Noyabrın 22-də Bakıda “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransa MDB-yə üzv dövlətlərdən, o cümlədən Rusiya, Belarus və digər ölkələrdən gənclər təşkilatlarının nümayəndələri, gənc alimlər və ekspertlər qatılıblar.
Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclər sahəsinə göstərilən dövlət qayğısından danışıb, gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirib ki, tolerantlıq və multikulturalizm ölkəmizdə prioritet istiqamətlərdəndir. Son illər Azərbaycanda bu mövzularda mötəbər beynəlxalq forum və konfranslar təşkil olunur. Ölkəmizdə gənclərin fəaliyyəti üçün geniş imkanların olduğunu vurğulayan nazir müavini onların beynəlxalq aləmə inteqrasiyası, kreativ ideyalarının reallaşdırılması və sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm addımların atıldığını bildirib. İ.Babayev Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tarix boyu mehriban, tolerant şəraitdə yaşadıqlarını, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən, ölkəmizdə gənclər üçün yaradılan şəraitdən danışaraq, bu istiqamətdə reallaşdırılan tədbirlər barədə məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanın qədim və zəngin multikulturalizm ənənələrindən danışıb. Respublikamızda multikultural mühitin qorunmasının ölkə rəhbərliyi tərəfindən həmişə diqqət mərkəzində saxlandığını deyən R.Həsənov Azərbaycanın multikulturalizmin inkişafında və təbliğindəki mövqeyinin digər ölkələrə nümunə olduğunu qeyd edib: “Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqımızın ənənəvi yaşam formasıdır. Azərbaycan dövləti ölkəmizdə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15 ölkəsində multikulturalizmi təbliğ edir”.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
AZƏRTAC