“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib


Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Açılış mərasimindən öncə ADU rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Beynəlxalq tələbə himni olan “Gaudeamus” oxunub.

ADU-nun tələbələri müxtəlif xarici dillərdə konfrans iştirakçılarını salamladıqdan sonra açılış nitqi ilə çıxış edən rektor Kamal Abdulla bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən konfransa maraq böyükdür. Müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər: “Bu gün biz Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider kimi, müdrik bir siyasətçi kimi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Bu gün Azərbaycan gəncliyi qalib bir xalqın nümayəndələri kimi daha məsuliyyətli, daha inamlı və daha bacarıqlı olmalıdır. Bu məsuliyyəti, bu inamı və bu bacarığı hər birimiz öz işimizdə son dərəcə ləyaqətlə yerinə yetirməli, Azərbaycanın gələcək inkişafına öz töhfəmizi verməliyik. Ulu Öndərin əziz xatirəsinə həsr olunan konfransa təşrif buyuran dəyərli qonaqlarımıza, ziyalılarımıza öz təşəkkürümüzü bildirir, onlara işlərində uğurlar arzu edirik”.

Türkiyənin Ege Universitetinin professoru Fikrət Türkmən konfransla bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı keçirilən konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər, tələbələr bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar. Konfransı ADU-nun növbəti uğuru hesab edən qonaq iştirakçılara uğurlar arzu edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini hacı Fuad Nurullayev bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin təbriklərini konfrans iştirakçılarına çatdırıb. Qeyd olunub ki, Ulu Öndər Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi bir lider olmaqla yanaşı, həm də xalqının ağır günündə onu xilas edən müdrik bir rəhbər kimi yaddaşlarda yaşayır və yaşayacaqdır.

Pakistanın Milli Müasir Dillər Universitetinin rektoru general Mahmud Kyani konfransın müəllim və tələbələr üçün önəmini xüsusi olaraq vurğulayıb. Qeyd olunub ki, Pakistan hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olacaqdır. Bu dostluq və qardaşlıq münasibətləri özünü həm də elmi, mədəni müstəvidə göstərməkdədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Belqrad Universitetinin Şərqşünaslıq kafedrasının müdiri Kseniya Aykurt, Aleksandr İoan Kuza adına Yasse Universitetinin professoru Lyudmila Bejenaru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Mərakeş Universitetinin professoru Adil El Madhi, Auqsburq Universitetinin professoru Klaus Vulf, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Buxara Dövlət Universitetinin prorektoru Abror Jurayev, Braziliyanın Paraibe Federal Universitetinin professoru Ana Berenise Peres Martorelli çıxışlarında konfransın beynəlxalq əhəmiyyətindən söz açıblar və gələcək elmi, mədəni istiqamətləri haqqında fikirlərini bölüşüblər.

Çıxışçılar konfransın işində müəllim və tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara uğurlar arzu ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan beynəlxalq konfrans ADU-da ənənə şəklini alıb və beynəlxalq müstəvidə böyük diqqət və marağa səbəb olub.

Konfransın bağlanış mərasimində çıxış edən rektor Kamal Abdulla iştirakçılara bir daha öz təşəkkürünü bildirib. Yerli və xarici nümayəndələrə konfransa verdikləri töhfəyə görə minnətdarlıq ifadə olunub. Rektor bölmə iclaslarının öz işini uğurla həyata keçirdiyini vurğulayıb. Bölmə iclaslarında tezislərlə çıxış edən yerli və xarici məruzəçilərin təqdim etdiyi mövzuların keyfiyyəti və aktuallığı xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, konfrans növbəti ildə yenidən keçiriləcək. Rektor çıxışında konfransın iştirakçı tərkibini növbəti ildə də bir arada görmək və yeni uğurların əldə olunacağına olan inamını ifadə edib.

Daha sonra bölmə iclasları haqqında məlumat verilib. Hər bir bölmə üzrə ayrıca məlumat verildikdən sonra konfrans iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirən Ege Universitetinin professoru Fikrət Türkmən konfransın uğurla başa çatdığını və bu işin yüksək peşəkarlıqla həyata keçirildiyini söyləyib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi beynəlxalq əhəmiyyətli konfransların yüksək səviyyədə keçirilməsi istiqamətində kifayət qədər təcrübəyə və bacarığa sahibdir. Bu da digər universitetlər üçün, təşkilatçılar üçün əlavə imkanlar deməkdir. Bildirilib ki, bu imkanların faydalılığı və zəruriliyi hər zaman xatırlanacaq.

Konfransın bağlanış mərasimindən sonra iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə ADU-nun həyətində ağacəkmə aksiyasında iştirak ediblər.

AZƏRTAC