Azərbaycan multikulturalizminin təbliği insanlığa töhfədir

İsveçə səfərdən qayıdan Azərbaycan nümayəndə heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov səfərin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verib.

A.Məmmədov deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) birgə təşkilatçılığı ilə noyabrın 18-dən 20-dək Stokholm şəhərində konfrans və müxtəlif görüşlər keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç və Azad Məmmədov daxil olub.

İcraçı direktor qeyd edib ki, səfərin əsas məqsədi dünyamızın terrorla, islamofobiya, ksenofobiya ilə təhdid olunduğu bir zamanda bir çox dövlətlərə nümunə olacaq birgəyaşayışın Azərbaycan modelini, Azərbaycan multikulturalizmi və tolerantlığını İsveçdə təqdim etmək, həmçinin bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsi aparmaq idi.

Noyabrın 18-də “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirildi. Konfransda ölkəmizi təmsil edən nümayəndə heyəti, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, İsveç parlamentinin sabiq üzvü, ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker, İsveç Xarici İşlər Nazirliyinin baş direktoru, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəisi Stefan Qulqren və İsveçin İnanclararası Dialoq Mərkəzinin direktoru Helene Enqel çıxış etdilər. Konfransdan sonra Azərbaycan nümayəndə heyətinin İsveçin mədəniyyət və demokratiya naziri ilə görüşü təşkil edildi. Görüşdə nazir xanım Alice Bah Kuhnke ilə yanaşı, nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı da iştirak edirdi.

Noyabrın 19-da nümayəndə heyəti İsveç parlamentinin Konstitusiya komitəsinin sədri tərəfindən qəbul olundu. Görüşdə Komitə sədri Andreas Norlen ilə yanaşı, İsveç parlamentində təmsil olunan Sosial Demokratlar Partiyası, Xristian Demokratlar Partiyası, İsveç Demokratlar Partiyası və Yaşıllar Partiyasının üzvləri də iştirak edirdilər.

Səfərin sonuncu günü nümayəndə heyəti İsveç Xarici İşlər Nazirliyində oldu. Görüşdə multikulturalizmin Azərbaycan və İsveç modeli, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi, mədəni və multikultural müstəvidə təcrübə mübadiləsinin aparılmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıldı.

A.Məmmədov deyib: “Təbii ki, qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik olan İsveç Krallığının da özünə xas tolerantlıq və multikulturalizm təcrübəsi var. Lakin buna baxmayaraq, ölkəmizdən olan nümayəndə heyətində təmsil olunan müxtəlif dini konfessiya rəhbərlərinin mehriban dostluğu, Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan xalqının sülh və əmin-amanlıq içərisində yaşaması naminə ortaya qoyduqları yekdil mövqe hər addımda onların heyrətinə səbəb olurdu.

Dünyada sülh və sabitliyin davamlı olması, münaqişə ocaqlarında tez bir zamanda sülhə nail olunması, milliyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin əmin-amanlıq içərisində yaşaması üçün səylər göstərən beynəlxalq təşkilatlar, dünyanın aparıcı güc dövlətləri də daim müsbət təcrübənin paylaşılmasının tərəfdarıdır və onlar hər zaman öz tövsiyələrində buna üstünlük verirlər. Bu mənada, tarixən özəlliyi və birgəyaşayışa müsbət təsiri ilə seçilən tolerantlığın Azərbaycan modelinin, həmçinin Azərbaycan multikulturalizminin davamlı şəkildə öyrənilməsi və dünyada təbliği özü-özlüyündə dünya insanını sülhə çağırışa bir töhfədir.

Sevindirici məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla yüksək səviyyədə qurulan münasibətlər, dünyada sülhün təmin olunmasına, ətraf mühitin və dünya inciləri olan maddi-mədəniyyət abidələrinin qorunmasına ölkəmizin verdiyi töhfələr, Azərbaycanın təkcə neftlə zəngin ölkə deyil, həm də insanpərvərlik nümunəsi olan əhali resursu ilə zəngin olması kimi məqamlardan İsveçdə də xəbərdardırlar. Ölkələrimiz arasında müxtəlif müstəvilərdə olan qarşılıqlı mübadilə proqramları isveçli siyasət və hökumət adamlarında Azərbaycana böyük maraq yaradıb. Görüşlərdə iki ölkənin din xadimləri gələcəkdə bir-biri ilə əlaqələrinin gücləndirilməsini xüsusi qeyd edirdi. Azərbaycan və onun bu gün Avropa ilə bölüşə biləcəyi multikultural mənəvi dəyərlərdən, Azərbaycan Prezidentinin Avropanın bu ağır vaxtında Fransaya gedib son terror hadisələri ilə bağlı şəxsən başsağlığı verməsindən ətraflı danışdılar. İsveçlilərin bu məsələlərə böyük hörmətlə yanaşmalarını qeyd etmək olar. Bu tipli konfrans və görüşlərin keçirilməsi Azərbaycanın İsveçdən daha da maraqlı görünməsinə səbəb olacaq.

Keçirilən görüşlərdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparıldı. Görüşlərin birində İsveçin mədəniyyət və demokratiya nazirinin, din xadimlərinin növbəti görüş üçün Bakıya gəlmələri məsələsi qaldırıldı və bu, İsveç tərəfindən məmnunluqla qəbul edildi.

AZƏRTAC