Mursiyada “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib

Noyabrın 10-da İspaniyanın Mursiya şəhərində “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib. Konfrans Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyi və Mursiya Katolik Universiteti tərəfindən İspaniya Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və əlaqələr üzrə baş direktorunun dəstəyi ilə keçirilib.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Mursiya Katolik Universitetinin müəllim və tələbə heyəti, həmçinin bu şəhərdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak edib.

Konfransdan əvvəl Azərbaycan nümayəndə heyəti universitetin binası ilə tanış olub. Onlara burada keçilən fənlər, aparılan təcrübələr barədə məlumat verilib.

Tədbir çərçivəsində Bakı Dövlət Universiteti ilə San-Antonio Mursiya Katolik Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Konfransda çıxış edən Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov bu tədbirdə iki dövlətin elm və din xadimlərinin bir araya gəlməsindən məmnunluğunu ifadə edərək, dinin dövlətlərin həyatında oynadığı roldan və konfransın əhəmiyyətindən danışıb. Konfransın təşkilatçılarına təşəkkürünü bildirən səfir belə tədbirlərin davamlı olaraq hər iki ölkədə keçirilməsinin əhəmiyyətini qeyd edib.

İspaniya Ədliyyə Nazirliyinin əməkdaşı Rikardo Qarsiya Qarsiya çıxış edərək vətəndaş hüquqlarının qorunmasına yönəlmiş, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzarəti altında yaradılmış İspaniya modeli barədə məlumat verib. Bildirilib ki, bu model İspaniya Konstitusiyasında əksini tapıb və burada insanların bərabər milli və dini hüquqları izah olunub. Model hazırlanarkən nazirlik tərəfindən ölkədə fəaliyyət göstərən bütün dini qurumlarla razılaşmalar əldə olunub. Ədliyyə Nazirliyinin əməkdaşı təmsil etdiyi qurumun Azərbaycanın müvafiq qurumları ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxışında Papa II İohann Pavel və Papa Fansiskin Azərbaycana səfərlərini xatırladıb və bunu dünya multikulturalizminə töhfə adlandırıb. Kamal Abdullayev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdıraraq bunun ölkəmizdə yaşayan müxtəlif dinlərə mənsub xalqların vəhdətinin ehtivası olduğunu deyib.

Madridin arxiyepiskopu kardinal monsenyor Antonio Rouko Varela çıxışında Vatikan papalarının Azərbaycana səfərlərini bir daha xatırladaraq, bu ölkədə insanların dini azadlıqlarına hörmətlə yanaşılmasının dünya üçün nümunə ola biləcəyini vurğulayıb. O, bütün insanlar arasında sülhün qorunması üçün dialoqun qurulmasının mümkünlüyünü qeyd edib. “Çünki Allah birdir və insanların imanla yaşaması dünyada sülhü bərqərar edəcək”, - deyə dini xadim vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışına Azərbaycanın müxtəlif dini və milli mənsubiyyətə malik insanların birgəyaşayışı baxımından zəngin tarixi təcrübəyə malik olmasını nəzərə çatdırıb. O, Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulduğunu vurğulayaraq burada milli və dini tolerantlıq, multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyini deyib.

Şeyxülislam çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib: “Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarımızda dinc əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasəti aparılmaqla yanaşı, işğal olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqlarımız məhv edilib. Buna rəğmən, bu gün paytaxt Bakının mərkəzində erməni kilsəsi təmir olunaraq dini mədəniyyət abidəsi kimi fəaliyyət göstərir. Dini lider olaraq, münaqişənin sülh yolu ilə həlli, dinlərarası toqquşma müstəvisinə keçməməsi üçün Rus, Gürcü, Pravoslav kilsələri, Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Ermənistanın dini liderləri ilə dəfələrlə bir araya gəlmişəm. Təəssüf edirəm ki, problem indiyədək həllini tapmayıb”, - deyə bütün Qafqazın şeyxi diqqətə çatdırıb. O, sülhə gedən yolun elmdən və mənəvi tərbiyədən keçdiyini deyib.

Mursiya-Kartaxena Yeparxiyasının yepiskopu Xose Manuel Lorka bildirib ki, Azərbaycan müxtəlif dinlərin bir arada yaşadığı ölkə olaraq İspaniyaya örnəkdir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında əsas diqqəti dünyada dini və etnik zəmində gedən müharibələrə çəkib. O deyib ki, qloballaşma sürətləndikcə dünyada tolerantlıq prinsipləri güclənmək əvəzinə zəifləyir. Bunun təkcə müsəlman dünyasında baş vermədiyini deyən komitə sədri dünyanın dini və etnik coğrafiyasını ciddi şəkildə yenidən şəkilləndirən miqrasiya proseslərinin hətta tolerantlığın yüksək səviyyədə olduğu Avropa ölkələrində də ksenofobiya, islamofobiya meyillərini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb. Bu problemlərin həlli yolları, heç şübhəsiz, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsidir.

Mursiya Katolik Universitetinin rektoru Xose Luis Mendoza sülh naminə keçirilmiş bu görüş üçün bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirib, bugünkü tədbiri tarixi hadisə adlandırıb. O, dinlərin insanlara yaxşını pisdən ayırmağa xidmət etdiyini bildirib, onların qadın-kişiyə, irqə, milli mənsubiyyətə bölünmədən sülh içində yaşamasını təşviq etdiyini deyib, bunun üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxışında dünyada sülhün bərqərar olmasında təhsilin və gənclərin rolunu vurğulayıb. O, güclü dövlətin təməlində möhkəm təhsil ənənələrinin durduğunu deyib, həmçinin iki universitet arasında bu gün bağlanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.

Akademik görüşdə iştirak edən müəllim və tələbə heyətinə Bakı Dövlət Universiteti barədə məlumat verib. Bildirilib ki, dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən Bakı Dövlət Universiteti İspaniya universitetləri ilə əlaqələrin möhkəmlənməsində maraqlıdır.

Konfransda Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri də çıxış edərək ölkədə onlar üçün yaradılmış bərabər hüquqlardan danışıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, müxtəlif etiqadları olan insanlar nəinki eyni ölkədə yaşayır, onlar ailə qurur, respublikada məsul vəzifələrdə çalışır, sosial həyatda fəal iştirak edirlər.

Tədbir çərçivəsində Roma papalarının Azərbaycana səfərini əks etdirən film nümayiş olunub.

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov mursiyalı həmkarına xatirə hədiyyələri təqdim edib.

Sonda bir qrup tədbir iştirakçısı xüsusi mükafatlarla təltif olunub.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Mursiya