Dözümlülük prinsipləri haqqında bəyannamə

UNESCO, 16 sentyabr 1995.

 

Preambula

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilənləri yadda saxlayaraq: “Biz, Birləşmiş Millətlərin xalqları gələcək nəsilləri müharibə fəlakətlərindən xilas etmək qətiyyətilə... insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə inam hissini yenidən təsdiq etmək... və bu məqsədlərlə dözümlülük nümayiş etdirmək və mehriban qonşular kimi bir-biri ilə dinc yanaşı yaşamaq”, UNESCO-nun 1945-ci il noyabrın 16-da qəbul olunmuş Nizamnaməsinin Preambulasında qeyd edilənləri yada salaraq: “dünya bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyinə əsaslanmalıdır”, insan hüquqları haqqında ümumi bəyannamədə elan edilənləri eyni zamanda yada salaraq: “hər bir insan fikir, vicdan və din azadlığı hüququna malikdir” (maddə 18), “məslək azadlığına və onların azad ifadə edilməsinə “ (maddə 19), həmçinin, təhsil “bütün xalqlar, irqi və dini qruplar arasında həmrəyliyə, dözümlülüyə və dostluğa kömək etməlidir” (maddə 26), müvafiq beynəlxalq aktları, o cümlədən aşağıdakıları nəzərə alaraq:

- Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt,

- İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt,

- İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya,

- Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya,

- Uşaq hüquqları Bəyannaməsi,

- Qaçqınların statusu haqqında 1951-ci il konvensiyası və qaçqınların statusuna dair 1967-ci il Protokolu, habelə, bu sahədə regional hüquqi aktlar,

- Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya,

- İşgəncələr və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə Konvensiya,

- Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə,

- Milli və ya etnik, dini və dil azlıqlarına məxsus şəxslərin hüquqları haqqında Bəyannamə,

- Beynəlxalq terrorçuluğun ləğvi tədbirləri haqqında Bəyannamə,

- İnsan hüquqları haqqında Vyana Bəyannaməsi və insan hüquqları üzrə Ümumdünya konfransının fəaliyyət proqramı,

- Kopenhagendə yüksək səviyyədə keçirilən Ümumdünya konfransının fəaliyyət proqramı,

- UNESCO-nun İrq və irqi xurafat haqqında Bəyannaməsi,

- UNESCO-nun Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiya və tövsiyələri, irqçilik və irqi ayrı-seçkiliyə qarşı mübarizə üzrə fəaliyyətin üçüncü Onilliyinin, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları sahəsində təsisatları Onilliklərinin və dünyanın yerli xalqlarının Beynəlxalq onilliyinin məqsədlərini yada salaraq, UNESCO Baş konfransının 27 m/5.14 qətnaməsinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının İli çərçivəsində dözümlülüyə həsr olunmuş məhəlli konfranslarının, habelə, Birləşmiş Millətlər Təşkilatının İli proqramı üzrə üzv dövlətlər tərəfındən təşkil olunmuş digər konfrans və müşavirələrin nəticə və tövsiyələrini nəzərə alaraq, son vaxtlar milli, etnik, dini və dil azlıqlarına, qaçqınlara, fəhlə-mühacirlərə, mühacirlərə, cəmiyyətdə sosial cəhətdən daha az müdafiə olunan qruplara qarşı artmaqda olan dözümsüzlük, zorakılıq, terrorçuluq, ksenofobiya, mürtəce millətçilik, irqçilik, antisemitizm, ögey münasibət, marqinallaşdırma və ayrı-seçkiliyə, habelə, ayrı-ayrı şəxslərə öz azad fikir və məsləklərini həyata keçirdiklərinə görə tətbiq edilən və milli və beynəlxalq səviyyədə sülh və demokratiyanın möhkəmləndirilməsi işinə əngəl törədən zorakılıq və hədə aktları ilə əlaqədar həyəcan hissi duyaraq, üzv dövlətlərin insan hüquqlarına hörməti və irqinə, cinsinə, dilinə, milli mənsubiyyətinə, dininə və ya sağlamlığına fərq qoymadan hamı üçün əsas azadlıqları inkişaf etdirmək və təmin etmək, dözümsüzlüyə qarşı mübarizə aparmaq vəzifələrinə xüsusi diqqət yetirərək “Dözümlülük prinsipləri haqqında bu Bəyannamə”ni qəbul və təntənə ilə elan edirlər.

