövlətlərin vətəndaşı olmalıdırlar.
  2. Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoru (bundan sonra “Baş direktor” adlandırılacaq) Komissiyanın hər bir seçkisinin keçiriləcəyi tarixə ən azı dörd ay qalmış bu Protokolda iştirak edən dövlətlərə bu maddənin 1-ci bəndində xatırlanan namizədlərin iki ay ərzində təqdim olunmasını təklif edir. O, bu yolla irəli sürülmüş namizədlərin əlifba sırası ilə siyahısını tərtib edərək, seçkilərə ən azı bir ay qalmış Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının İcraiyyə Şurasına (bundan sonra “İcraiyyə Şurası” adlandırılacaq), eləcə də Konvensiyada iştirak edən dövlətlərə göndərir. İcraiyyə Şurası yuxarıda xatırlanan siyahını məqsədəuyğun saydığı mülahizələrlə Baş konfransa verir.

Baş konfrans Komissiya üzvlərini bir neçə vəzifəyə seçkilərdə adətən riayət etdiyi qaydalara müvafiq surətdə seçir.

Maddə 4

  1. Komissiyaya eyni dövlətin bir nəfərdən artıq vətəndaşı daxil ola bilməz.
  2. Baş konfrans Komissiya üzvləri seçilərkən onun tərkibinə təhsil sahəsində səriştəli, eləcə də məhkəmə və hüquq fəaliyyətində - o cümlədən beynəlxalq sahədə - təcrübəsi olan şəxslərin daxil olmasına çalışacaqdır. O, həm də ədalətli coğrafi bölgünün və müxtəlif sivilizasiya formaları və hüquq sistemlərinin təmsil olunmasının da zəruriliyini nəzərə alacaqdır.

Maddə 5

 Komissiya üzvləri altı ilə seçilirlər. Onlar namizədlikləri təkrar irəli sürüldükdə yenidən seçilə bilərlər. Lakin ilk seçkilərdə seçilən dörd üzvün səlahiyyət müddəti iki ildən, digər üç üzvün səlahiyyət müddəti isə dörd ildən sonra qurtarır. Komissiyanın bu üzvlərinin adları Baş konfrans Sədrinin ilk seçkilərdən dərhal sonra keçirəcəyi püşk vasitəsilə müəyyənləşdiriləcəkdir.

Maddə 6

  1. Üzvlərdən biri öldükdə, yaxud istefaya çıxdıqda Komissiyanın Sədri bu barədə dərhal Baş direktora məlumat verir və sonuncu həmin yeri ölüm, yaxud istefaya çıxma tarixindən boş elan edir.
  2. Əgər Komissiyanın hər hansı bir üzvü Komissiyanın digər üzvlərinin yekdil rəyinə görə hər hansı bir səbəbdən, müvəqqəti xarakterli olmaqdan başqa, öz funksiyalarını yerinə yetirməyə xitam vermişsə, yaxud öz funksiyalarını yerinə yetirmək iqtidarından düşmüşsə, Komissiya Sədri bu barədə Baş direktora məlumat verəndən sonra həmin yeri boş elan edir.
  3. Baş direktor bu maddənin 1 və 2-ci bəndlərində nəzərdə tutulan hallarda Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərə, eləcə də, 23-cü maddəyə müvafiq olaraq bu Protokolun iştirakçısı olan üzv olmayan dövlətlərə boş yerlərin yaranması barədə məlumat verir.
  4. Baş konfrans bu maddənin 1 və 2-ci bəndlərində nəzərdə tutulan bütün hallarda yeri boş qalan üzvü onun səlahiyyətinin qalan müddətinə başqası ilə əvəz edir.

Maddə 7

Hər bir Komissiya üzvü, 6-cı maddədə nəzərdə tutulan hallar istisna olmaqla, xələfi vəzifələrini icra etməyə başladığı tarixə qədər öz səlahiyyətini saxlayır.

Maddə 8

  1. Əgər Komissiya tərkibində ona 12-ci maddənin, yaxud 13-cü maddənin müddəalarına müvafiq qaydada təqdim edilmiş mübahisədə olan dövlətlərdən birinin vətəndaşı olan üzv yoxdursa, onda bu dövlət, yaxud söhbət bir neçə dövlətdən gedirsə, həmin dövlətlərdən hər biri Komissiyaya istədiyi üzvü ad hoc təyin edə bilər.
  2. Belə təyinat aparan dövlət onu 2-ci maddənin 1-ci və 4-cü maddələrin 1-ci və 2-ci bəndlərinin şərtlərinə görə Komissiya üzvlərinin malik olmalı olduqları keyfiyyətləri nəzərə almaqla həyata keçirməlidir. Bu cür ad hoctəyin edilmiş üzv ya onu təyin edən dövlətin, ya da Protokolda iştirak edən dövlətin vətəndaşı olmalıdır; o, ayrıca şəxs qismində fəaliyyət göstərir.
  3. Bir neçə iştirakçı-dövlət mübahisədə birgə çıxış etdikdə, onlar ad hoc üzv təyin edilməsi məsələsində bir tərəf sayılır. Bu müddəanın tətbiq şərtləri Komissiyanın 11-ci maddədə nəzərdə tutulan daxili reqlamenti ilə müəyyən ediləcəkdir.

