Qusarda “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda konfrans keçirilib

2016-cı il üçün “Azərbaycanın folklor paytaxtı” seçilən Qusar şəhəri “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfransa ev sahibliyi edib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirib, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Qusar Mədəniyyət Sarayının qarşısında təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov konfransdakı çıxışında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə Qusarın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanda, eləcə də Qusar rayonunda müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Qusarda azərbaycanlılar, ləzgilər və digər azsaylı xalqların nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Azərbaycanın multikulturalizm ənənələri öz zənginliyi ilə bu gün bütün dünya ölkələrinin, beynəlxalq qurumların, ictimaiyyətin diqqətini özünə cəlb edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və digər çıxış edənlər multikulturalizmin çoxmədəniyyətlilik, insanların bir-birilərinə hörmət və məhəbbətlə yanaşması olduğunu qeyd ediblər.


AZƏRTAC