Berlin Humboldt Universitetində fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin əsasları. Müqayisəli baxış” mövzusunda mühazirə axşamı keçirilib. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov tədbirdə məruzə ilə çıxış edib.
XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələrinin müəyyən obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdiyinə diqqət çəkən məruzəçi bəzi ölkələrin multikulturalizm siyasətinin iflasa uğradığını rəsmi olaraq bəyan etdiklərini, Azərbaycanda isə multikulturalizmin dövlət siyasətinin vacib komponentlərindən birinə çevrildiyini bildirib.
S.Hüseynov qeyd edib ki, Azərbaycan dövləti bu sahədə aşağıdakı tezisləri rəhbər tutaraq fəaliyyət göstərir: Multikulturalizm Azərbaycan xalqının həyat tərzi və dövlət siyasətidir; bu gün multikulturalizmin dünyada alternativi yoxdur, onun əksi ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir. O, multikulturalizmin Azərbaycan modelinin ictimai, siyasi, hüquqi, həmçinin bədii əsaslarının xalqımızın adət-ənənələrindən irəli gəldiyini söyləyib.
Məruzəçi Azərbaycanda multikultural təhlükəsizliyin dövlət tərəfindən tənzimləndiyini və onun əsas üç prinsipə söykəndiyini bildirib: ölkədəki müxtəlif dinlərə bərabər siyasi münasibət göstərilməsi, milli müxtəlifliyin qorunması üçün dövlət proqramlarının həyata keçirilməsi, bütün etnik və dini qrupların irsinin qorunmasına ictimai dəstəyin verilməsi. O, daha sonra multikulturalizmin dünyada mövcud olan digər modellərindən misallar gətirərək onlarla müqayisədə Azərbaycan modelinin üstünlüklərini sadalayıb.
Tədbirdə “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Maria Aux, Berlin Humboldt Universitetinin və Berlin Azad Universitetinin tələbə, doktorant və müəllimləri iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin