“Heydər Əliyev və Azərbaycan multikulturalizmi” adlı konfrans keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ümummilli lider Heydər Əliyevin 99 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fəaliyyət göstərən milli və dini icma rəhbərlərinin iştirak etdikləri tədbirdə Mərkəzin İcraçı direktoru Rəvan Həsənov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında və XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə xilaskarlıq missiyasından danışıb. Bildirib ki, Azərbaycanın inkişafında, müstəqilliyinin qorunub möhkəmləndirilməsində, parlaq gələcəyinin təmin olunmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və ölkəmizdə miltikulturalizmin siyasi banisi ümummilli lider Heydər Əliyevin xoşbəxt gələcəyimiz üçün açdığı yolla xalqımız qətiyyətlə addımlayır. Müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin təməlini qoyduğu uğurlu strategiya nəticəsində strateji xətlə inamla irəliləyir, inkişaf edir. Bu gün həm də ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti uğurla həyata keçirilir, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına çıxaran nəhəng quruculuq işləri görülür. Son illər isə ölkəmizin çoxsaylı mötəbər beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi Azərbaycana beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisidir. Eyni zamanda, Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı tədbirlər daim davam etdiriləcək.

Bildirilib ki, Azərbaycanda yaşayan bütün xalqların dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək, ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində aparılan mübarizədə iştirakı və qazanılan tarixi Zəfər hər birimizi qürurlandırır, bizi daha əzmlə çalışmağa daim sövq edir.

Konfransda Azərbaycandakı Rus İcmasının sədri, deputat Mixail Zabelin, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Mefodiy Elnur Əfəndiyev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasında Katolik kilsəsinin apostol prefekturasının yepiskopu Vladimir Fekete, “Samur” Ləzgi Milli Mərkəzinin sədri İmran Rzayev və “Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuri Osadçenko çıxış edərək ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, müasir dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rolundan danışıblar.

Çıxışlarda qeyd edilib ki, ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə separatçılığa son qoyulub, Azərbaycan parçalanmaq təhlükəsindən qurtularaq yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edilib. Onun işləyib hazırladığı xalqların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışını təmin edən müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

AZƏRTAC