Aprelin 28-də Gəncə şəhərində “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə, Xocalı, Kəlbəcər, Qazax, Ağstafa, Goranboy, Göygöl, Samux, Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy prokurorluqlarının, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbər və məsul nümayəndələri, ziyalılar, dindarlar iştirak ediblər.
Tədbiri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev açaraq ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov seminarda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib. Səyavuş Heydərov din pərdəsi altında aparılan münaqişələrə diqqəti çəkərək bildirib ki, Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.
Səyavuş Heydərov Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında danışaraq bunun ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, belə bir möhtərəm tədbirin ölkəmizdə keçirilməsi mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsidir. Bu gün dünyada yerli, regional və qlobal təhlükəsizliyin mövcud olduğu vaxtda Azərbaycanın multikulturalizmi təbliğ və təşviq etməsi bütün dünyaya bir çağırış, bir mesaj kimi qəbul edilməlidir. Azərbaycanda dini və etnik zəmində stabilliyin olması regional miqyasda təhlükəsizliyin təmin olunması üçün çox mühüm amillərdən biridir. Multikulturalizmin Azərbaycan modeli dünya ölkələrinin əksəriyyəti üçün bir təcrübədir. Azərbaycan bu siyasətlə dünya təhlükəsizlik sisteminə, dialoqa və əməkdaşlığa öz töhfəsini verir.
Sonra Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov və Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.
AZƏRTAC