Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi haqqında qətnamə

BMT Baş Məclisinin 85-ci plenar iclası,

20 dekabr 1993-cü il.

 

Baş Məclis,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müddəalarına müvafiq olaraq üzv dövlətlərə irqinə, cinsinə, dilinə və dininə görə fərq qoyulmadan bütün insanların hüquqlarına və əsas azadlıqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olunmasına yardım etməyi və bu hüquqları təşviq etməyi öhdələrinə götürdüklərini xatırla daraq, bu hüquqların insana xas olan ləyaqət hissindən qaynaqlandığını etiraf edərək,

insanlara dininə və ya əqidəsinə görə ayrı-seçkilik qoyulmasının insan ləyaqətinə təhqir olduğunu və Nizamnamənin prinsiplərinin inkar edilməsi olduğunu təsdiq edərək,

36/55 saylı, 25 noyabr 1981-ci il tarixli qətnamə ilə qəbul edilmiş Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannaməni bir daha təsdiq edərək,

47/129 saylı, 18 dekabr 1992-ci il tarixli qətnamə ilə İnsan Hüquqları üzrə Komissiyaya Bəyannamənin həyata keçirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi təklifini xatırladaraq,

İnsan Hüquqları üzrə Komissiyanın 1993/25 saylı, 5 mart 1993-cü il tarixli qətnaməsini nəzərə alaraq,

hər bir şəxsin fikir, vicdan, ifadə və din azadlığına malik olduğunu tanıyaraq, dininə, yaxud əqidəsinə görə dözümsüzlük və bununla bağlı zorakılıq hallarının, habelə, qadınlara qarşı diskriminasiya hallarının və dini yerlərin təhqir edilməsinin qarşısının alınması məqsədilə Ümumdünya İnsan Hüquqları Konfransının bütün hökumətlərə onların beynəlxalq öhdəliklərinə və müvafiq hüquq sistemlərinə uğun olaraq mümkün olan bütün tədbirləri görmələri barədə ünvanladığı çağırışını bir daha qeyd edərək,

dünyanın hər yerində Bəyannamənin müddəalarına zidd insidentləri və hökumət fəaliyyətini araşdırmaq və zəruri hallarda müvafiq tədbirləri tövsiyə etmək məqsədilə təyin edilmiş xüsusi məruzəçinin mandatının üç ilədək artırılmasını qərara alan İnsan Hüquqları üzrə Komissiyanın 1992/17 saylı, 21 fevral 1992-ci il tarixli qətnaməsini xatırlayaraq, həmçinin İqtisadi və Sosial Şuranın 1992/226 saylı 20 iyul 1992-ci il tarixli qərarını yada salaraq,

Abdelfattah Amorun İnsan Hüquqları üzrə Komissiyanın xüsusi məruzəçisi təyin edilməsini alqışlayaraq və bütün hökumətləri mandatını tam yerinə yetirə bilməsi üçün onunla əməkdaşlıq etməyə çağıraraq,

BMT-nin din və ya əqidə azadlığı ilə bağlı məsələlərdə təbliğat işinin və ictimai informasiya fəaliyyətinin genişləndirilməsinin məqsədəmüvafiq olduğunu təsdiq edərək, həmçinin hökumətlərin və qeyri-hökumət təşkilatlarının bu sahədə mühüm rol oynadığını dərk edərək,

qeyri-hökumət təşkilatlarının, dini qurumların və qrupların tolerantlığın təbliğinin, habelə, din və ya əqidə azadlığının müdafiəsinin bütün mərhələlərində vacib rola malik olduqlarını xüsusi vurğulayaraq,

din və əqidə tolerantlığının təmin edilməsi üçün təhsilin vacibliyini dərk edərək,

dininə və ya əqidəsinə görə zorakılıq, dözümsüzlük və diskriminasiya kimi ciddi halların İnsan Hüquqları üzrə əvvəlki məruzəçi Angelo Vidal d’Almeda Ribeironun hesabatında da qeyd olunduğu kimi dünyanın bir çox yerlərində baş verdiyindən xəbərdar olaraq,

insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə maneə olan vəziyyətin, həmçinin, dini dözümsüzlük yaradan mütəmadi, kobud və müntəzəm zorakılıq hallarının yaratdığı təşviş və qınağın Ümumdünya İnsan Hüquqları Konfransında ifadə edilməsini bir daha vurğulayaraq,

fikir, vicdan, din və əqidə azadlığının təbliğ və müdafiə edilməsi, həmçinin, dininə və ya əqidəsinə görə nifrət, dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üçün daha çox səylərə ehtiyac olduğuna inanaraq,