Dözümlülüyün təkcə əsas prinsip deyil, həm də sülhün və bütün xalqların sosial-iqtisadi inkişafının zəruri şərti olduğunu nəzərə alaraq, cəmiyyətdə dözümlülük ideyalarının təsdiqi üçün zəruri olan hər şeyi etmək əzmi ilə biz aşağıdakıları bildiririk:

Maddə 1 - Dözümlülük anlayışı

1.1. Dözümlülük dünyamızın zəngin, rəngarəng mədəniyyətlərinin, insan fərdiyyətinin özünü ifadə etmə və büruzə formalarının qəbulu, düzgün dərki və onlara hörmət deməkdir. Ona bilik, aşkarlıq, ünsiyyət və fikir, vicdan və məslək azadlığı xidmət edir. Dözümlülük rəngarəng xüsusiyyətlərin birliyidir. Bu təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Dözümlülük sülhə nail olmağı mümkün edir və müharibə mədəniyyətindən sülh mədəniyyətinə aparır.

1.2. Dözümlülük güzəşt, mərhəmət və ya pis şeylərə göz yummaq deyil. Dözümlülük hər şeydən əvvəl insanın hərtərəfli hüquq və əsas azadlıqlarını etiraf əsasında formalaşan fəal münasibətdir. Heç bir halda dözümlülük bu əsas dəyərlərə edilən qəsdlərə haqq qazandıra bilməz. Ayrı-ayrı şəxslər, qruplar və dövlətlər dözümlülük göstərməlidirlər.

1.3. Dözümlülük insan hüquqlarının, plüralizmin (o cümlədən mədəni plüralizmin), demokratiyanın bərqərar olmasına və qanunun təntənəsinə kömək etmək vəzifəsidir. Dözümlülük ehkamçılığı, həqiqəti mütləqləşdirməyi rədd edən və insan hüquqları sahəsində beynəlxalq hüquqi aktlarda müəyyən edilmiş normaları təsdiq edən bir anlayışdır. İnsan hüquqlarına hörmətlə həmahəng olan dözümlülüyün təzahürü sosial ədalətsizliyə dözümlü münasibət, öz əqidələrindən imtina və ya başqalarının əqidələrinə güzəşt deyildir. Bu, o deməkdir ki, hər kəs öz əqidəsində azaddır və başqalarının da həmin hüququnu tanıyır. Bu, o deməkdir ki, insanlar təbiətcə öz xarici görünüşlərinə, vəziyyətlərinə, nitqlərinə, davranış və dəyərlərinə görə fərqlənirlər və əmin-amanlıqda yaşamaq, öz fərdiliklərini qoruyub saxlamaq hüququna malikdirlər. Bu, həm də o deməkdir ki, bir adamın fikirləri başqalarına zorla qəbul etdirilə bilməz.

Maddə 2 - Dövlət səviyyəsi

2.1. Dözümlülük dövlət səviyyəsində ədalətli və qərəzsiz qanunvericilik, qayda-qanuna riayət, məhkəmə-prosessual və inzibati normalar tələb edir. Dözümlülük, habelə ayrı-seçkilik qoymadan hər bir insana iqtisadi və sosial inkişafı üçün şərait yaradılmasını tələb edir. Ögey münasibət və marqinallaşdırma passivliyə, düşmənçiliyə və fanatizmə səbəb ola bilər.

