“Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva ekran əsərinin maarifləndirmə baxımından önəmini bildirib. O, “Şəhadət” sənədli filminin nümayişinin gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında İslam dininin sülh, əmin-amanlıq dini olduğunu bildirərək qeyd edib ki, dinimizin dini radikalizm və ekstremizm kimi hallara alət olunması yolverilməzdir. Avropada islamofobiya meyillərinin genişlənməsinin və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən sədr müavini vurğulayıb ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün eyni şərait və bərabər münasibət yaradır.

Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqlarının yaradıldığını diqqətə çatdıran S.Heydərov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan etməsi ilə bütün dünyaya həmrəylik mesajı verdi.

Respublikamızda dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan sədr müavini bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, eləcə də radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Natiq Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” “Şəhadət” sənədli filmlərinin radikalizmə qarşı mübarizədə önəmli rola malik olduğunu xüsusilə vurğulayıb və hazırda DQİDK-nın sifarişi ilə “Vəhdət” adlı filmin hazırlandığını qeyd edib.

DQİDK-nın sədr müavini gənclərin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, Əməkdar Artist, universitetin dosenti Məmmədsəfa Qasımov və başqaları sənədli filmin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC