Dinə və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasi haqqında bəyannamə

BMT Baş Məclisinin 25 noyabr 1981-ci il tarixli

qətnaməsi ilə qəbul edilmişdir.

 

Baş Məclis

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas prinsiplərindən birinə görə ləyaqət və bərabərliyin hər bir insana məxsus olduğunu və bütün iştirakçı dövlətlərin irqinə, cinsinə, dilinə, yaxud dininə görə fərq qoyulmadan hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinə və riayət olunmasına yardım göstərmək və onları təşviq etmək üçün müştərək və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda müstəqil fəaliyyət göstərməyi öhdələrinə götürdüklərini nəzərə alaraq,

insan hüquqları haqqında Ümumi bəyannamədə və insan hü quqları haqqında Beynəlxalq paktlarda ayrı-seçkiliyin yol verilməzliyinin və qanun qarşısında bərabərlik prinsiplərinin və fikir, vicdan, din, yaxud əqidə azadlığı hüququnun elan olunduğunu nəzərə alaraq,

insan hüquqlarının və əsas azadlıqların, o cümlədən hər hansı qəbildən olan fikir, vicdan, din, yaxud əqidə azadlığı hüququnun inkar edilməsi və pozulmasının bilavasitə, yaxud bilavasitə müharibələrə və bəşəriyyətin ağır iztirablarına səbəb olduğunu, xüsusilə onlar başqa dövlətləri daxili işlərinə qarışmağa xidmət etdikdə və xalqlar və dövlətlər arasında nifrətin qızışdırılmasına gətirib çıxardığını nəzərə alaraq,

din, yaxud əqidənin onlara etiqad edən hər bir insan üçün onun həyatı dərk etməsinin əsas elementlərindən biri olduğunu və din, yaxud əqidə azadlığına tam riayət edilməsi və təminat verilməsi olduğunu nəzərə alaraq,

din və əqidə azadlığı məsələlərində anlaşmaya, dözümlülüyə və hörmətə yardım göstərməyi və dindən, yaxud əqidədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, digər müvafiq sənədləri və bu Bəyannamənin məqsəd və prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün istifadə olunmasına yol verməməyə nail olmağı vacib sayaraq,

din, yaxud əqidə azadlığının, həmçinin, ümumi sülhə, sosial ədalətə və xalqlar arasında dostluğa, müstəmləkəçilik və irqi ayrı-seçkilik ideologiyasının və praktikasının ləğv edilməsinə nail olmağa yardım, göstərməli olduğuna əmin olaraq,

Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin himayəsi altında ayrı-seçkiliyin müxtəlif formalarının ləğv edilməsi haqqında bir neçə konvensiyanın qəbul olunduğunu və onlardan bəzilərinin qüvvəyə mindiyini razılıqla qeyd edərək,

din, yaxud əqidə məsələlərində dünyanın bəzi rayonlarında hələ də müşahidə olunan dözümsüzlük və ayrı-seçkilik təzahürlərindən narahat olaraq,

bu cür dözümsüzlüyün bütün forma və təzahürlərini ləğv etmək, dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin qarşısını almaq və onunla mübarizə əzmi ilə,

dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir:

Maddə 1

  1. Hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquq özünün seçdiyi hər hansı dinə, yaxud əqidəyə malik olmaq və öz dininə, yaxud əqidəsinə təklikdə, yaxud başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, ibadətdə, dini mərasim və ayinlərin icrasında və təlimdə etiqad bəsləmək, yaxud onları ifadə etmək azadlığını əhatə edir.
  2. Heç kəs özünün seçdiyi dinə, yaxud əqidəyə malik olmaq azadlığını alçaldan məcburiyyətə məruz qalmamalıdır.
  3. Dinə etiqad bəslənməsinə, yaxud əqidənin ifadə olunmasına yalnız qanunla müəyyən edilən və ictimai təhlükəsizliyin, asayişin; sağlamlığın və əxlaqın, eləcə də başqa şəxslərin hüquq də azadlıqlarının qorunması üçün zəruri olan məhdudiyyət qoyulur.

Maddə 2

  1. Heç kəs dinə, yaxud əqidəyə görə hər hansı bir dövlət, idarə, şəxslər qrupu, yaxud ayrı-ayrı şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.
  2. Bu Bəyannamənin məqsədləri üçün “dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkilik” ifadəsi dinə, yaxud əqidəyə əsaslanan və məqsədi, yaxud nəticəsi bərabərlik əsasında insan hüquqlarının və əsas azadlıqların tanınmasını, onlardan istifadə olunmasını, yaxud onların həyata keçirilməsini ləğv etmək, yaxud alçaltmaq olan hər hansı fərqləndirmə, istisna, məhdudiyyət, yaxud üstüntutma deməkdir.

Maddə 3

İnsanlara dininə, yaxud əqidəsinə görə ayrı-seçkilik qoyulması insan şəxsiyyətini təhqir edir, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərini inkar etməkdir və insan hüquqları haqqında Ümumi bəyannamədə elan olunmuş və insan hüquqları haqqında Beynəlxalq paktlarda ətraflı ifadə edilmiş insan hüquqlarının və əsas azadlıqların pozulması və dövlətlər arasında dostluq və sülh münasibətlərinə maneçilik kimi pislənilir.