  1. Fikir, vicdan, din və əqidə azadlığının insana xas olan ləyaqət hissindən qaynaqlanan və hər kəsə fərq qoyulmadan verilən insan hüququ olduğunu bir daha vurğulayır.
  2. Dövlətləri fikir, vicdan, din və əqidə azadlığını özlərinin konstitusion və hüquqi sistemlərində tam şəkildə təmin etməyə, həmçinin, dininə və ya əqidəsinə görə dözümsüzlük və ya diskriminasiya halları olduğu təqdirdə səmərəli tədbirlərə təminat verməyə təkidlə çağırır.
  3. İnsan hüquqları pozuntularının qarşısının alınmasında, habelə din və ya əqidə azadlığı hüququnun təmin edilməsində yalnız qanunvericiliyin kifayət etmədiyini təsdiq edir.
  4. Bununla bağlı olaraq bütün dövlətləri nifrət, dözümsüzlük, zorakılıq, həmçinin dini ekstremizm zəminində baş verən hallarla mübarizə aparmaq, din və ya əqidə azadlığı ilə əlaqəli məsələlərdə anlaşma, tolerantlıq və hörmətin təşviq edilməsi məqsədilə bütün müvafiq tədbirləri görməyə təkidlə çağırır.
  5. Dövlətləri hüquq-mühafizə orqanları, dövlət məmurları, təhsil işçiləri və digər ictimai vəzifə sahiblərinin xidməti vəzifələrini yerinə yetirərkən digər din və əqidələrə hörmət etmələrini, digər dinlərə və əqidələrə etiqad edənlərə qarşı ayrı-seçkilik etməmələrini təmin etməyə təkidlə çağırır.
  6. Bütün dövlətləri Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamədə olduğu kimi insanların dini və ya əqidəsi ilə bağlı etiqad etmək və yığışmaq və bu məqsədlə ibadət yeri yaratmaq və ondan istifadə etmək hüququnu tanımağa çağırır.
  7. Həmçinin, bütün dövlətləri onların milli qanunvericiliyinə müvafiq olaraq dini ibadət yerləri və məbədlərə hörmət edilməsini və onların qorunmasını təmin etmək üçün bütün imkanlarından istifadə etməyə çağırır.
  8. BMT-nin din və ya etiqad azadlığı ilə bağlı məsələlərdə təbliğat işinin və ictimai informasiya fəaliyyətinin genişlən dirilməsini və bu məqsədlə İnsan Hüquqları üzrə Ümumdünya İctimai İnformasiya Kampaniyasında müvafiq tədbirlərin görülməsini təmin etməyi məqsədəmüvafiq hesab edir.
  9. Baş katibi Bəyannamənin mətnini BMT-nin bütün dillərində yaymağa xüsusi önəm verməyə davam etməyə və mətnin BMT-nin informasiya mərkəzləri və digər maraqlı qurumlar tərəfindən istifadəsinə şərait yaratmağa çağırır.
  10. Dünyanın hər yerində Bəyannamənin müddəalarına zidd insidentləri və hökumət fəaliyyətini araşdırmaq və zəruri hallarda müvafiq tədbirlər tövsiyə etmək məqsədilə təyin edilən xüsusi məruzəçinin davamlı cəhdlərini təşviq edir.
  11. Hökumətləri xüsusi məruzəçinin mandatını tam və daha da effektiv yerinə yetirməsinə imkan yaratmaq üçün ölkələrinə səfərə dəvət etməyə xüsusi diqqət göstərməyə çağırır.
  12. Fikir, vicdan və əqidə azadlığı hüququnun təbliği və müdafiə edilməsinə insan hüquqları, habelə, əsas hüquqi mətnlərin insan hüquqları sahəsindəki beynəlxalq sənədlərə uyğunluğu üzrə BMT-nin məşvərət xidmətləri proqramının işinə lazımi diqqət verilməsini və Bəyannamənin müddəalarının nəzərə alınmasını tövsiyə edir.
  13. İnsan Hüquqları Komitəsi tərəfindən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın fikir, vicdan və din azadlığı ilə bağlı 18-ci maddəsinə ümumi rəyin qəbul edilməsini maraqla qeyd edir.
  14. Bəyannamənin həyata keçirilməsinə yardım edən qeyri-hökumət təşkilatlarının cəhdlərini alqışlayır.
  15. Baş katibi qeyri-hökumət təşkilatlarının Bəyannamənin həyata keçirilməsi və onun milli və yerli dillərdə yayılması üçün daha hansı rol oynaya bilməsini öyrənmək üçün bu işə qoşulmağa çağırır.
  16. Bütün dövlətləri Bəyannamənin mətninin onların müvafiq milli dillərində yayılmasının nəzərdən keçirilməsinə, həmçinin, milli və yerli dillərdə yayılmasına yardım etməyə təkidlə çağırır.
  17. İnsan Hüquqları üzrə Komissiyanı Bəyannamənin həyata keçirilməsi üçün tədbirlərini davam etdirməyə çağırır.
  18. Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi məsələsinin “İnsan hüquqları məsələləri” başlığı altında 49-cu sessiyada müzakirəyə çıxarılmasını nəzərə almağı qərara alır.