Los-Ancelesdə Azərbaycanın tolerantlıq ənənələri təqdir olunub

ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan, Los-Ancelesdə fəaliyyət göstərən Bet Ceykob sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə dair tədbir keçirilib. Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev mühazirə ilə çıxış edib.

Sinaqoqun baş ravvini Kalman Topp baş konsulluq ilə əlaqələrin qurulmasından məmnun olduqlarını bildirərək Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayıb. O, dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan antisemitizm fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, tam dini etiqad azadlığından yararlana bilmələrinin təqdirəlayiq olduğunu qeyd edib, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürlərini çatdırıb.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın tarixi, müstəqilliyinin bərpasından sonra keçdiyi sürətli inkişaf yolu, sosial-iqtisadi tərəqqisi, uğurlu xarici siyasəti, multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verib.

Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını qeyd edən diplomat xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib.

Multikulturalizmin bir dövlət siyasəti kimi əsasının hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən diplomat bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini söyləyib. O, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb. Baş konsul 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək bunun Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.


Yusif Babanlı
Los-Anceles 
AZƏRTAC