Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindən olan Santa Monika Kollecində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, kollecin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə sözügedən ali təhsil müəssisəsinin dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək məruzə ilə çıxış edib.
Baş konsul N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edib, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək əsasını qoyduğu müasir Azərbaycan multikulturalizmi bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul, həmçinin vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün digər sahələrlə yanaşı, dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişlənməsinə xüsusi diqqət yetirir. N.Ağayev bildirib ki, Azərbaycan Prezidentinin bununla bağlı siyasi iradəsi artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz töhfələrini verməkdədir.
Baş konsul Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. Baş konsul qeyd edib ki, bu işğala baxmayaraq, bu gün Bakıda 20 minədək erməninin yaşaması faktı bir daha Azərbaycanda kök salmış qədim tolerantlıq ənənələrindən xəbər verir. “Ermənistanda bu gün bir nəfər də olsun azərbaycanlının qalmadığını və orada vaxtilə yaşamış 250 min azərbaycanlının hamısının didərgin salındığını nəzərə alsaq, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyəti daha da aydın şəkildə özünü büruzə verir”, - deyə N.Ağayev bildirib.
Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb.
AZƏRTAC