2.2. Cəmiyyəti daha dözümlü etmək üçün dövlətlər insan hüquqları haqqındakı beynəlxalq konvensiyaları təsdiq etməli, əgər lazım gələrsə, cəmiyyətdəki bütün qruplar və ayrı-ayrı şəxslər üçün bərabərhüquqlu yanaşmanı, imkanların bərabərliyini təmin etmək məqsədilə yeni qanunvericilik işləyib hazırlamalıdırlar.

2.3. Beynəlxalq həmrəyliyin mənafeyi üçün ayrı-ayrı adamların, icmaların və millətlərin bəşər birliyinin çoxmədəniyyətli xarakterini dərk etməsi və ona hörmət bəsləməsi vacibdir. Dözümlülük olmadan sülh mümkün deyil, sülh olmadan inkişaf və demokratiya mümkün deyildir.

2.4. Dözümsüzlük, sosial cəhətdən daha az müdafiə olunan qrupların marqinallaşdırılması, onların ictimai və siyasi həyatdan təcrid edilməsi, onlara qarşı zorakılıq və ayrı-seçkiliyin tətbiq edilməsi formasını qəbul edə bilər. İrq və irqi xurafat haqqında bəyannamənin elan etdiyi kimi: “bütün insanlar və insan qrupları bir-birlərindən fərqlənmək hüququna malikdirlər” (maddə 1,2).

Maddə 3 - Sosial aspektlər

3.1. Dözümlülük müasir dünyada xüsusilə vacibdir. Biz iqtisadiyyatın qloballaşdığı, çevikliyin artdığı və kommunikasiyaların, inteqrasiyaların və qarşılıqlı asılılığın sürətlə inkişaf etdiyi bir əsrdə, iri miqyaslı miqrasiyalar və əhalinin yerdəyişməsi, sosial strukturların urbanizasiyası və dəyişdirilməsi əsrində yaşayırıq.

Hər bir region çoxsifətlidirbuna görə də dözümsüzlüyün və münaqişələrin qızışdırılması dünyanın bütün hissələri üçün təhlükəlidir. Bu təhlükədən milli sərhədlərlə xilas olmaq mümkün deyil, çünki o, qlobal xarakter daşıyır.

3.2. Ayrı-ayrı adamlar arasında, ailədə və cəmiyyətdəki münasibətlərdə dözümlülük zəruridir. Məktəblərdə və universitetlərdə, qeyri-formal təhsil yolu ilə, evdə və işdə dözümlülük hissini möhkəmlətmək, münasibətlərdə açıqlığı, bir-birinə diqqəti və həmrəyliyi formalaşdırmaq zəruridir. Kommunikasiya vasitələri azad və açıq dialoq və müzakirələrə təsir etməklədözümlülüyün dəyərlərini yaymaqla və dözümsüzlüyün təbliğ edilməsində yenicə baş qaldıran qruplara və ideologiyalara münasibətdə biganəlik göstərməyin təhlükəli olduğunu aydınlaşdırmaqla konstruktiv rol oynaya bilər.

3.3. UNESCO-nun İrq və irqi xurafat haqqında Bəyannaməsində elan edilir ki, zəruri olduğu hər bir yerdə ayrı-ayrı şəxslərin və bir qrup adamların ləyaqət və hüquqlarında bərabərliyi təmin etmək məqsədilə xüsusi tədbirlər görülməlidir. Bununla əlaqədar əlverişsiz sosial və ya iqtisadi şəraitdə olan, sosial cəhətdən daha az müdafiə olunan qruplara xüsusi diqqət yetirməklə onlara mənzil, məşğulluq və sağlamlığın qorunması ilə əlaqədar hüquqi və sosial müdafiə təminatı vermək, onların mədəniyyət və dəyərlərinin xüsusiyyətlərinə hörmət etmək, xüsusilə təhsil vasitəsilə sosial və peşə yüksəlişinə, inteqrasiyaya təsir etmək lazımdır.

