Qəbələdə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələdə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qafqaz Resort” otelinin konfrans zalında təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.

Konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, milli mənəvi dəyərlərimizin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Bu gün nümunəvi təhsil almağın, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin, yüksək intellektə malik modern və əsl vətəndaş kimi formalaşmağın müasir gəncliyin qarşısında duran əsas hədəflərdən olduğunu diqqətə çatdıran S.Abdullayev qeyd edib ki, Ulu Öndər ölkəmizdə dövlət quruculuğu sahəsində gənclərin rolunun artırılması istiqamətində bir çox fərman və sərəncamlar imzalayıb, 1999-cu ildə isə “Gənclər siyasəti haqqında” Proqramı təsdiqləyib. Dahi rəhbərin gənclər sahəsində yürütdüyü siyasət bu gün də uğurla davam etdirilir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə qloballaşma hərəkatının, mədəni inteqrasiya və öz soykökünə qayıdış prosesinin önündə gedən gənc nəslin tarixin süzgəcindən keçən milli adətlərimizi və mənəvi dəyərlərimizi yaşatdığını, inkişaf etdirdiyini bildirib. İntiqam Babayev Azərbaycan Respublikasının müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanmasının xüsusilə aktuallıq kəsb etdiyini, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesini dövlətçilik ənənələri ilə yanaşı, zəngin milli mənəvi irsi, ali dəyərləri ilə də müəyyən olunduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan multikulturalizm və tolerantlığın, əslində, Azərbaycan xalqının həyat tərzi olduğunu söyləyib. O, bu mənəvi dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı müdrik siyasət sayəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndiyini vurğulayıb.

Konfransda Qəbələ “Cümə Məscidi”nin imamı Saleh Şirinov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, YAP Qəbələ Rayon Gənclər Birliyinin sədri Namiq Ağayev mövzu ətrafında çıxış ediblər.

Sonda suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunmuş “Şəhadət” filmi nümayiş etdirilib.

AZƏRTAC