Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, simpoziumun məqsədi Avropa məkanında uzunəsrlik dini və milli qarşılıqlı hörmətə əsaslanan Azərbaycan tolerantlıq modelini təbliğ etməkdir. Tədbirdə beynəlxalq ekspertlər, Avropa QHT və beyin mərkəzlərinin rəhbərləri ilə yanaşı, Azərbaycandan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev iştirak ediblər.
Simpoziumda çıxış edən Avropa Şurasının Brüssel ofisinin rəhbəri səfir Torbyorn Froynes konfransın aktuallığından danışaraq qeyd edib ki, Avropa Şurasının yarandığı gündən iki yüzdən artıq beynəlxalq konvensiya və hüquqi norma qəbul edilsə də, onların işləməsi mexanizmlərində ciddi problemlər mövcuddur: “Bu səbəbdən Avropa məkanı ciddi sınaqlarla üz-üzədir. Belə müzakirələr Avropanın bu sınaqlardan uğurla çıxması və yeni modellərin axtarışı üçün xüsusi rol oynayır”.
Salahlı Azərbaycanda formalaşmış və mövcud olmuş tolerantlıq ənənələrindən, müxtəlif dinlərin və millətlərin ölkəmizdə dinc yanaşı yaşamasından, Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyindən, həmçinin, dövlət-din münasibətlərindən, Azərbaycan dövlətinin mövcud tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.
Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbəri Jan Mari Heydt Avropanın müasir problemlərdən çıxması üçün yeni alternativ modellərə diqqət yetirməyin zəruriliyini vurğulayıb.
Qafarova isə Azərbaycanda tolerantlığın möhkəmlənməsi və radikal meyllərin qarşısının alınması istiqamətində görülən tədbirlərdən və bu istiqamətdəki fəaliyyətdən söz açıb.
Mərasimin sonunda Dövlət Komitəsi tərəfindən nəşr edilmiş Azərbaycanda tolerantlığı əks etdirən kitablar səfir T. Froynesə və digər iştirakçılara təqdim edilib.
Simpozium işini panellərlə davam etdirib. 1-ci paneldə Avropanın müxtəlif ölkələrindən gəlmiş ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənc fəallar müasir Avropanın üzləşdiyi islamofobiya, milli, dini, irqi ayrı-seçkilik məsələlərini və bu problemlərdən çıxış yollarını müzakirə ediblər.
Simpoziumun 2-ci paneli Avropanın bəzi ölkələri ilə Azərbaycanın tolerantlıq modelinin əyani müqayisəsi üzərində qurulub. Bolqarıstanın baş müftisi Mustafa Hacı və Yunanıstanın Ksanti bölgəsinin müftisi Ahmet Mete çıxış edərək Avropada müsəlman azlığının üzləşdiyi ciddi problemlərdən danışıblar.
Milix Yevdayev çıxışında Avropadan fərqli olaraq, yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmlə üzləşmədiklərini, müsəlmanlar və digər dinlərin nümayəndələrinin əsrlər boyu qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Mefodiy Əfəndiyev isə pravoslav kilsələrinin məhz azərbaycanlı müsəlmanlar tərəfindən tikilib bərpa edildiyini və bunun dünyada unikal hallardan biri olduğunu qeyd edib.
Simpoziumun yekununda Azərbaycanın unikal tolerantlıq modelinin digər ölkələrdə də tətbiqinin mümkünlüyü və zəruriliyi qeyd edilib.
APA