Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası birlikdə “Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbiri açan BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov keçmiş sovet hakimiyyəti dövründə Xəzər bölgəsində baş verən hadisələrin bir qədər statik xarakterli olduğunu bildirib. Qeyd edib ki, sovet hakimiyyətinin dağılmasından sonra Xəzər hövzəsi dövlətlərinin sayı artdı. Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı uzun müddət Xəzər hövzəsi dövlətləri arasında danışıqlar gedirdi. Bu il isə Xəzərin hüquqi statusunun müəyyən olunması məsələsi öz həllini tapdı. Burada Azərbaycanın fəal siyasi mövqeyi xüsusilə qeyd edilməlidir. Xəzərin hüquqi statusunun müəyyən edilməsi təkcə iqtisadi məsələ deyil, eyni zamanda, xalqlar arasında dostluğa, əməkdaşlığa, yeni bir mərhələyə qədəm qoymaq deməkdir.
Milli Məclisin deputatı Fazil Mustafayev məruzə ilə çıxış edərək deyib ki, 2018-ci il Xəzərsahili dövlətlər üçün ən sabit dövr kimi xatırlanacaq. Çünki Xəzərin hüquqi statusu ilə bağlı uzun illərdən bəri aparılan danışıqlar yekunlaşıb. Xəzəryanı dövlətlər bu dənizdə olan proseslərin birlikdə tənzimlənməsi barədə razılığa gəliblər. Bu, Azərbaycan üçün də olduqca vacibdir. Rusiya və İranın Xəzər bölgəsində üstünlüyünün ən azı bərabərləşdirilməsi siyasətinin həyata keçirilməsində üç dövlətin – Azərbaycan, Qazaxıstan və Türkmənistanın önəmli rolu olub. Əvvəllər mədəni bağlarla əlaqələr qurulmuşdursa, indi iqtisadi əməkdaşlıq vasitəsilə münasibətlərin qurulması gələcək inteqrasiya modelinin formalaşmasına böyük təsir göstərib. Dövlətimizin başçısı İlham Əliyevin həm Avropa ölkələri, həm Rusiya, həm də Orta Asiya dövlətləri ilə qurduğu əlaqələr Azərbaycanı bu bölgələrlə gələcək meqalayihələrin işlənib hazırlanmasında söz sahibi olan ölkəyə çevirib.
Milli Məclisin deputatı, professor Elman Nəsirov da məruzəsində mövzunun aktual və vacib olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan dövlətinin Xəzər regionunda 3 mühüm potensialı var - neftin istehsalı və ixracı, qazın ixracı, multikulturalizm siyasəti. Multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasəti, ictimai sifarişdir. Multikulturalizm həm də bizim zənginliyimizdir. Azərbaycanda müxtəlif etnoslar, dinlərin, konfessiyaların daşıyıcıları var, onlar mehriban şəraitdə birgə yaşayırlar. 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan olunub.
E.Nəsirov bildirib ki, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bu, böyük geosiyasi hadisədir. Bu sənədin imzalanması ilə Azərbaycanın Xəzər regionunda mövqeyi güclənmiş oldu, Azərbaycanın Türkmənistan ilə enerji sahəsində yaxınlaşması üçün imkanlar yarandı. Qazaxıstanda Azərbaycana böyük rəğbət var. Bizim kökümüz, dinimiz eynidir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında hər zaman dostluq və qardaşlıq münasibətləri olub və bu münasibətlər bir çox məsələlərdə özünü göstərir. Buna misal kimi, 2012-2013-cü illərdə Azərbaycanın, 2017-2018-ci illərdə isə Qazaxıstanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmasında hər iki ölkənin bir-birinə dəstəyini göstərmək olar. Son dövrlər Azərbaycanın Cənubi Qafqaz regionunda güclü və iqtisadi inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdırsa, Qazaxıstanda da inkişafın banisi Nursultan Nazarbayevdir. Bircə o faktı demək kifayətdir ki, son 20 ildə Orta Asiya ölkələrinə qoyulan 300 milyard investisiyanın 70 faizi məhz Qazaxıstanın payına düşür.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan Xəzəryanı ölkə olduğu üçün bu coğrafi aralıqda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında, regionda yaşayan xalqlar arasında dostluq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edir. Dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə mühüm işlər görür, öz əhəmiyyətli töhfələrini verir.
Prezident yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, “Entoqlobus” saytının rəhbəri Gülnarə İnanc, BBMM-in baş məsləhətçisi Tofiq Abbasov və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Buna bariz nümunə kimi, 2010-cu ildə Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə toplantısını göstərmək olar. Bu toplantıda Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsi kimi mühüm prinsiplər müəyyən olunmuşdu. Bu prinsiplər daha əvvəl ulu öndər Heydər Əliyev tərəfindən elan olunub. Ulu Öndər deyirdi ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Bu baxımdan bu il avqustun 12-də Aktauda keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının 5-ci Zirvə toplantısı vacib əhəmiyyət kəsb edir. Burada Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə yanaşı, regionun təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra mühüm aktlar qəbul edilib.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.
AZƏRTAC