Maddə 4

  1. Bütün dövlətlər dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin qarşısının alınması və ləğv edilməsi, mülki, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində insan hüquqlarının və əsas azadlıqların tanınması, həyata keçirilməsi və gerçəkləşdirilməsi üçün təsirli tədbirlər görməlidirlər.
  2. Bütün dövlətlər, lazım gəldikdə, hər cür belə ayrı-seçkiliyi qadağan etmək məqsədilə qanunvericiliyin qəbuluna, yaxud ləğvinə, həmçinin dinə, yaxud bu sahədə digər əqidələrə görə dözümsüzlüyə qarşı mübarizə üçün bütün müvafiq tədbirlərin görülməsinə dair bütün səyləri göstərirlər.

Maddə 5

  1. Valideynlərin, yaxud müvafiq hallarda uşağın qanuni qəyyumlarının ailə çərçivəsində öz dininə, yaxud əqidəsinə uyğun həyat tərzini, həmçinin, onların fikrincə, uşağın almalı olduğu mənəvi tərbiyəni müəyyən etmək hüququ var.
  2. Hər bir uşaq valideynlərinin, yaxud müvafiq hallarda qanuni qəyyumlarının istəyinə uyğun din, yaxud əqidə sahəsində təhsil almaq hüququna malikdir və din və əqidə sahəsində valideynlərinin, yaxud qanuni qəyyumlarının istəyinin əksinə olan təlimə məcbur edilmir; həm də başlıca prinsip uşağın mənafeləridir.
  3. Uşaq dinə, yaxud əqidəyə görə ayrı-seçkiliyin hər hansı formasından qorunur. O, dözümlülük, xalqlar arasında dostluq, sülh və ümumi qardaşlıq, başqalarının azadlığına, dininə, yaxud əqidəsinə hörmət etməyə, həmçinin, enerji və qabiliyyətini başqalarının xeyrinə xidmətə sərf etməyə borclu olduğunu tam dərk etmək ruhunda tərbiyə olunmalıdır.
  4. Əgər uşaq valideynlərinin, yaxud qanuni qəyyumlarının himayəsində deyilsə, onda onların din, yaxud əqidə məsələlərində iradələri, yaxud iradələrinin hər hansı təzahürləri lazımi dərəcədə nəzərə alınmalıdır; həm də başlıca prinsip uşağın mənafeləridir.
  5. Uşağın tərbiyə olunduğu din və əqidə praktikası bu Bəyannamənin 1-ci maddəsinin 3-cü bəndinə riayət edilməklə, nə onun fiziki, yaxud əqli sağlamlığına, nə də onun inkişafına xələl gətirməməlidir.

Maddə 6

Bu Bəyannamənin 1-ci maddəsinə müvafiq olaraq və 1-ci maddənin 3-cü bəndinin müddəalarına riayət edilməklə fikir, vicdan, din, yaxud əqidə azadlığına, o cümlədən aşağıdakı azadlıqlar daxildir:

  1. a) ayinləri icra etmək, yaxud din və ya əqidə ilə bağlı yığışmaq və bu məqsədlər üçün yerlər saxlamaq;
  2. b) müvafiq xeyriyyəçilik və humanitar yardım təsisatları yaratmaq və saxlamaq;
  3. c) dini mərasimlər, yaxud adətlər və ya əqidələrlə bağlı müvafiq həcmdə lazımi əşya və materiallar istehsal etmək, almaq və onlardan istifadə etmək;
  4. d) bu sahələrdə müvafiq əsərlər yazmaq, nəşr etdirmək və yaymaq;
  5. e) din, yaxud əqidə məsələlərini bu məqsədlər üçün yararlı yerlərdə tədris etmək;
  6. f) ayrı-ayrı şəxslərdən və təşkilatlardan könüllü maliyyə yardımı və digər ianələr istəmək və almaq;
  7. g) bu və ya digər dinin, yaxud əqidənin ehtiyaclarına müvafiq onların başçılarını hazırlamaq, təyin etmək, seçmək, yaxud varislik hüququna əsasən təyin etmək;
  8. h) istirahət günlərinə əməl etmək və din, yaxud əqidənin göstərişlərinə müvafiq bayramları keçirmək və mərasimləri icra etmək;
  9. i) din, yaxud əqidə sahələrində ayrı-ayrı şəxslər və icmalar arasında milli və beynəlxalq səviyyələrdə əlaqələr yaratmaq və saxlamaq.

Maddə 7

Bu Bəyannamədə elan edilən hüquq və azadlıqlar milli qanunvericilikdə elə təqdim edilir ki, hər bir insan bu hüquq və azadlıqlardan təcrübədə istifadə edə bilsin.

Maddə 8

Bu Bəyannamədə heç nə İnsan hüquqları haqqında ümumi bəyannamədə və İnsan hüquqları haqqında beynəlxalq paktlarda müəyyən edilmiş hər hansı hüquqların məhdudlaşdırılması kimi yozulmamalıdır.