3.4. Bu qlobal məsələnin həlli ilə əlaqədar müvafiq elmi tədqiqatların keçirilməsi və beynəlxalq cəmiyyətin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə informasiya şəbəkəsinin yaradılması zəruridir. Burada sosial elmlərin qüvvələri ilə təsirli əks tədbirlərin qəbul edilməsi, bu halın əmələgəlmə səbəblərinin təhlil olunması, habelə, üzv dövlətlərin siyasi qərarlarının və normativ fəaliyyətinin təkmilləşdirilməsinə təsir edən elmi tədqiqatların və monitorinqlərin həyata keçirilməsi zəruridir.

Maddə 4 – Tərbiyə

4.1. Tərbiyə dözümsüzlüyün qarşısının alınmasında ən təsirli vasitədir. Dözümlülük ruhunda tərbiyə insanların ümumi hüquq və azadlıqlarının nədən ibarət olduğunu onlara öyrətməkdən başlayır, bunun üçün bu hüquqların həyata keçirilməsini təmin etmək və başqalarının hüquqlarını müdafiəyə meyli möhkəmləndirmək lazımdır.

4.2. Dözümlülük ruhunda tərbiyəyə təxirəsalınmaz vacib məsələ kimi baxmaq lazımdır; bununla əlaqədar olaraq dözümlülüyün öyrədilməsi metodikasının təkmilləşdirilməsinə sistemli və səmərəli əsasla kömək etmək vacibdir. Bu zaman dözümsüzlüyün zorakılıq və ayrı-seçkiliyin əsas səbəbləri kimi çıxış edən mədəni, sosial, iqtisadi, siyasi və dini mənbələri aşkara çıxarılır.

Təhsil sahəsindəki siyasət və proqramlar ayrı-ayrı şəxslər arasında olduğu kimi etnik, sosial, mədəni, dini və dil qrupları, habelə, millətlər arasındakı münasibətlərdə də qarşılıqlı anlaşmanın yaxşılaşmasına, həmrəylik və dözümlülüyün möhkəmləndirilməsinə kömək etməlidir.

4.3. Dözümlülük ruhunda tərbiyə başqalarına münasibətdə qorxu və ayrı-seçkilik hissi yaradan təsirə qarşı yönəldilməlidir. O, gənclərdə müstəqil təfəkkür, tənqidi dərketmə bacarığının formalaşdırılmasına və əxlaqi dəyərlərə əsaslandırılmış mühakimələrin təkmilləşdirilməsinə kömək etməlidir.

4.4. Biz sosial elmlər sahəsində elmi tədqiqat proqramlarını və dözümlülük, insan hüquqları və qeyri-zorakılıq ruhunda tərbiyəni bəyənir və onun həyata keçirilməsinə hazır olduğumuzu elan edirik.

Bu, pedaqoji hazırlığın, tədris planlarının və məşğələlərinin səviyyəsinin yüksəldilməsi və digər tədris materiallarının təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir.

Habelə, buraya azadlığı qiymətləndirməyi, insan ləyaqəti və fərdiliyinə hörmət etməyi, münaqişələrin qarşısını almağı və ya onları qeyri-zorakılıq vasitələri ilə həll etməyi bacaran, digər mədəniyyətləri qəbul edən həssas və məsuliyyətli vətəndaşların tərbiyəsi məqsədilə yeni təhsil texnologiyası da daxil edilmişdir.

Maddə 5 - Fəaliyyətə hazırlıq

Biz təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində proqram və təsisatlardan istifadə edərək dözümlülüyün yayılmasına və qeyri-zorakılığın qarşısının alınmasına kömək etməyi öhdəmizə götürürük.

Maddə 6 - Dözümlülüyə həsr olunmuş Beynəlxalq gün

İctimaiyyəti səfərbər etmək, dözümsüzlükdə gizlənən təhlükəyə diqqəti cəlb etmək və dözümlülüyün yayılması və dözümlülük ruhunda tərbiyəyə hər cür kömək göstərmək məqsədilə biz hər il noyabrın 16-nı dözümlülüyə həsr olunmuş Beynəlxalq gün kimi təntənə ilə qeyd edəcəyimizi elan edirik.