Maddə 9

Komissiyanın üzvləri və 8-ci maddəyə müvafiq olaraq təyin edilən ad hoc üzvlər Komissiyanın işinə sərf etdikləri vaxt üçün Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının vəsaitindən İcraiyyə Şurasının müəyyən etdiyi şərtlərlə yol xərci və gündəlik xərc alırlar.

Maddə 1 0

 Komissiyanın katibliyi Baş direktor tərəfindən təmin edilir.

Maddə 11

  1. Komissiya iki il müddətinə Sədrini və Sədr müavinini seçir. Onlar təkrar seçilə bilərlər.
  2. Komissiya öz daxili reqlamentini müəyyən edir, lakin buraya, başqaları ilə yanaşı, aşağıdakı müddəalar da daxil edilməlidir:
  3. yetərsay Komissiya üzvlərinin üçdə ikisindən ibarətdir, o cümlədən lazım gəldikdə, ad hoc üzvlər də hesaba alınır;
  4. Komissiyanın qərarları iştirak edən üzvlərin və ad hoc üzvlərin səs çoxluğu ilə qəbul edilir; səslər bərabər olduqda Sədrin səsi həlledici sayılır;
  5. hər hansı bir dövlət 12-ci, yaxud 13-cü maddəyə müvafiq olaraq Komissiyaya iş təqdim edərsə:

(i) göstərilən dövlət, haqqında şikayət edilən dövlət və vətəndaşı həmin işlə bağlı olan, bu Protokolda iştirak edən hər hansı dövlət Komissiyaya yazılı qeydlər təqdim edə bilər;

(ii) göstərilən dövlət və haqqında şikayət edilən dövlət həmin işə həsr olunmuş iclaslarda təmsil edilmək və şifahi qeydlərlə çıxış etmək hüququna malikdir.

  1. Komissiya öz prosedur qaydalarını hazırlamağa başlayarkən onu layihə şəklində həmin vaxt Protokolda iştirak edən dövlətlərə yollamalıdır. Onlar öz qeyd və tövsiyələrini üç ay ərzində göndərə bilərlər. Komissiya sonralar öz prosedur qaydalarına Protokolun iştirakçısı olan dövlət istədiyi vaxt tələb etdikdə yenidən baxmalıdır.

Maddə 1 2

  1. Əgər Protokolun iştirakçısı olan hər hansı bir dövlətin fikrincə, bu Protokolda iştirak edən digər dövlət Konvensiyanın müddəalarını tətbiq etmirsə, o, yazılı məlumatla həmin dövlətin diqqətini bu məsələyə cəlb edə bilər. Məlumat alan dövlət onu aldığı tarixdən üç ay ərzində şikayətçi dövlətə yazılı izahat, yaxud bəyanat təqdim edir. Onlarda, mümkün və lüzum olduğu qədər, prosedur qaydalarına və artıq tətbiq edilmiş, tətbiq edilməkdə olan və tətbiq edilə biləcək vasitələrə istinad yer almalıdır.
  2. Əgər məlumat alan dövlət ilk məlumatı aldıqdan sonra altı ay ərzində məsələ ikitərəfli danışıqlar, yaxud onların sərəncamında olan hər hansı digər üsulla hər iki dövlət üçün qənaətbəxş şəkildə tənzimlənməzsə, onda hər iki dövlət Baş direktora və ikinci maraqlı dövlətə bildiriş verməklə, məsələni Komissiyaya göndərmək hüququna malikdir.
  3. Yuxarıdakı bəndlərin müddəaları bu Protokolun iştirakçısı olan dövlətlərin aralarındakı ümumi və xüsusi beynəlxalq sazişlərə müvafiq olaraq, onların ixtilafın başqa tənzimləmə üsuluna müraciət etmək, o cümlədən qarşılıqlı razılığa əsasən ixtilafın Haaqadakı Münsiflər məhkəməsinin Daimi palatasına vermək hüququna xələl gətirmir.

