Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin əsasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılsın.
- Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifələri Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsindən və dini qurumların dövlət qeydiyyatına alınmasından ibarətdir.
- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının din etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədi ilə qanunla nəzərdə tutulmuş formalarda dini qurumların fəaliyyətinə müdaxilə edə bilər.
- Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının dini etiqad məsələlərinə və onların birləşdiyi dini qurumların işinə əsassız müdaxilə etmir, dini qurumlara heç bir maddi yardım göstərmir.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmaq üçün təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 21 iyun 2001-ci il
№ 512