Yerli və əcnəbi tələbələrə “Azərbaycanın etnik müxtəlifliyi” mövzusunda mühazirə oxunub

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina yerli və əcnəbi tələbələrə “Azərbaycanın etnik müxtəlifliyi” mövzusunda mühazirə oxuyub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, İ.Kunina multikulturalizm anlayışının dini, irqi və etnik xüsusiyyətlərindən danışıb, Azərbaycanda qədim dövrlərdən məskunlaşan milli azlıqlar haqqında məlumat verib. Qeyd edilib ki, müxtəlif millət və dinlərə mənsub insanların tolerant mühitdə yaşaması üçün multikultural cəmiyyətin olması vacibdir. Tolerant cəmiyyətdə insanlar bir-biri ilə daha rahat şəkildə ünsiyyət yarada bilirlər. Azərbaycanda müxtəlif dinlərin, millətlərin və etnik azlıqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dövlət onlara öz adət-ənənələrini və dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaradıb.

Məruzəçi Azərbaycanda məskunlaşan udin, rutul, talış, ingiloy və digər etnik azlıqların həyat tərzindən də söz açıb.

Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra burada yaşayan milli azlıq və etnik qrupların mədəniyyətləri ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur. Onların doğma dillərində ünsiyyət qurmaları, eyni zamanda, dini inanclarını yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Ölkəmizdə mədəni müxtəlifliyin qorunması multikulturalizmin əsas istiqamətlərindən biridir.

Sonra Azərbaycanın memarlıq abidələri, tarixi məkanları, fərqli etnik mənsubiyyətləri olan insanların həyatı haqqında film nümayiş olunub.

AZƏRTAC