Maddə 1 3

Bu Protokolun qüvvəyə mindiyi altıncı ilin əvvəllindən başlayaraq Komissiyaya, həmçinin Konvensiyanın tətbiqi, yaxud təfsiri ilə bağlı konvensiyanın iştirakçısı olan, lakin bu Protokolun iştirakçısı olmayan dövlətlər arasında meydana çıxan hər hansı ixtilafın - göstərilən dövlətlər bu ixtilafa Komissiyada baxılmasına razıdırsa - həllini axtarıb tapmaq həvalə oluna bilər; Komissiyanın daxili reqlamenti göstərilən dövlətlər arasındakı razılığın cavab verməli olduğu şərtləri müəyyən edəcəkdir.

Maddə 1 4

Komissiya bu Protokolun 12-ci maddəsinə, yaxud 13-cü maddəsinə müvafiq olaraq ona verilmiş hər hansı işlə yalnız hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq bütün daxili imkanlardan artıq istifadə edildiyinə və onların tükəndiyinə əmin olduqdan sonra məşğul olur.

Maddə 1 5

Komissiya artıq baxdığı işlərlə, əgər ona yeni elementlər təqdim edilməzsə, məşğul olmur.

Maddə 1 6

 Komissiya maraqlı dövlətlərdən ona təqdim edilmiş işə dair tələb olunan məlumatın verilməsini xahiş edə bilər.

Maddə 1 7

  1. Komissiya zəruri saydığı bütün məlumatı aldıqdan sonra, 14-cü maddəyə müvafiq olaraq, faktları müəyyənləşdirir və özünün xeyirxah xidmətini, aralarında ixtilaf meydana çıxan dövlətlərin məsələni Konvensiyaya hörmət əsasında dostcasına həll etməsi üçün onların sərəncamına verir.
  2. Bütün hallarda, Komissiya Baş direktorun 12-ci maddənin 2-ci bəndində qeyd olunan bildirişi aldığı gündən sonra 18 aydan gec olmayaraq, aşağıdakı 3-cü bəndin müddəalarına əsasən tərtib edilmiş məruzə hazırlayır; bu məruzə aralarında ixtilaf meydana çıxan dövlətlərə göndərilir və sonra dərc edilmək üçün Baş direktora verilir. 18-ci maddəyə əsasən Beynəlxalq Ədalət Məhkəməsinin tövsiyə xarakterli rəyi tələb olunduqda, müddətlər müvafiq olaraq artır.
  3. Məsələnin bu maddənin 1-ci bəndinin müddəalarına müvafiq olaraq həllinə nail olunduqda Komissiya öz məruzəsində faktların və qəbul edilmiş qərarın qısa şərhi ilə kifayətlənir. Əks təqdirdə, Komissiya faktlar əsasında məruzə tərtib edir və barışıq məqsədilə verdiyi tövsiyələri göstərir. Məruzə bütövlükdə, yaxud onun hər hansı bir hissəsi Komissiya üzvlərinin yekdil rəyini ifadə etmirsə, Komissiyanın hər bir üzvünün öz rəyini məruzəyə əlavə etmək hüququ var. 11-ci maddənin 2 (c) bəndinə müvafiq olaraq, işdə iştirak edən tərəflərin təqdim etdiyi yazılı və şifahi qeydlər məruzəyə əlavə olunur.

Maddə 1 8

Komissiya İcraiyyə Şurasına, yaxud Baş konfransa Konfransın sessiyalarından birinin açılmasına qədərki iki ay ərzində Beynəlxalq Ədalət Məhkəməsindən Komissiyanın baxdığı işlə bağlı hər hansı hüquq məsələsinə dair rəy verməsini xahiş etmək barədə tövsiyə verə bilər.

Maddə 1 9

Komissiya Baş Konfransın hər növbəti sessiyasının müzakirəsinə İcraiyyə Şurası vasitəsilə, öz fəaliyyəti barədə məruzə təqdim edir.

Maddə 2 0

  1. Baş direktor Baş konfransın Komissiyanı yaratmasından sonrakı üç ay ərzində Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Komissiyanın ilk iclasını çağıracaqdır.
  2. Komissiyanın sonrakı iclasları lazım gəldikcə Komissiya Sədri tərəfindən çağırılacaqdır. Baş direktor bu Protokola uyğun olaraq Komissiyaya təqdim edilmiş bütün məsələləri Komissiyanın bütün digər üzvləri kimi onun Sədrinə də göndərəcəkdir.
  3. Bu maddənin 2-ci bəndinə baxmayaraq, əgər Komissiya üzvlərinin ən azı üçdə biri bu Protokolun müddəalarına müvafiq olaraq məsələyə Komissiyada baxılmalı olduğunu hesab etsə, Sədr onların xahişi ilə Komissiyanın bu məqsədlə iclasını çağıracaqdır.

Maddə 21

1 Bu Protokol fransız, ingilis, ispan və rus dillərində tərtib edilmişdir, dörd mətnin hamısı eyni qüvvəyə malikdir.

Maddə 22

  1. Bu Protokol təsdiq, yaxud qəbul edilmək üçün Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyada iştirak edən üzv-dövlətlərinə təqdim olunur.
  2. Təsdiq, yaxud qəbul etmə haqqında sənədlər saxlanılmaq üçün Baş direktora təhvil verilir.

Maddə 2 3

  1. Bu Protokol Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının üzvü olmasalar da, Konvensiyada iştirak edən bütün dövlətlərin ona qoşulması üçün açıqdır.
  2. Bu, qoşulma haqqında sənədin saxlanılmaq üçün Baş direktora təhvil verilməsi yolu ilə həyata keçirilir.

Maddə 2 4

Bu Protokol onu təsdiq, yaxud qəbul etmə, yaxud ona qoşulma haqqında on beşinci sənəd saxlanılmağa təhvil verildiyi vaxtdan üç ay sonra qüvvəyə minəcəkdir; lakin bu, yalnız təsdiq, qəbul, yaxud qoşulma haqqında sənədlərini həmin tarixdə, yaxud ondan əvvəl saxlanılmağa təhvil vermiş dövlətlərə aiddir. Hər bir digər dövlət üçün isə o, həmin dövlət öz təsdiq, qəbul, yaxud qoşulma haqqında sənədini saxlanılmağa təhvil verəndən üç ay sonra qüvvəyə minir.

Maddə 2 5

Hər bir dövlət təsdiq, qəbul, yaxud qoşulma zamanı, yaxud bundan sonra istənilən vaxt Baş direktorun adına bildiriş göndərməklə, 17-ci maddənin 1-ci bəndinə müvafiq olaraq dostcasına tənzimlənməsi mümkün olmayan hər hansı ixtilafın 17-ci maddənin 3-cü bəndində nəzərdə tutulan məruzə tərtib edildikdən sonra Beynəlxalq Ədalət Məhkəməsinə verilməsi barədə eyni öhdəlik götürən hər hansı digər dövlətlə razı olduğunu bəyan edə bilər.

Maddə 2 6

  1. Bu Protokolda iştirak edən hər bir dövlətə onu denonsasiya etmək hüququ verilir.
  2. Denonsasiya Baş direktora təhvil verilən yazılı bildirişlə həyata keçirilir.
  3. Konvensiyanın denonsasiyası ilə bu Protokol avtomatik olaraq denonsasiya olunur.
  4. Denonsasiya bu haqda sənəd alındıqdan 12 ay sonra qüvvəyə minir. Lakin Protokolu denonsasiya edən dövlət onun bu bənddə nəzərdə tutulan müddət qurtarana qədər Komissiyaya verilmiş bütün işlərlə əlaqədar Protokolun müddəaları ilə öhdəlikli olur.

Maddə 2 7

Baş direktor 22 və 23-cü maddələrdə xatırlanan təsdiq, qəbul, yaxud qoşulma haqqında bütün sənədlərin saxlanılmağa təhvil verilməsi, eləcə də, müvafiq olaraq 25 və 26-cı maddələrdə nəzərdə tutulan denonsasiyalar haqqında bildirişlər barədə Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərə, Təşkilatın 23-cü bənddə xatırlanan üzvü olmayan dövlətlərə, həmçinin Birləşmiş Millətlər Təşkilatına məlumat verir.

Maddə 2 8

 Bu Protokol Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq Baş direktorun xahişi ilə Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyata alınacaqdır.

1962-ci il dekabrın on səkkizində Parisdə, on ikinci sessiyasına toplaşmış Baş Konfransın Sədri və Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş direktorunun imzaları ilə eyni qüvvəyə malik iki nüsxədə imzalanmışdır. Bu nüsxələr saxlanılmaq üçün Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının arxivinə təhvil veriləcək, təsdiq olunmuş surətləri isə Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiyanın 12 və 13-cü maddələrində xatırlanan bütün dövlətlərə, həmçinin Birləşmiş Millətlər Təşkilatına göndəriləcəkdir.

Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında 1960-cı il 14 dekabr tarixli Konvensiya və Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün Barışıq və Xeyirxah Xidmət Komissiyasının təsis edilməsi haqqında 10 dekabr 1962-ci il tarixli Protokola dair Azərbaycan Respublikasinin Bəyanati

Azərbaycan Respublikası bəyan edir ki, bu beynəlxalq müqavilələrdən irəli gələn heç bir hüquq və öhdəlik və ya müddəa Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.

Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 8-ci maddəsində qeyd olunan mübahisə tərəflərinin qərar qəbul edilməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmələri ilə bağlı özünü öhdəlikli hesab etmir.